Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri süni mayalandırma, bitkiçilik sahəsi, xüsusilə üzümçülüyün inkişaf etdirilməsini əhatə edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycana 112,5 milyon avro həcmində yardım ayrılacaq.
Bu barədə Bakıda keçirilən III Donor Əlaqələndirmə Görüşündə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.
Səfir qeyd edib ki, bu vəsait kənd təsərrüfatı və “yaşıl” inkişafın stimullaşdırılması çərçivəsində Cənubi Qafqazda fəaliyyət göstərən Fransa İnkişaf Agentliyi tərəfindən ayrılacaq. Fransa İnkişaf Agentliyi Asiya İnkişaf Bankı, Dünya Bankı və Avropa İttifaqı ilə əməkdaşlıq edir.
"Kənd təsərrüfatı sahəsi ən ümidverici sahədir. Fransa kənd təsərrüfatı sektorunda, xüsusən də baytarlıq sahəsindəki təcrübəsini Azərbaycana gətirir. Heyvanların sağlamlığı önəmli məsələlərdəndir. Biz Avropa İttifaqının müvafiq yardım alətləri vasitəsilə Azərbaycana kömək edirik. Kənd təsərrüfatı sahəsində Azərbaycanda ixtisaslı kadrların yetişdirilməsində də kömək etməyə hazırıq", - deyə səfir vurğulayıb.