20 İyun 2014 17:21
4 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu yaxınlarda rayonlarda oldum və bir daha məlum oldu ki, fermerlər köhnə “NİVA” kombaynlardan daha çox istifadə edirlər. Bu kombaynlar əyilmiş vəziyyətdə olan-yatmış taxılı biçə bilmirlər. Ona görə də bir sıra rayonlarda taxıl yatdığı üçün biçini həyata keçirmək mümkün olmayıb”.

Bu sözləri İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov taxıl biçinində kombayn problemi ilə bağlı Teleqraf.com-a danışarkən bildirib.

Ekspertin sözlərinə görə, hazırda kombaynçılar da yatmış vəziyyətdə olan taxılı biçməkdə maraqlı deyil, çünki bu prosesdə vaxt itkisi yaranır: “Yatmış bitkiləri biçmək zaman alır, kombaynçılar isə saathesabı işlədiklərinə görə, onlara əlavə pul ödəmək fermerə sərf etmir. Çünki fermer yatmış taxıl sahəsindən o qədər də məhsul götürə bilməyəcək ki, əlavə vəsait də xərcləsin”.

Vahid Məhərrəmov onu da bildirdi ki, Azərbaycana bir neçə il əvvəl çəltik biçmək üçün Çindən kombaynlar gətirilib ki, hal-hazırda həmin texnika istifadəsiz qalıb: “Həmin kombaynları bir hektar da olsun çəltik əkməyən rayonlara veriblər. Biz bu faktı ən çox buğda istehsalı ilə məşğul olan Şəki, Yevlax və digər rayonlarda aşkarladıq. Taxıl istehsalçıları iki ildir ki, çəltikbiçən kombaynlardan imtina ediblər. Çünki bu kombaynların hissələri çəltiyə uyğun hazırlandığı üçün buğdanı əzir və bu da məhsulun əmtəə görünüşünü korlayır və fermeri ziyana salır”.

Qeyd edək ki, ötən il Azərbaycana 150-dən çox kombayn gətirlimişdi. Bu kombaynlardan istifadə isə baha qiymətə təklif olunduğuna görə, fermerlər üçün əlverişli deyil.

Vahid Məhərrəmov dedi ki, Azərbaycanda əkin sahələrindən istifadə düzgün həll olunmadığı üçün bu sahədə problemlər mövcuddur: “ Azərbaycanda çalışırlar ki, əkin sahələrini genişləndirmək hesabına, yəni ekstensiv yolla məhsulu artırsınlar. Ötən il bir hektar, bu il iki hektar torpaq sahəsindən eyni ton məhsulu götürməklə, məhsuldarlıq artmaz. Ekstensiv yolla bu sahəni inkişaf etdirmək heç vaxt mümkün olmayıb bu üsulda xərc çox çıxır, gəlir az olur. Çünki ekstensiv yolla daha çox kombayn və digər texnikaya, işçi qüvvəsinə və sairə ehtiyac yaranır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi az sahədə çox məhsuldarlıq əldə etməklə, yəni intensiv yolla ölkənin ərzaq buğdasına, taxıla olan tələbatı ödəyə bilər. Əlbəttə bunun üçün bir sıra işlər görülməlidir, real vəziyyəti nəzərə alan proqram qəbul olunmalıdır və sair. Bu proqramda da görüləcək mövcud olan işlər nəzərə alınmalıdır”.

SEVİL


Müəllif: