27 May 2016 14:47
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhsuldar torpaqları, bol-bərəkətli tarlaları olan Muğanda iqtisadiyyatın əksər sahələrinin inkişafı üçün əlverişli zəmin mövcuddur

Bu barədə çoxdan yazmaq istəyirdim. Amma həm imkan tapa bilmirdim, həm də heç zaman aktuallığını itirməyən mövzu olduğundan yubanmağıma haqq qazandırırdım. Azərbaycan Mətbuat Şurası və Saatlı Rayon İcra Hakimiyyətinin birlikdə elan etdiyi müsabiqə məni bu yazını yazmağa həvəsləndirdi.
Gerçəkləri deməkdən heç zaman çəkinmək lazım deyil. Odur ki, möhtərəm oxucuyla açıq danışmaq qərarındayam.

Azərbaycanda hətta cəmiyyətin ziyalı deyib hörmətlə yanaşdığı bir çox insanlar öz aləmlərində Mərkəzi Aranı, Şirvanı, Mil-Muğan bölgəsini bəyənməmək “xəstəliyi”nə mübtəladırlar. Bu insanlar şit bir zarafata da aludədirlər. Xüsusən, yay aylarında bu “zarafat” sosial şəbəkələrdə dəbdə olur. Bəli, təəssüf ki, biz istəsək də, istəməsək də, bu belədir. Yay aylarında bu binəvalar Bakı-Tiflis magistralı ilə hərəkət edir və avtobuslar Mərkəzi Arandan keçərkən qısamüddətli istirahət üçün əyləyir. Asfaltın istisi, üstəlik yol yorğunluğu sərnişinləri təntidir. Sonra birinin üstünə beşini qoyub başlayırlar ki, bəs aranda ilanlar belə mələyirdi, istidən oturmaq mümkün deyildi, filan-fəsman..

.
Əlbəttə, bu düşüncə sahiblərini heç bir vəchlə vətənpərvər adlandırmaq olmaz. Belələri üçün Vətən ancaq durna gözlü, bum-buz bulaqlardan, göy yaylaqlardan, zirvəsi göz qamaşdıran dağlardan, hündür şəlalələrdən, yaraşıqlı göllərdən ibarətdir. Bəs, Vətənin aranı?! Nə üçün Azərbaycanımızın bu hissəsi yeri-gəldi gəlmədi lağlağı obyektinə çevrilir, bu cür aşağılanır? Kim verib onlara bu ixtiyarı?! Halbuki, “ərazi” anlayışı hər bir xalqın özünüifadəsi, təqdimatı və milli düşüncəsi üçün çox vacib elementlərdən biridir. Məgər ölməz şairimiz Səməd Vurğunun (1906-1956) “Azərbaycan” şeirində Muğandan başlayaraq Qarabağadək, Lənkəran, Xəzər dənizi, Bakı, əzəmətli dağlar və ümumiyyətlə, Azərbaycanın aranlı-dağlı bütün guşələri təsvir olunmayıbmı?! Başqa sözlə desək, Azərbaycan ərazisi xalqımızın mənəvi dəyəri deyilmi?! Bu yazı ilə həm də həmin fikri söyləyənlərə cavab verməyə, onlara ölkəmizin aran bölgəsinin əhəmiyyətini izah etməyə çalışaq. Qoy onlar Mehmet Akif Ərsoyun “İstiqlal marşı”nda da yazdığı kimi, basdıqları yerləri “torpaq!” deyərək keçməsinlər, heç olmasa bu torpaqların altında yatan minlərlə şəhidi düşünsünlər, onların ruhundan utansınlar və gələcəkdə başqalarının hisslərinə toxunmasınlar…

Muğanın tarixi

2007-ci ildə nəşr olunmuş iki cildlik “Azərbaycan toponimlərinin ensklopedik lüğəti” kitabının ikinci cildində mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyektdən bəhs olunduğu bildirilir. Qeyd olunur ki, orta əsrlərdə Qəbələ ilə həmsərhəd olub, Girdiman və Göyçay çaylarıının aşağı axarı boyu ərazi Muğaniyyə adlanırdı. Bəzi tədqiqatçılara görə, Muğan vilayəti və düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində (IX-X əsrlər) Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunub. İbn Xordadbeh (IX əsr) Muğan hakimi Şəklə haqqında, Müqəddəsi (X əsr) başdan başa bağ-bağatla əhatə olunmuş bu şəhərin gözəlliyi, əhalisinin hörmətcil və səxavətli olması barədə məlumat veriblər.

Bir fikrə görə, şəhər XIII əsrdə monqol yürüşləri, digər fikrə görə isə XV əsrdə Teymuri sultanı Əbu Səidlər və Ağqoyunlu hökmdarı Uzun Həsənin qoşunları arasında baş vermiş döyüş zamanı dağıdılıb. Qərnati, Zəkəriyyə Qəzvini və başqaları ümumiyyətlə, Muğan ölkəsi, onun geniş ərazidə yerləşməsi, iqliminin Azərbaycanın başqa yerlərinə nisbətən isti, heyvandarlıq üçün yararlı otlaqlara malik olması haqqında məlumat verir, yerli əhalini türkmənlər adlandırırlar. Antikdövr tarixçiləri – Hekatey, Herodot və başqaları da tarixi Mukan ərazisində (indiki Muğan düzü) mik/muk tayfası haqqında məlumat veriblər.

Hazırda Azərbaycanda Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Tədqiqatçılar bu toponimləri muq etonimi ilə əlaqələndirirlər. Ermənistanda Muğan, Gürcüstanda Muğanlı (Muğanlo), Özbəkistanda Muğan, Güney Azərbaycanda Muğan və Muğancuq, Tacikistanda Muğ qalası, Türkiyədə isə Muğancıq kəndləri qeydə alınıb.

Muğanın qədim tarixə malik olmasının izlərini Səməd Vurğunun məşhur “Muğan” poemasından da görmək mümkündür.

Bir vətən eşqilə Mildə, Muğanda
Min bir oba qurub, qışlaq saldınız;
Günəşlər yurdunu zülmət boğanda
At sürüb, ox atıb, qılınc çaldınız!
Bir vətən eşqilə ərlər, ərənlər
Muğan çöllərində çadırlar qurdu.
Torpaqlı damlarda ömür sürənlər
Xosrov ordusunun döşündən vurdu.
O cəllad at çapdi bir vaxt Muğanda,
Talamaq istədi ana yurdumu.
O həris gözləri oynadı qanda,
Qan boğa bilmədi zəfər ordumu...
Tomris o cəlladdan qisas alaraq,
- Hökmdar! Tacından daha keç! - dedi.
Başını bir tuluq qana salaraq,
- Diriykən doymadın, indi iç! - dedi.
Tarix inciməsin, qayıdaq yenə
Muğan səhrasının axşam seyrinə.

Şübhəsiz ki, S.Vurğun poemanın bu hissəsində eramızdan əvvəl 570-520-ci illərdə Massaget hökmdarı olmuş Tomrislə bağlı antik dövrün ən görkəmli tarixçilərindən sayılan Herodotun məşhur “Tarix” kitabında bəhs etdiyi hadisəyə istinad edib. Belə ki, Əhəmənilər dövlətinin başçısı, qaniçənliyi ilə məşhur olan II Kir (eramızdan əvvəl 593-529-cu illər) eramızdan əvvəl 529-cu ilin yayında hazırkı Muğan düzündə türk tayfalarına qarşı ilk ən böyük və ən qanlı döyüşü həyata keçirib. Döyüşdə Kirin özü də öldürülür, onun 29 illik hakimiyyətinə son qoyulur. Tomris şərab tuluğunu insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr edir. Onun başını tuluğun içinə salaraq deyir: “Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından”.

Yeri gəlmişkən, hazırda səslənən bir sıra fikirlərə baxmayaraq S.Vurğunun “Muğan” poeması onun Vətən tarixinə yaxından bələd olmasının və vətənpərvərliyinin parlaq sübutudur. Böyük şair ölkənin dağ ilə aranını, yaşıl meşələri ilə boz çöllərini, sərin bulaqları ilə susuzluqdan cadar-cadar olan torpağı arasında fərq qoymur. Onları eyni yanğı ilə sevdiyini nümayiş etdirir.

Ölkənin sosial-iqtisadi həyatında Muğanın rolu

Bəs, Muğanın ölkənin sosial-iqtisadi həyatında oynadığı rol nədən ibarətdir? Bu sualla müraciət etdiyimiz Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasının professoru, coğrafiya elmləri doktoru, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov bildirib ki, Muğanın respublikanın sosial-iqtisadi həyatında oynadığı rol ayrıca götürülmür, Aran iqtisadi-coğrafi rayonunun daxilində öyrənilir. Ç.İsmayılov bildirib ki, Azərbaycanın mərkəzi, əsasən düzən hissəsində yerləşən Aran iqtisadi rayonu sahəsinə görə respublikanın ən böyük rayonudur.

Rayonun sahəsi 21,15 min kvadrat kilometr, əhalisinin sayı 1910,4 min nəfərdir (respublika ərazisinin 24,4, əhalisinin 20,1 faizi). Müsahibimiz qeyd edib ki, Aran iqtisadi rayonunun tərkibinə 15 inzibati rayon (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab) və 3 şəhər (Şirvan, Mingəçevir və Yevlax) daxildir. Ç.İsmayılov bildirib ki, respublikanın heç bir iqtisadi rayonunun tərkibində bu sayda inzibati rayon mövcud deyil: “Aran iqtisadi rayonunun coğrafi mövqeyi bütövlükdə əlverişli qiymətləndirilir. O, şimaldan Şəki-Zaqatala və Dağlıq Şirvan, şimal-qərbdən Abşeron, şimal-şərqdən Gəncə-Qazax, qərbdən Yuxarı Qarabağ və cənubdan Lənkəran iqtisadi rayonları ilə əhatə olunub.

Eyni zamanda rayon şərqdə Xəzər dənizinə çıxışı olmaqla cənubdan 100 kilometrdən uzun məsafədə İran İslam respublikası ilə həmsərhəddir. Respublikanın mərkəzi hissəsində yerləşməklə ölkənin 6 iqtisadi rayonu ilə birbaşa əlaqəsi var. Rayonun əlverişli iqtisadi-coğrafi mövqeyi və zəngin təbii ehtiyatları onun digər iqtisadi rayonlardan üstünlüyünü müəyyən edir. Belə ki, respublikanın qərb istiqamətinə yönəlmiş iqtisadi əlaqələrinin 90 faizdən çoxu məhz Aran iqtisadi rayonu ilə bağlıdır. Ölkə iqtisadiyyatı üçün vacib olan əsas dəmiryol xətləri, neft və qaz kəmərləri, beynəlxalq əhəmiyyətli magistral avtomobil yolları məhz Aran rayonu ərazisindən keçir. Rayon ərazisində infrastruktur şəbəkəsinin inkişafı burada sosial-iqtisadi irəliləyişlərin təmin edilməsində həlledici rol oynayır”.

“Quruda hasilatın 60 faizi bu bölgənin payına düşür”

Ç.İsmayılov qeyd edib ki, Aran rayonu ərazisində müxtəlif növ təbii ehtiyatlar var. Onun sözlərinə görə, burada yayılmış neft, təbii qaz, yodlu və bromlu mədən suları, müxtəlif tikinti materialları, meşə ehtiyatları, mineral və çay suları təsərrüfat əhəmiyyəti daşıyır. Bu ehtiyatlar əsasən rayonun cənub-şərq hissəsində cəmləşib: “Aran iqtisadi rayonu neft hasilatına görə respublikada önəmli yer tutur. Rayonda 80 ildən çoxdur ki, (əsasən Şirvan, Salyan, Neftçala zonasında) neft və təbii qaz hasil edilir. 25 il bundan əvvəl Azərbaycanda istihsal edilən neftin 16, təbii qazın 15, quruda çıxarılan neftin isə 40 faizi Aran iqtisadi rayonunun payına düşürdü. Quruda neft hasilatı əsasən Muşovdağ, Kürsəngi, Xıllı, Qalmaz, Dirovdağ, Babazənən, və həmçinin Muradxanlı, Mollakənd və Qarabağlı yataqları hesabına əldə edilir.

Eyni zamanda İmişli, Kürdəmir, Zərdab, Saatlı və Ağcabədi inzibati rayonları ərazisində də neft və qaz yataqları istismar edilir. Neftçala rayonuna aid dənizin self zonasında Atəşgah, İnam, Yanan Tava və Muğan-dəniz perspektivli neft-qaz yataqları aşkar edilib. Burada çox sayda istismarda olan neft-qaz yataqlarının yerləşməsi və ildə kifayət qədər – quruda hasilatın təxminən 60 faizi həcmində karbohidrogen xammalının hasili Aran rayonunun respublikada əhəmiyyətinə görə ikinci neftçıxarma rayonu (Abşeron rayonundan sonra) olmasını müəyyən edir”.

“Günəş enerjisi istehsalı rayonun iqtisadi inkişafında əlavə amilə çevrilə bilər”

Ç.İsmayılov bildirib ki, Aran iqtisadi rayonu həm yeraltı, həm də yerüstü yanacaq-enerji mənbələrinə malikdir. O qeyd edib ki, Aran iqtisadi rayonu respublika ərazisində günəş enerjisinin ən çox yayıldığı zonadır: “Burada günəşli günlərin çox olması mövcud enerji resursundan istifadə edilməsi şəraitini yaradır. Burda yayda orta aylıq temperatur 41 C-yə bərəbər olur. Bunu nəzərə alaraq iqtisadi rayonun mərkəzi hissəsində – kənd təsərrüfatı üçün yararsız sahələrdə – günəş enerjisi istehsalı stansiyalarının yaradılması rayonun iqtisadi inkişafında əlavə amilə çevrilə bilər”.

Müsahibimiz, həmçinin qeyd edib ki, iqtisadi rayonun əsas sərvətlərindən biri onun torpaq ehtiyatlarıdır. Onun sözlərinə görə, bu torpaqlardan səmərəli istifadə ölkədə kənd təsərrüfatının davamlı inkişafına zəmin yaradır. Hazırda Azərbaycanın ümumi əkin sahələrinin yarıdan çoxu Aran rayonunun payına düşür: “Bundan əlavə Aran rayonu respublikanın sanki elektoenergetika nüvəsi olmaqla, eyni zamanda müxtəlif emaledici müəssisələrin yaradılmasına zəmin yaradır”.

Mərkəz rəhbəri onu da bildirib ki, Aran iqtisadi rayonu ərazisində milli parklar və dövlət qoruğunun yerləşməsi bir tərəfdən regionun təbii özünəməxsusluğunun qorunmasında, digər tərəfdən potensial turistlərin buraya cəlb edilməsində vacib amilə çevrilə bilər. O qeyd edib ki, Şirvan Milli Parkı, Ağgöl dövlət qoruğu, Xəzər dənizi sahilləri, Kür çayının deltası və digər rekreasiya yerləri yaxın gələcəkdə rayona turist axınının artmasında əsas rol oynayacaq.

Səxavət HƏMİD

Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Müəllif:

Oxşar xəbərlər