“Bloomberg” agentliyi "ABŞ və bəzi Avropa ölkələrində aparılan rüşvət təhqiqatı Azərbaycanın ən iri mobil rabitə operatorunun ləğvi ilə nəticələnə bilər" adlı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edən İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera neçə vaxtdır üzləşdiyi korrupsiya ittihamlarına görə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycandakı aktivlərini satmağa çalışır.
Lakin ABŞ-da TeliaSonera şirkətinin Özbəkistan və Azərbaycandakı biznesi ilə bağlı aparılan təhqiqat aktivlərin satışına dair danışıqların ləngidir.
Hazırda “Türkcell” və TeliaSonera “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edir.
Məsələ ilə bağlı Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya Teleqraf.com-a açıqlama verib. O bildirib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir: “Bəzi xəbər saytlarında dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom dörd milyon yarım abunəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır”.
Nigar Şıxlinskaya qeyd edib ki, hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil: “İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi. Bundan başqa, bu il iyunun 1-də qüvvəyə minən "Lisenziyalar və icazələr haqqında "Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılmış hesab edilir”.
İlhamə ƏBÜLFƏT