6 İyun 2016 16:12
6 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Xəzər hövzəsində ilk dəfə sualtı tikinti işləri apara bilən, innovativ üsulla “Xankəndi” gəmisi inşa olunub. Gəminin layihəsi Azərbaycan mühəndisləri tərəfindən hazırlanıb. Gəminin ərsəyə gətirilmə prosesi, layihənin məqsədi və məramı ilə tanış olmaq üçün Bakı Gəmiqayırma Zavoduna yollandıq.

Qeyd edək ki, zavod Qaradağ rayonu ərazisində, Bakı-Astara magistral yolunun 25-ci kilometrliyində yerləşir.

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC “Şahdəniz 2” qaz yatağının işlənməsi layihəsi üzrə “Xankəndi” adlı böyük sualtı tikinti gəmisinin inşası barədə “BP Exploration” şirkəti ilə müvafiq müqavilə imzalanıb.

Fasiləsiz əmək

Biz zavoda daxil olanda “Xankəndi” gəmisinin ətrafında işçilər çalışırdılar. Zavodun direktor müavini İmanverdi Həsənov gəmi barədə məlumat verdi.

Direktor müavininin sözlərinə görə, Bakı Gəmiqayırma Zavodunun istehsalı olan gəmi bir sıra göstəriciləri ilə tarixə düşüb: “Azərbaycan mühəndislərinin fasiləsiz əməyinin nəticəsi olan gəmidə iş artıq 80 faiz yekunlaşıb. Gəmi bu yaxınlarda Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib. Son tamamlama işləri suda icra olunur.

Bu qurğu bir sıra göstəricilərinə görə tarixdə adını ilklər siyahısına yazdırıb. Xəzər hövzəsində ilk dəfə sualtı tikinti işləri aparılacaq”.

Direktor müavininin sözlərinə görə, gəminin bir hissəsi Sinqapurda tikilib: “Gəmi məxsusi olaraq nəhəng “Şahdəniz Mərhələ 2” işlənmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib. Bundan əvvəl gəminin iki iri gövdə seksiyası təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib. Gövdələrin ölkəmizə gətirilməsi iki ay vaxt aparıb.

Əslində xarici mütəxəssislər bizimlə razılaşmırdılar, gəminin hissələrinin xaricdən gətirilərək Azərbaycanda birləşdirilməsini mümkünsüz hesab edirdilər. Biz də öz növbəmizdə bildirdik ki, mütəxəssislərimizin peşəkarlığı bunun öhdəsindən gələcək. Nəhayət, gəmi gövdələri sudan çıxarılıb qüsursuz şəkildə birləşdirildi”.

“Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır”

Gəmi yalnız Azərbaycanın yox, Xəzər hövzəsi ölkələrinin də gəmiçilik tarixində ilk hesab olunur.

Xəzər dənizində neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun 550 metrədək dərinliyində belə, sualtı quraşdırılma işlərinin dünya standartlarına uyğun icrasına imkan yaradacaq.

Direktor müavinin sözlərinə görə, “Xankəndi” gəmisinin inşası 2017-ci ilin aprel ayında “Şahdəniz Mərhələ 2” layihəsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək tam hazır vəziyyətə gətiriləcək: “O vaxtadək “Xankəndi” tikinti işlərinin başa çatması və istismar sınaqlarının aparılması üçün gəmiqayırma zavodunun yanalma körpüsündə qalacaq. Müqaviləyə əsasən, hazırda tikinti-quraşdırma işləri uğurla həyata keçirilir. Layihənin ümumi dəyəri 378 milyon ABŞ dolları təşkil edir ki, bu da gəminin mühəndislik, dizayn və inşasını əhatə edir.

Gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Gəminin inşası tamamlandıqdan və istismar sınaqları bitdikdən sonra “Xankəndi” Şahdəniz yatağı sahəsinə aparılacaq və orada sualtı quraşdırma işlərinə başlanacaq.”

Çəkisi 22 min ton, uzunluğu 155 metr

İmanverdi Həsənov deyir ki, “Xankəndi” gəmisi 2017-27-ci illər arasında, 11 il ərzində “Şahdəniz 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək: “Qeyd etdiyimiz kimi, 378 milyon dollar dəyərində olan “Xankəndi” gəmisinin uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi var.

600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik-tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 generatorlu iki mühərrik bölməsi olacaq”.

Gəminin ümumi çəkisi 17600 tondur.

Direktor müavini deyir ki, bu, Xəzər dənizi üçün böyük rəqəmdir: “Gəmi işləyən zaman onun çəkisi 22 min ton olacaq. Suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik-ton təşkil edəcək.

Müqavilə bağlananda Xəzər dənizində o gəmini qaldıracaq dok yox idi. Biz zəmanət verdik ki, həmin miqyasda dok yaradacağıq. İndi Bakı Gəmiqayırma Zavodunda hər növ gəmi tikməyə şərait var”.

150 metrlik 4 gəmi tikintisi mümkündür

Gəminin inşasında 1500-dən çox insanın fasiləsiz çalışdığını deyən İmanverdi Həsənovun sözlərinə görə, Bakı Gəmiqayırma Zavodunda 2 min işçinin işləməsi üçün şərait var: “Gəmidə çalışan işçilərdən 30 nəfəri sinqapurludur. Müəssisənin idarə edilməsi məqsədilə xüsusi təlim mərkəzi yaradılıb. Test üsulu ilə seçilən bir qrup gənc mütəxəssis “Keppel” şirkətinin Sinqapurda yerləşən zavodlarında 6-8 ay təlim və peşə hazırlığı kursları keçirlər”.

Direktor müavini əlavə edir ki, Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində əsas rol oynayacaq Bakı Gəmiqayırma Zavodunun tikintisi Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrindən biridir: “Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən gəmilərin tikintisini həyata keçirir. Zavodda eyni zamanda 150 metrlik 4 gəminin tikintisini aparmaq mümkündür”.

Zavodun ümumi ərazisi 62 hektardır. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofis və anbarlar, istehsal və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilib.

İmanverdi Həsənov zavodun ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malik olduğunu da vurğuladı: “İstehsal imkanlarına görə, Xəzər dənizi hövzəsində zavod 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker, dörd təchizat gəmisi tikmək olur. Müəssisədə 50 ton yük dartma gücünə malik ilk yedək gəmisi inşa edilib”.

Zavodun direktor müavini deyir ki, bu il may ayının 1-dən gəmiqayırma gömrük rüsumundan və ƏDV-dən azad olunub: “Bu, müsbət haldır. Gəmiqayırma çoxlu iş yeri açan, az pul qazanan bir yerdir. Çünki burda əl əməyindən istifadə olunur. Gəmini əvvəl satırsan, sonra tikirsən. Məsələn, “Xankəndi” gəmisinin 36 aya tikilməsi üçün müqavilə bağlanıb. Bu ay ərzində bazarda qiymətlər dəyişə bilər. Risklər böyükdür”.


İmanverdi Həsənov deyir ki, gəmi tikintisi ilə bağlı Türkmənistan, Qazaxıstan və İranla əlaqələr yaradılıb: “Onlar gəmi sifarişi versələr, bizim onu yerinə yetirmək qabiliyyətimiz var. Bütün bunlarla yanaşı, Xəzərdə yük və neft daşımalarının aktivliyi artırılmalı, dəmir yolu və Bakı limanın işi sürətləndirilməlidir. Əsas məsələ rəqabətə dözümlü olmaqdır”.

Biz Azərbaycan gəmiçiliyində “ilk” yaradan kollektivə uğurlar arzulayıb “Xankəndi”dən ayrılırıq...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər