5 Dekabr 2016 21:25
5 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin avqustunda Türkiyədə yaşayan həmyerlimiz, Marmara Universitetinin müəllimi, türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəli məni Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəylə görüşdürmüşdü. İlk görüşdən bir il sonra bu dəfə İstanbula təhsil üçün getdiyim zaman artıq planlı şəkildə hərəkət edəcəkdim. Azərbaycan mühacirlərinin İstanbulda yaşayan övladları, nəvələri, nəticələri, yaxın qohumları ilə söhbət edəcək və bunları millət vəkili Qənirə Paşayevanın təklifi ilə “Varislər” adlı bir kitabda toplayacaqdım.

İlk getdiyimiz ünvan yenə də Tektaş Ağaoğlu oldu.

Dosye: Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda doğulub. 1956-cı ildə Oksford Universitetinin hüquq fakültəsini bitirib. 1956-cı ildən Parisdə rəsm işlərini başlayıb, bir il sonra Ankarada ilk fərdi sərgisini açıb. 1984-cü ildə Sürixdə xanımı Ezel Ağaoğlu ilə birlikdə heykəl sərgisi təşkil edib. 1993-də də Ankarada heykəl sərgisi keçirib. Atası və babası kimi siyasətlə məşğul olub, Türkiyə Sosialist İşçi Partiyasında təmsil olunub. Atası kimi həbsə düşüb. Sol görüşə sahibdir.

***
... Mecidiyeköydə metrobüsdən enib bildiyimiz ünvana doğru yol alırıq. Binaya çatdığımızda “Ezel Ağaoğlu” yazılan düyməni sıxıb qapının açılmasını gözləyirik. İkinci mərtəbəyə qalxdıqca bu dəfə söhbətə haradan başlayacağımı götür-qoy edir, bir tərəfdən də, görəsən, bu evdə Əhməd bəy Ağaoğlu ilə bağlı indiyə qədər üzə çıxmamış materiallar varmı deyə düşünürəm.

... Biz xoş qarşılayır, içəri dəvət edirlər. Dünən gələcəyimizi xəbər verdiyimiz üçün Ezel xanım bizim üçün iki cür şirniyyat hazırlamışdı. Masaya əyləşirik və Ezel xanım Tektaş bəyin əlindən tutaraq digər otaqdan içəri gətirir. Keçən ilə nisbətən Tektaş bəy bir az da yaşlanmış, belindəki ağrıları artmışdı. Tək yeriməkdə çətinlik çəkirdi. Evləndikləri gündən həyat yoldaşına dayaq olan Ezel xanım həm fiziki yardım edir, həm də “sevgilim” deyərək ona yeni ruh bəxş edirdi.

... Yaşından doğan səbəblərə görə Tektaş bəy ani olaraq hansımızın Mehdi olduğumuzu soruşur və söhbətə özü giriş verir: “Bizim Mehdi adında bir qohumumuz vardı. Atamın bibisinin oğlu. Türkiyənin üzgüçülük üzrə çempionu olmuşdu. Feriköydəki məzarının üstündə rəsmi var. Çox dəliqanlı bir adam idi. Heyf ki, gənc yaşda xəstələnib vəfat etdi. Biz o zaman 6-7 yaşda idik”.

... Ezel xanım çay gətirir. Bişirdiyi dadlı şirniyyatlardan önümüzə qoyarkən hələ ötən görüşümüzdə Tektaş bəyə söz verdiyimiz, amma hələ yerinə yetirə bilmədiyimiz bir məsələ yadımıza düşür. Belə ki, ilk görüşümüzdə söhbət əsnasında Tektaş bəy zamanında bibilərinin, yəni Əhməd bəyin qızlarının dovğa bişirməsindən bəhs etmiş, uzun illər keçsə də, dadını unutmadığını qeyd etmişdi. Türkiyədə dovğa olmadığına görə təşkil edəcəyimizi söz vermişdik, lakin hələ də sözümüzü yerinə yetirməmişdik.

Tektaş bəy xatırlayır: “Uşaqlıqdan bəri dovğanı bilirəm. Babamın evi - Sürəyya xanımın da evi sayılırdı ora - Teşvikiyedə Topağacı adlanan yerdə yerləşirdi. O evi 20 il əvvəl yıxdılar, yerinə bina tikdilər. O evdə dovğa tez-tez bişirilərdi və yeyərdik. Bir də noxudlu bozbaş vardı. Qurtuluş savaşı illərində babam Ankarada idi, zəfərdən sonra İstanbula gəlmək istəyir. Burada bir ev kirayə tuturlar. Fəqət ev böyük olsa da, çox köhnə olur. O da Teşvikiyedə idi. Sürəyya bibim deyir ki, “ata, mən sənə bir ev düzəldərəm”. Onun memar dostları vardı. Cümhuriyyətin ilk memarlarını bibim tanıyırdı. Babama bir ev tikir. Çox məşhur olur o ev. Oval formasında salonu vardı, pəncərədən boğaz görünürdü. O salonda sıxlıq yaratmadan 40-50 adam otura bilərdi. Tez-tez mövlud oxunulurdu. Üç bibim vardı: Sürəyya, Tezer, Gültəkin. Hamısı öldü, Allah rəhmət eləsin. Onların da məzarları Feriköydədir”.

Mehdi bəy Tektaş bəyin arxivindən hazırlayacağı kitab (“Əhməd Ağaoğlunun Malta məktubları”) üçün götürdüyü məktublar barədə danışır: “O məktubları oxuduqca ailəni yaxından tanımışıq. Sürəyya xanım məktubunda yazır ki, Gültəkinin əlindən tutdum, üç sətir də ona yazdırdım. Əhməd Ağaoğlunun bir məktubunu da tapdım. 1918-də Batumdan yazır. Deyir ki, xəbərini aldım, bir qızımız olub, Allah bəxtini açıq etsin. Demək ki, Gültəkin doğulanda Əhməd bəy İstanbulda deyilmiş”.

Tektaş bəy bu faktı bilmədiyini deyir.

Mehdi bəy başqa bir maraqlı hadisədən də bəhs edir: “Əhməd Ağaoğlu Maltadan döndükdən sonra Atatürkün çağırışı ilə Ankaraya gedir. Keçiörendə bir ev tikir. Bu ev Ankara Keçiörendə tikilmiş ilk bağ evidir. Orada bir küçəyə mütləq Ağaoğlunun adı verilməlidir”.

“Çox yaxşı olar” – Tektaş bəy razılaşır.

Ötən il “Naşir” jurnalında çap olunan yazımı təqdim edirəm. Jurnalda çıxan yazımı və Tektaş bəylə olan fotomu göstərirəm. Onlara hədiyyə edirəm. Ezel xanım sevgilisi üçün oxuyacağını bildirir.

Tektaş bəydən Qarabağı soruşuram:

- Heç Qarabağı maraq etdinizmi?
- Etdim, əlbəttə, gedə bilmədim heç.
- Biz də gedə bilmirik artıq, nə düşünürsünüz bu barədə?
- Düşünürəm ki, artıq həm Qarabağda, həm də Anadoluda türklərlə ermənilər arasında qarşılıqlı nifrət olmamalıdır. Qarabağa gedə bilməsəm də, Bakıya getmişəm. Sovet İttifaqına da getmişəm. Şoloxovun “Durğun don” kitabını tərcümə etmişdim. Şoloxovun bu kitabı Türkiyədə mənim tərcüməmlə tanınır. Bu kitaba görə dəvət edildim. Tək getdim. Yaşar Kamal mənə demişdi ki, belə bir kitab var, mütləq bunu çevir. Mən təcili kitabı ingiliscədən çevirməyə başladım. Şoloxov Nobeli aldıqdan sonra başqaları da heyət halında kitabı çevirməyə başladılar. Bir kitabı 3-4 hissəyə bölüb tərcüməçilərə verir, yekunda da biri birləşdirməklə məşğul olurdu. Mən onlardan öncə başlasam da, sonra bitirdim. Çünki tək idim. Çox vaxt xərcləyirdim və önəm verirdim. Mənim tərcüməm çox uğurlu oldu. “Ağaoğlu” yayın evindən çap etdik, çox yaxşı satıldı. Çox pul qazandıq, tez bir mətbəə aldıq (gülür). Azərbaycanda da oldum. Anarla Bakını dolaşdıq. Sərin payız günü idi. Yazarlar Birliyinin bir lokantası vardı, ora getdik. Müxtəlif toplantılarda da iştirak etdim.

- Sizin atanızın da təmsil olunduğu hökumət bir çevriliş nəticəsində yıxıldı, hökumət üzvlərinin bəziləri edam, bəziləri həbs edildi. 15 iyulda Türkiyədə çevrilişə cəhd oldu. Nə düşündünüz?
- Fətullahçılar sağlam ayaqqabı deyillər. AKP onlarla müqayisədə yaxşıdır.

- Adətən, atanızın təmsil olunduğu hökumətlə AKP-nin eyni mövqedə olduğunu deyirlər.

- Heç bir əlaqəsi yoxdur. Amerikaya qarşı münasibətdə bəzi məsələlər ola bilər. Amma dərinə gedəndə o da elə deyil.

- Ümumiyyətlə, Sizin fikrinizcə Türkiyədə hansı hökumətin idarəçiliyi xalq üçün ən yaxşı idi?

- Geriyə baxdığımızda xalq üçün ən yaxşı dönəm Cümhuriyyət Xalq Partiyasının ilk illəri idi. Cümhuriyyətin qurulmasının özü xalq üçün çox yaxşı olmuşdu. Laiklik və s. kimi şeylər. Cümhuriyyət hər zaman padşahlıqdan daha doğru bir sistemdir. Cümhuriyyətə fəzilət rejimi deyirlər. İqtisadi mənfəətlər baxımından da ən yaxşı rejim cümhuriyyətdir. Türkiyədə xalq üçün ən yaxşı işləri əski Demokrat Partiya etdi. Onlar da zatən Cümhuriyyətin ilk illərindən bəri iş başında olan adamlar idilər. Cəlal Bayar, Adnan Menderes və s. Fransada 1789 inqilabında kralın başını kəsirlər. Kral XVI Lui çox da qəddar, zalım bir adam deyildi. Ona görə də fransız məclisində böyük müzakirələr oldu ki, belə adamı öldürmək doğrudurmu? Sen Jüst adlı bir gənc qalxıb dedi ki, belə kiçik məsələlərlə vaxt keçirməyək, zamanımızı xərcləməyək. Kral olmaq zatən suçdur. (gülür).

... Siyasətdən aralanıb yenidən Ağaoğlular ailəsinə dönürük. Tektaş bəydən bacısı haqqında məlumat soruşuruq. “Sitarə idi adı. Nənəmin adını vermişdilər. 20 il əvvəl vəfat etdi” deyir.

Mehdi bəy Əhməd Ağaoğlunun Maltadan göndərdiyi məktublardan bəhs edir: “Əhməd Ağaoğlunun xətti yaxşı olmayıb. Oxumaq çətindir. Sürəyya xanımın da xətti elə olub. Sürəyya xanım atasına məktubda yazır ki, bilmirəm, xəttimi oxuya biləcəksənmi? Sən mənə hirslənirsən ki, xəttin pisdir, sanki səninki yaxşıdırmı. Sən mənim atamsan, mən də sənə bənzədim. Səninki yaxşı olsaydı, mənimki də yaxşı olardı. Amma Əli bəy Hüseynzadənin xətti çox əladır. Humayın da xətti gözəldir. Məktublarda Əhməd bəy də bunu yazır”.

Tektaş bəydən mənim üçün qaranlıq olan Humay bibini soruşuram:

- O, Əhməd bəyin doğma bacısı deyil, eləmi?

- Əsl bacısı deyil. Əsl bacısı Bəyaz xanımdır. O, İzmirə yerləşmişdi. Humay və Tovuz əmiqızı və ya xalaqızlarıdır. Amma Humay həmişə Əhməd bəyin yanında olub, ona yardım edib.

Mehdi Gəncəli: “Əli bəy Hüseynzadə 1927-ci ildə Bakıya getdiyi zaman Əhməd Ağaoğlunun qardaşı Hüseynin evinə yollanır. Hüseynin böyük oğlu Baxış Kiyevdə tibb oxuyub. Hüseynin bir qızı da olub. Əli bəy Əhməd bəyə yazdığı məktubda deyir ki, bu hissəni, xüsusilə, Gültəkinə də oxu. Əli bəy yazır ki, Hüseynin qızı piano çalır, rəqs edir. Gültəkin görsün ki, onun əmisi qızı necə də bacarıqlıdır, Mustafa Kamal paşa marşını çala bilir. Maraqlıdır, 1926-cı ilin Bakısında. Əli bəy yazır ki, Bakıda bolşevik-kommunist arxadaşlarla görüşdük, onlarla oturduq, içdik, səni xatırladıq. Onlar sənin şərəfinə qədəh qaldırdılar”.

Tektaş bəy Nəriman Nərimanovun Əhməd bəyə yazdığı məktubdan bəhs edir: “Babam Maltada bir neçə il qaldı. Ondan sonra ingilislər qərar verdilər ki, Maltanı boşaltsınlar. Türk elitasının yarısı, yazarlar, siyasətçilər orada idilər. Babam hələ Maltada olarkən ona Nəriman Nərimanovdan bir məktub gəlir. Yazır ki, biz sizi tanıyırıq, apardığınız mübarizənin heyranıyıq. Çıxacaqsınız, gəlin bizimlə bərabər olun, birlikdə xalqımız üçün çalışaq. Babam da cavab yazır ki, təşəkkür edirəm, fəqət mən ikinci vətənim saydığım Türkiyə Cümhuriyyətinə xidmət etməyi seçirəm”.

Daha sonra Əli bəy Hüseynzadədən danışır:

Davamı olacaq

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər