17 May 2016 15:23
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəyə yatırılan investisiyaların 80 faizdən çoxunu təmsil edən, 280-dən artıq üzvü olan Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) 20 ildir fəaliyyət göstərir.

Teleqraf.com palatanın fəaliyyəti, ötən müddət ərzində görülən işlər və gələcək fəaliyyəti barədə “AmCham”- Azərbaycanın icraçı direktoru Natəvan Məmmədova müsahibəni təqdim edir.

- Palatanın əsas fəaliyyəti ölkədəki biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətlə özəl sektor arasında körpü rolunu oynamaqdır. Biz müxtəlif formatlarda palatamıza üzv şirkətlərin üzləşdiyi problemləri və onların mümkün həlli yollarını, bizneslərin hökumətdən gözləntilərini müvafiq dövlət orqanlarına çatdıraraq, davamlı dialoqu təmin etməyə və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının rəqabətliliyinin gücləndirilməsinə, xarici iqtisadi şoklara davamlılığını artırmağa və ölkəyə daha çox birbaşa xarici investisiya cəlb etməyə çalışırıq.

- “AmCham”ın Amerika-Azərbaycan ticarət-iqtisadi əlaqələrində rolu nədən ibarətdir? Çatışmazlıqlar barədə nə deyərsiz?

- Azərbaycana investisiya yatırmaq istəyən və yaxud hansısa bir biznes qurmaq istəyən xarici şirkətlərin böyük əksəriyyəti ölkə haqqında, biznes mühiti və potensial imkanlar barədə məlumat almaq üçün bizə müraciət edirlər. Biz də hər bir potensial investor və yaxud sahibkara ölkənin müqayisəli üstünlüklərini, inkişaf istiqamətlərini göstərməyə və yerli partnyor tapmağa kömək edirik.

Biz hazırda daha çox xaricdən Azərbaycana gələn biznes qruplarını qəbul edib onların üzvlərimizlə görüşünü təmin edirik. Misal üçün, ötən ilin noyabr ayında Amerikanın 15 böyük şirkətinin Azərbaycana səfərini və bizim üzvlərimiz ilə B2B görüşlərini təşkil etdik və çox uğurlu oldu. Hesab edirəm ki, palata artıq Azərbaycan şirkətlərinin də qrup şəklində Amerika Birləşmiş Ştatlarına və digər ölkələrə biznes səfərlərini təşkil etməlidir.

Bildiyiniz kimi, Amerika Ticarət Palataları demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur və bizim çox güclü şəbəkəmiz var. Biz bu imkanlardan istifadə edərək, şirkətlərimizi qlobal bazarlara çıxarmalı, Azərbaycan brendlərinin xaricdə tanınmasına səy göstərməliyik. Hazırda palata olaraq bu imkanları araşdırırıq.

-Azərbaycanın post-neft dövrünə hazırlıqları barədə fikirləriniz maraqlıdır və bu istiqamətdə palatanın töhfələri nə ola bilər?

-Biz ölkədə aparılan iqtisadi islahatları yaxından izləyirik və ölkə rəhbərliyinin yeni iqtisadi modelin qurulması istiqamətindəki səyləri bizdə böyük məmnunluq hissi doğurur. Ölkədə özəl sektorun artan rolu, kiçik və orta sahibkarlığın inkişafının önəmi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflığın artırılması ölkənin yeni çağırışlara hazır olduğunu göstərir.

Biz komitələrimizdə təklif olunan qanunları və dəyişiklikləri müzakirəyə çıxarır, ehtiyac duyulduğu halda rəy formalaşdırıb hökumətə təqdim edirik. Cari ilin mart ayında biz “AmCham-ın iqtisadi islahatlara dəstəyi” mövzusunda dəyirmi masa keçirmişik. 200-ə yaxın şirkət nümayəndəsinin iştirak etdiyi tədbirdə Prezidentin İqtisadi İslahatlar üzrə köməkçisi Natiq Əmirova biznesləri narahat edən məsələləri çatdırdıq.

Eyni zamanda, Əmirov iştirakçıları ölkədə aparılan islahatlar barədə ətraflı məlumatlandırdı və çoxsaylı sualları cavablandırdı. Bundan əlavə, biz iki ildə bir dəfə biznes və investisiya mühitinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələrimizi “Ağ sənəd” adlandırdığımız təkliflər toplusu formasında hazırlayıb Prezidentə təqdim edirik.

Hazırda sözügedən sənədi yekunlaşdırmaq üzrəyik. Həmin sənəddə bizim bu günə olan rəy və təkliflərimiz əks olunub.

-Aprelin 12-də Prezident İlham Əliyev təmsil etdiyiniz qurumla görüşdə də neft və qazdan asılılığı azaltmağı, həmçinin idxaldan asılılığın zəiflədilməsini prioritetlərdən biri kimi qeyd edib. Bundan əlavə, ixrac təmayüllü istehsalın hazırda əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə sizin hansısa təklif və ya layihələriniz olacaqmı?

- Bizim bütün tədbirlər ölkə rəhbərliyinin strateji hədəfləri və biznesin maraqlarından irəli gələrək təşkil olunur. Biz keçirilən hər bir tədbirdə müvafiq dövlət orqanları nümayəndələrinin iştirakını çox önəmli hesab edirik. Bütün tədbirlərdə üzv şirkətlərin nümayəndələri dövlət qurumlarının aparıcı şəxslərinə birbaşa fikir söyləmək və ya sual vermək imkanına malikdirlər. Son altı ayda keçirilən tədbirlərin siyahısına nəzər yetirilərsə, tədbirlərin həqiqətən də ölkənin iqtisadi gündəliyində prioritet olan məsələlərə həsr olunduğunu görmək olar.

Biz ötən aylar ərizndə “Qeyri-neft sektorunda ixracatın stimullaşdırılması”, “Vergi sistemində şəffaflıq və əməletmə”, “Gömrük sistemində inkişaf və perspektivlər”, “Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq” mövzularında konfranslar keçirmiş və orada müzakirə olunan məsələləri, o müzakirələrdən irəli gələn təklifləri formalaşdırıb hökumətə təqdim etmişik.

Hazırda biz kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı araşdırmalar aparırıq və yaxın zamanlarda bu mövzuda tədbir keçirilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən İKT sahəsində də əhəmiyyətli təkliflərimiz var və bu ilin payızında ənənəvi İKT konfransımızı keçirməyi planlaşdırırıq.

- Bir ildən artıqdır ki, “AmCham”ın icraçı direktorusunuz. Məqsədlərə nail olmaq üçün bir il az müddət olsa da, ilk addımlar üçün yetərlidir. Ötən müddət ərzində nəyə nail olmusunuz?

- İnsanın öz fəaliyyətinə qiymət verməsi həmişə çətindir. Mən xasiyyətcə perfeksionistəm, buna görə mənə daha çətindir. Prezidentin “AmCham”-ın Direktorlar Şurası və bəzi üzvləri ilə bu formatda görüşünün mənim fəaliyyətim dövrünə təsadüf etməsi karyeramın ən vacib məqamlarından biridir. Bu görüşün özünün önəmi, möhtərəm Prezidentin aparılan islahatlara dair fikirlərinin birbaşa biznes nümayəndələrinə çatdırılması olduqca vacibdir.

Hesab edirəm ki, bu, özəl sektorla hökumət arasındakı partnyorluğun yeni, daha yüksək səviyyəsidir. Eyni zamanda son bir ildə keçirdiyimiz tədbirlərin sayı və aktuallığı, yazdığımız sənədlərin uğurlu olması və üzvlərimizin məmnunluğu müəyyən nailiyyətlərin göstəricisidir.

- “AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyası hesab olunur. Fəaliyyətinizin ən uğurlu götərisicisi olaraq nəyi və ya nələri qeyd edərdiniz?

- Bügün istər Vergi, istər Miqrasiya Məcəlləsində və ya digər növ qanunvericilik aktlarında palatamızın verdiyi təkliflər öz əksini tapıb. Ən son nailiyyətlərimizdən biri də “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsinə, xüsusilə “məcburi yığım” tələbinə dair təklif olunan dəyişikliklərin palatamız tərəfindən çevik şəkildə müzakirə olunaraq, bu barədə rəylərimizin ölkə rəhbərinə ünvanladığımız məktubda çatdırılmasıdır ki, nəticədə cənab Prezident sözügedən qanun layihəsini imzalamadan Milli Məclisə geri qaytardı.

- “AmCham”ın yaranmasının 20 illiyi münasibətilə profilində hər hansı dəyişikliklər və yeniliklər nəzərdə tutulurmu?

- Dinamik, maraqlı və çağırışlarla dolu bir dövrdə yaşayırıq. Əlbəttə, palatamız da yeni reallıqlara adaptasiya olunur, yeni layihə və xidmətlər üzərində çalışır. Özəl sektor gücləndikcə tələbləri də artır və artmaqda davam edəcək.

- Xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edən bir qurumun fəaliyyətinə ölkədəki maliyyə böhranı və devalvasiyanın təsirini hansı səviyyədə olub?

- Palata üzvlərdən ibarətdir. Ölkədə yaşanan proseslərin üzvlərimizə təsiri hamı kimi bizdən də yan keçməyib. Bir tərəfdən üzvlərimizin bəzi xidmətlərimizə, misal üçün əmək haqqı sorğusu, post-devalvasiya dövründə şirkətlərin davranışı və inflyasiya hesabatlarına tələb artıb, digər tərəfdən də bəzi üzvlərimizdə yaranmış maliyyə sıxıntılarına görə müəyyən kompromislərə getməli oluruq.
Sevindirici haldır ki, palatamıza üzvlüyə müraciət edən şirkətlərin sayı artır. Bu o deməkdir ki, biz işimizi düzgün qurmuşuq və sahibkarlar onların hökumətlə dialoqda vahid mövqeyin vacibliyini daha yaxşı anlayırlar.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər