5 May 2016 15:14
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz edib. Bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxıb.

Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Bəs görəsən, bundan sonra hamı belə kreditlərdən yararlana biləcəkmi?

İqtisadçı Samir Əliyev hər kəsin bu kreditlərdən yararlana bilməyəcəyini deyir. Onun sözlərinə görə, yalnız xarici valyutada gəlirləri olan şəxslər və banklarda xarici valyutalarda əmanətləri olan şəxslər kredit ala biləcəklər:

“Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85 faizinin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar.

Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər”.

Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsini qadağan edib.

Samir Əliyevin sözlərinə görə, palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirir: “Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq.

Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər