6 İyun 2016 18:37
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib. Prosesə başlandığı vaxtdan indiyədək tənzimlənmiş qiymətlərdən fərqli satış hallarına rast gəlinməyib”.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, bunlardan 5741-i apteklərdə təsdiq edilmiş qiymətlərlə satılır: “Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvədədir. Qiymətləri tənzimlənmiş 7075 dərman vasitəsinin hamısı ölkə ərazisində bütün apteklərdə təsdiq edilmiş qiymətlərlə satılır. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir”.

Abbas Əliyev deyib ki, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Naibə QURBANOVA


Müəllif: