29 Aprel 2016 15:56
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Sumqayıt Kimya Sənaye Parkında icra edilən layihələrə dair tədbir keçirilib, SKSP-nin yeni rezidenti təqdim edilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, eləcə də metallurgiya, kimya, gəmiqayırma, tikinti, bərk məişət tullantılarının idarə edilməsi və s. sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın gücləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir. Sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Mingəçevirdə Sənaye Parkının təşkili istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsinin tikintisi isə başa çatmaq üzrədir və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionların sənaye potensialından istifadənin genişləndirilməsi məqsədilə digər rayonlarda sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılan və Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 7 rezidenti var. Parkda rezidentlərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Sənaye parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar davam etdirilir və yaxın zamanlarda daha bir neçə şirkətə rezident statusunun verilməsi nəzərdə tutulur. Belə ki, artıq əczaçılıq məhsullarının, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildiriblər.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında elmi ideyaların sənayeyə tətbiqinin və elmi-tədqiqat institutları ilə istehsal müəssisələri arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətindən danışıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər