Azərbaycan dənizdə külək elektrik stansiyasının hesabına qaza qənaət edəcək. Xəzər dənizi akvatoriyasında estakadalar üzərində külək elektrik stansiyasının tikintisi ildə təqribən 200 min kubmetr qaza qənaət etməyə imkan verəcək.
Bu barədə Teleqraf.com-a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
Agentlik rəhbərinin sözlərinə görə, bu layihə “Neft Daşları” kimi dünyada birinci olacaq: “Biz əvvəllər estakadalardan istifadə etmədən suda elektrik stansiyası tikməyi düşünürdük. Ancaq bu halda layihənin dəyəri bir milyard manatdan yuxarı olardı. Elektrik stansiyasının estakadalar üzərində tikilməsi təxminən 500-550 milyon manata qənaətə imkan verəcək. Layihəyə bir neçə Çin şirkəti cəlb edilib”.
Dünyada enerji böhranı yaşandığı, neftin ucuzlaşdığı, təbii enerji vasitələrinin tükəndiyi vaxtda alternativ enerji mənbələrindən istifadə məsələsi gündəmə gəlir. Günəş, külək, bioyanacaq, hidrogen, alternativ hidroenergetika, geotermal energetika alternativ energetikanın müxtəlif istiqamətləri sayılır.
Azərbaycan da alternativ energetikanın inkişafı istiqamətində son illərdə müəyyən addımlar atıb. Ən əsası 2012-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. O, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus şirkətdir.
Son illər günəş və külək energetikasının inkişafı üzrə ölkədə müəyyən işlər görülür, avadanlıqlar quraşdırılır. Amma sahənin problemləri də az deyil. Ekspertlər nəticənin qənaətbəxş olmadığını deyirlər.
İqtisadçı-ekspert İlham Şabanın fikrincə, Azərbaycan hökuməti 2020-ci ilədək alternativ enerjinin payını ölkənin ümumi enerji balansında 20 faizədək yüksəldəcəyini bəyan edib. Amma bu gedişlə bu nəticəni əldə etmək asan görünmür: “Rəsmi rəqəmlərə görə, elektrik stansiyaları 2015-ci ildə 22,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. Bunun cəmi 5,1 milyon kilovat/saatı külək və günəşdən alınan enerjinin payına düşür. Azərbaycan hökuməti isə 2020-ci ilədək alternativ enerjinin payını ölkənin ümumi enerji balansında 20 faizədək yüksəldəcəyini bəyan etmişdi. Real göstəricilərlə bu nəticəni əldə etmək inandırıcı görünmür”.
Ekspert deyir ki, bu sahəyə investisiya qoyulsa da, nəticə istənilən səviyyədə deyil: “Məsələn, Amerikada 2015-ci ilin noyabrında açıqlanan nəticəyə görə, küləkdən alınan enerji elektrik stansiyalarından alınan enerji ilə bərabərdir. Türkiyədə Qarsdan İstanbula qədər məişət səviyyəsində günəş panellərindən istifadə kütləviləşib. Həmin günəş panelləri hava enerjisini istiliyə çevirir, 50-50 dərəcəyədək suyu isidir. Qiyməti 400-500 dollar civarındadır. Biz də bundan istifadə etsək, qaza, elektrik enerjisinə olan tələbatımız 15-20 faiz azalar.
Üzü Şamaxıya, Qubaya gedəndə yollarda təkcə mənim saydığım 120-ə yaxın külək qurğusu var. Bunların fəaliyyətsizliyinə rəğmən, dənizdə də quraşdırmaq istəyirlər. Bəzi dövlət qurumlarının ərazisində də quraşdırılıb, amma həmin günəş panellərini toz basıb. O qurğuların enerji əmsalını hesablayan belə yoxdur”.
Naibə QURBANOVA