27 Aprel 2016 12:19
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

İri ticarət şəbəkələri (supermarket) sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürməsi mövzusu hələ də gündəmdədir.

Məsələ ilə bağlı “Rahat Market” şəbəkəsinin rəhbəri Cəlal Babakişiyev bildirib ki, pərakəndə ticarət şəbəkələri əhaliyə məhsul satır və bu əməliyyatlar zamanı büdcəyə müəyyən ƏDV ödəməlidirlər: “Biz supermarketlər bu halda vergi agenti olaraq çıxış edirik. Həmin toplanmış (məhsulun son qiyməti) vergini dövlət büdcəsinə ödəyirik. Yəni biz bu zəncirin - istehsalçı, idxal, məhsul alış-satışı, vergi ödəyənlər və vergi ödəməyənlərin hamısının əvəzinə bu işi görürük. Hazırda biz - pərakəndə, xüsusilə ərzaq məhsullarının satışı üzrə ixtisaslaşanlar nə ilə qarşılaşmışıq?

Vergitutma ilə bağlı mağazaların bütün məhsul dövriyyəsi 18%-lik ƏDV-yə daxildir. Lakin malların əhəmiyyətli payına görə (30%-dən çox məhsul dövriyyəsi) pərakəndə satışların təchizatçılarını ƏDV-nin hesabına qəbul etmək imkanları yoxdur. Çünki onlar ƏDV ödəyiciləri hesab olunmurlar.

Burada yerli kənd təsərrüfatı məhsullarını istehsal edənlər sahibkarlardır ki, ƏDV ödəyiciləri hesab olunmur. Həmin təchizatçılar məhsullarının ilkin buraxılış qiymətini aşağı salmırlar, bu da məhsula ƏDV tətbiq etməyə imkan vermir. Nəticədə pərakəndə ərzaq satışı mağazaları ya piştaxtalardakı məhsulların üçdə birinə 18% tətbiq etməli, ya da bu adda olan çeşidlərdən imtina etməli olurlar”.

Teleqraf.com-un məlumatına görə, “Vergilər” qəzetinə açıqlama verən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib ki, Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20%-dir və müqayisədə Azərbaycandakı 18% yüksək dərəcə deyil: “Vergilər Nazirliyi pərakəndə ticarətdə ƏDV ilə bağlı differensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının tərəfdarıdır.

Bu, həm ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına, həm də ticarət və xidmət obyektlərinin dövriyyəsinin tam şəffaflaşmasına stimul yarada bilər. Ona görə də ortaya çıxan bütün məsələlərə kompleks şəkildə yanaşılmalı, elə qərarlar qəbul edilməlidir ki, bu, həm dövlət büdcəsinin gəlirlərinin azalması ilə nəticələnməsin, həm də sahibkarlara dolayı yollarla problem yaradan maneələri aradan qaldırmaqla onların normal fəaliyyəti təmin olunsun”.

Naibə QURBANOVA


Müəllif: