18 May 2016 18:17
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dollar civarında olması bir çox məsələləri gündəmə gətirir. Hətta 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması çağırışları da eşidilməyə başlanıb.

Bəlli olduğu kimi, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması deməkdir ki, bu da büdcəyə yenidən baxılmasını aktuallaşdırır.

Mövzunu Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov şərh edib: “Bir müddət əvvəl neftin qiymətinin 30 dollara qədər yaxınlaşması hökuməti təşvişə saldı və büdcəyə təcili dəyişiklik edildi, neftin qiyməti 50 dollardan 25 dollara endirildi.

Qeyd edim ki, neftin qiymətinin dünya bazarında gedən proseslə bağlı olaraq döşəmə həddi 40 dollardır və ondan aşağı düşər, amma uzun müddət 40 dollardan aşağı həddə qala bilməzdi. Bunun müxtəlif səbəbləri var, biri də dünyada neftə olan tələbatdır.

Dünyada ABŞ dollarının möhkəmlənməsi tendensiyasının dayanması, o cümlədən Çin iqtisadiyyatında istehlakın artması, Avropa iqtisadiyyatının cüzi də olsa durğunluqdan çıxması neftin qiymətini bu günlərdə 50 dollar həddinə çatmasının əsas səbəblərindəndir”.

Ekspertin fikrincə, bu, o demək deyil ki, qiymət artımı olan kimi hökumət büdcəyə əl gəzdirməlidir: “Nəzərə alaq ki, bazarda vəziyyət stabil deyil və neftin qiyməti ilə bağlı konkret proqnoz vermək çətindir. Digər tərəfdən, uzun müddət neftin qiymətinin aşağı düşməsi nəticəsində hökumət xeyli itkilər verib. Neft Fondunun aktivləri zəifləyib, Mərkəzi Bankın valyuta ehtiyatları azalıb.

İndiki halda neftin qiymətinin yüksəlməsi itirilmiş rezervlərinin bərpası üçün şans yaradır.
Yəni dövlət büdcəsində qiymətin aşağı səviyyədə qalması itirilmiş rezervlərin bərpasına fürsət verəcək”.

Naibə QURBANOVA


Müəllif: