4 May 2016 18:23
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda turizm fondlarının yaradılması regionlarda irihəcmli infrastruktur layihələrinin icrasında sahibkarlara kömək olacaq.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, regionlarda bütün seqmentlərdə iri infrastrukturların yaradılması, turizm məhsulunun formalaşdırılması istiqamətində aparılan işlərin dövlət, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənməsi üçün belə fondlara ehtiyac var.

O, bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi turizm sahəsində nəzərdə tutulan məsələlərin həllinə nail olmağa kifayət etmir: “Ona görə də turizm fondlarının və daha çevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır”.

Qeyd edək ki, “Turizm haqqında” yeni qanun layihəsinə turizm fondlarının yaradılması məsələsi daxil edilib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, turizm fondları dövlət tərəfindən maliyyələşdirilə bilər: “Eyni zamanda turizm şirkətləri də fond yarada bilərlər. Onlar turizm fonduna aylıq və yaxud illik cüzi məbləğ ödəməklə turizmin inkişafına böyük dəstək olarlar.

Fikrimcə, fondun yaradılması müsbət haldır və bu işdə hotellər yaxından iştirak etməlidir. Digər tərəfdən fondun yaradılması nəticəsində turizm şirkətləri turistləri sığortalaya biləcəklər. Turistimizin xarici ölkədə problem yaşamayacaq”.

Müzəffər Ağakərimovun sözlərinə görə, turizm fondunun yaradılması həm də turizmin təbliğinə və inkişafına da dəstəkdir: “Əsas fondu düzgün istiqamətləndirməkdir. Fikrimcə, bu, həm də turizm ədəbiyyatının inkişafı üçün çox vacibdir. Çünki bir çox müəlliflərin kitabları çap etdirmək imkanı olmur. Fond vasitəsilə turizmə aid yeni ədəbiyyatların çapı gerçəkləşəcək”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər