25 Aprel 2016 15:39
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir.

Bununla bağlı, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib.

Teelqraf.com-un məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını deyib, son zamanlar imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında “Sahibkarlar Günü”nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb.

Nazir deyib ki, səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlər, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80 faizi, məşğulluqda isə 74 faizi ötüb.

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılmış islahatlar və qəbul edilmiş qanunvericilik aktlarının önəmini vurğulayıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında aqrar sahədə sahibkarlığın inkişafından danışıb, Azərbaycan dövlətinin daim, xüsusilə də yeni iqtisadi şəraitdə sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarların işinin asanlaşması üçün gömrük sahəsində son zamanlar aparılan islahatlardan danışmışdır.

Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov isə sahibkarlığın inkişafı istiqamətində son zamanlar həyata keçirilən tədbirlər barədə məlumat verib.

Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat vermiş, özəl bölmənin daha da inkişaf etdirilməsinə dair təkliflər səsləndirib.

Konfransda çıxış edən sahibkarlar - “Azersun Holdinq” MMC-nin prezidenti Abdulbari Goozal, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, “Karat Holdinq” MMC-nin direktoru Taleh Qasımov, “NEON” firmasının baş direktoru Arif Həsənov, “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov və digər sahibkarlar, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, ATİB-in, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirmiş, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, “Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra özəl bölmənin inkişafı perspektivləri ilə bağlı müzakirələr aparılıb. Tədbirin sonunda ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər