21 May 2014 10:26
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin sonlarında başlanan azadlıq hərəkatı elm sahəsində çalışan insanları da özünə cəlb etdi. Lakin tarixin sonrakı dönəmində müstəqillik yolunda uğurlu imzası ilə seçilənlər yenidən elmə, öz seçdiyi sahəyə qayıdış etdi.

Belə insanlardan biri də uzun müddət siyasi aktivliyi ilə seçilən, hətta 2002-ci ildən 2006-cı ilə qədər Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olan və hazırda AMEA-nın Coğrafiya İnstitutunda şöbə müdiri kimi elmi fəaliyyətini davam etdirən Ənvər Əliyevdir. Onunla söhbətimiz siyasi fəaliyyətindən tutmuş indiki elmi fəaliyyətini əhatə etdi.

- Ənvər müəllim, çoxdandır görünmürsünüz, haralardasınız?
- Mən harada görünməliyəm? Görünməli bir yer yoxdu ki, orada olam. Qəzetlərdə, saytlarda elmi məsələlərə dair açıqlamalarım, müsahibələrim olur. Hələ ki, siyasi aləmdə durğunluq var və bilinmir ki, necə olacaq.

- Bəs pedaqoji fəaliyyətlə necə, məşğul olursunuz?
- Yox, son illər pedaqoji sahədə işim alınmadı. Pedaqoji fəaliyyətdən imtina etməli oldum. İndi ancaq elmi fəaliyyətlə məşğulam.

- İndiki siyasi mühitdə nəyi müşahidə edirsiniz?
- Hadislər öz axarı ilə, sakitliklə gedir. Belə deyək, təzə qeyri-adi heç nə yoxdur. Əvvəlki kimi siyasi çaxnaşmalar, hay-küylər dövrü gedib, artıq sakitlikdir. Əslində elə bir ciddi dəyişiklik yoxdur. Amma onunla belə siyasi arenada dediyim kimi, sakitlikdir. Niyə, nə üçün sualları mənim üçün də maraqlıdır.

- Azadlıq hərəkatı ilə bağlı yazmış olduğunuz “Meydan sirləri” kitabı birmənalı qarşılanmadı, narazı tərəflər oldu. Bu nə ilə bağlı idi?
- Doğrusu, mən hələ başa düşə bilmirəm ki, o narazılıqlar nədən oldu. Qeyd olunanlar sənədlə, sübutla, istintaq materialları əsasında yazılıb. Burada heç bir əlavələr yoxdur, tam razı şəkildə verdikləri ifadələrdir. O vaxt istintaqdan yalnız və yalnız narazı mən olmuşam. Həmin vaxt içəridən də, çöldən də yazmışam, hətta bütün prezidentlərə müraciət etmişəm ki, istintaq düzgün aparılmayıb və sair və ilaxır. Həmin vaxt heç bir problem olmayıb, amma kitab ortaya çıxandan sonra narazılıqlar oldu. Mən bunu belə başa düşdüm. Amma həmin vaxt eləsi olub ki, rus müstəntiqlərinin tərəfini saxlayıblar, onlar deyənləri “bəli, baş üstə ilə, bərəkəllah”la yerinə yetiriblər. Sonra da çölə çıxanda deyirlər, bu belə deyil, elədir. Təvazökarlıqdan uzaq olsa da, onu deyim ki, içəridə nəyi demişəmsə, azadlıqda da təkrar etmişəm. Amma onların “qulluqları” o oldu ki, bəzi hadisələri saxtalaşdırmaq və sair hadisələrdə ciddi kömək etdilər. Müstəntiqlər də həmişə onlara “molotsı” deyirdi. Hətta deyirdilər, siz çıxandan sonra çox gözəl həyatınız olacaq, hər halda məni deyirdilər, belələrinə də cəmiyyətdə münasibət yaxşı olmayacaq. Qeyri-rəsmi şəkildə onlara mənim üzümə durmağı istəyirdilər. Müstəntiqlər hətta mənim cəzamın çox ağır olacağını, “Sibirlikdir” deyirdilər. Çünki mənə irəli sürülən maddələrdən biri sürgün idi. İndi mən deyə bilmərəm ki, qorxurdular, aldanırdılar. Amma hər halda təhsilli adamlar idilər, qorxuları olmaya bilərdi. Orada olan işləri mən boynuma götürmüşdüm. Bunu deməyə ehtiyac da yox idi, çünki video görüntülər də var idi, dünyanın ən məşhur təşkilatı-Dövlət Təhlükəsizlik Komitəsinin izlədiyi bir şey haqqında yalan danışmaq olmazdı. Bütün bunlar mövcud reallıq idi. Onların məndən inciməyi də maraqlıdır, həmin vaxt xəbərdarlıq etmişdim ki, 37-ci ildəki kimi bunlar sizin üzünüzə oxunacaq, onda peşmançılıq çəkməyəcəksinizmi? Heç mənə tərəf baxmırdılar da. Hətta deyirdilər ki, biz onu tanımırıq, birinci dəfədir görürük.

- Bu insanların adını çəkə bilərsiniz?
- Onların hamısının adı kitabda yer alıb. Çünki mən ad çəkəcəyəm, bu reallıqdan uzaq olacaq. Kitabda onların ifadələri də var.

- Yenidən siyasətə qayıtmaq fikriniz varmı?
- Mən siyasətdən getməmişəm, hansı vəziyyətdə idimsə, orada da qalmışam. Mənə elə gəlir ki, siyasətə gəlməyim elə bir ciddi hay-küy olmayıb ki, gedəndə də hay-küylə gedim. Əslində, siyasət insanın xarakteridir. Çoxları mənə deyir ki, nə müxalifətsən, nə iqtidarsan, sadəcə vicdanlı, əxlaqlı, dövlətin qanunlarına təəssübünə daim sadiq insansan. Bunu mənə bütün tanışlarım deyir. Ölkədə bir eybəcərlik, Vətənə xəyanət olarsa, onlarla mübarizə aparmalıyam. Təbiət üzrə tədqiqatçıyam, mənim üçün bir meyar var, insanın Vətənə məhəbbəti onun yaşadığı yerdən başlayır. Bu dünyanın sosial haqq-ədalət qanunudur. İnsan yaşadığı yerə hansı münasibəti göstərirsə, o, birbaşa Vətənə olan münasibətidir. Ancaq təəssüf edirəm ki, bəzi mahnılar, şeirlər yazanlar özlərini Vətəni sevən kimi göstərirlər. Amma əslində, bizim Vətənimiz övladları onu sevən Vətənə oxşamır. Vətənini sevən övladlar heç vaxt onun haqqında danışmır. Nə avropalı, nə digərindən bunu eşitmək olmaz. Bizdə isə mahnılar qoşurlar, amma Vətənin salamat yeri yoxdur. Sərhədləri darmadağın olmuş bu Vətənimizin nəyi var? Ana dediyimiz Vətən qarşısında hələ çox borcumuz var.

- Müxalifətdə ard-arda qurumlar yarandı, lakin sonradan hamısında parçalanma oldu. Bunun səbəbi nə idi?
- 1988-ci ildə belə şeylər yox idi. Çünki orada adamlar bir -birini tanımırdı, hamı eyni fikirdə idi. Amma rəhmətlik demişkən, çalxalandıqca zaman nehrə kimi yağı yağ üstə yığdı, ayranı da ayranlıq elədi. Hamı bir-birini tanıdı və deyəndə ki, filankəs nəsə yaradıb, o dəqiqə bilirlər ki, o təşkilatın mahiyyəti nədir və kimə qulluq edir. Belə deyək də, iç üzü nədən ibarətdir. Ona görə də bu uzun müddətli tarixi dövr hamının sifətini açıb tökdü. O mənada da insanlar bir-birini tanıdıqca və saxtakarlıq, qeyri-səmimilik hamıya məlum olandan sonra xarakterin dəqiqliyi, üzə çıxması çox şeyi yerbəyer elədi. Artıq hamı bir-birini tanıyır ki, kim kimdir. Ondan sonra da, təbii ki, hərə öz yerində oturdu və indiki münasibət də həmin o tanınmanın nəticəsidir.

- Onda belə çıxır ki, liderlər dəyişməlidir?
- Siyasi arena belədir ki, burada mübarizə aparırlar. Bu güləş, futbol deyil ki, uduzan adam gedib otura yerində. Amma məncə, elə liderlər var ki, onlar artıq öz yerlərini təhvil verməlidir. Təzə gələn liderlər də var ki, onlar yeni bir iş görə bilmirlər. Çünki cəmiyyətdə bir inamsızlıq, durğunluq var. Bir-birinə qarşı qeyri-səmimilik hissindən yaranan inamsızlıq hələ uzun illərdi özünü göstərir. Mənə elə gəlir, müəyyən tarixi dövr lazımdır ki, müəyyən təbəqələr getsin, yeni saf, təmiz, vicdanlı cəmiyyətə uyğun qüvvələr gəlsin. Söhbət qüvvələrdən gedir, indiki zamanda liderlər heç nə edə bilmir. Vətəni minlərlə mahnı ilə yox, əməli ilə sevən bir təbəqə gəlməlidir. Təbii ki, bu qüvvələr öz içərisindən bir lider seçəcək.

- Vətəndaş Həmrəyliyi Partiyası ilə əlaqələriniz varmı?
- Yox, 2002-ci ildə Mərkəzi Seçki Komissiyasına gedəndə ərizəmlə partiyadan uzaqlaşdım. Partiya yarananda da orada olmuşdum, heç onda da ərizə ilə üzv olmamışdım. MSK-da növbəti dəfə seçilmədim. Bundan sonra həm MSK-dakı, həm müxalifətdəki hadisələrdən, həm də özümün praktikamda mənə münasibətdən gördüm ki, bu ölkədə sözdən, bənzətmələrdən, illüziyalardan başqa heç nə yoxdur. Mən sözü ilə əməli 99 faiz üst-üstə düşən insanam. Deyirlər ki, sən hər şeyi son dərəcə çılpaqlığı ilə görmək istəyirsən. Bəli, əslində bu belə olmalıdır. Yalanın “sort”u yoxdur ki, yalan yalandır, düz də düz. Bundan sonra fikirləşdim ki, ən yaxşı partiya elə özüməm, ən yaxşı mübarizəni elə özüm aparıram. Mübarizə aparmaq üçün hər hansı partiyada olmaq vacib deyil. Mən siyasi mübarizədə olmuşam, varam və bundan sonra da olacağam. Çünki bu mənə Allah tərəfindən verilən xarakterdir, xasiyyətdir.

- Sizcə Sabir Rüstəmxanlı sədlik postundan gedəcəkmi?
- Sabir bəy, Azərbaycan tarixində, ədəbiyyatında müəyyən haqqı olan kişilərdəndir, rəhbərlərdən biridir. Onu deyə bilərəm ki, Sabir bəy getsə, partiyanın problemləri olacaq. Yəqin ki, o partiyada onun qədər nüfuzlu şəxs yoxdur. Bu dediklərimin təkcə Sabir Rüstəmxanlıya aidiyyatı yoxdur və bunu ümumilikdə deyirəm. Hər halda bu partiya üzvlərinə aid bir məsələdir. Amma hesab edirəm ki, partiya üzvləri seçim edəndə diqqətli olmalıdırlar.

- İsa Qəmbər necə, başqanlıqdan gedəcək, yoxsa...
- İsa bəyin partiyadan getməsi ilə bağlı uzun müddət söhbətlər olub. Bunu mən də hiss etmişəm. Şəxsən bu məsələ ilə bağlı heç nə deyə bilmərəm, amma partiyadaşlarının fikri belədir ki, İsa bəy sədrlikdən getmək istəyir. Bir məsələni deyim ki, sədr postundan gedirsə və onu heç olmasa, 90 faiz əvəz edən şəxs yoxdursa, deməli, o partiya bihudədir. Belə bir partiya hakimiyyətə gəlsə, necə idarə edəcək. Bir nəfərlə bu boyda hakimiyyəti idarə eləmək mümkün deyil? Ümumilikdə deyə bilərəm ki, əgər partiya bir nəfərin getməsilə dağılarsa, siyasi səhnədən gedərsə, deməli, bu partiya normal qurum olmayıb.

- Elmi fəaliyyətinizdə nə kimi işlər həyata keçirirsiniz?
- Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda ekoloji problemlərlə məşğul olan bir şöbədə fəaliyyət göstərirəm və 40 ildir ki, elmi-tədqiqat işi ilə məşğulam. Təkcə təbiət elmlərində yox, digər sahələrdə də müəyyən axtarışlarım olub, kitablarım işıq üzü görüb, elmi məqalələrim dərc olunub. Elmi fəaliyyətim davam edir, bir şöbəyə rəhbərlik edirəm, doktorantlarım, elmi fəaliyyətlə məşğul olan işçilər var. Çalışırıq ki, elm sahəsində üzərimizə düşən işləri həyata keçirək. Elmlə məşğul olmaq başqa ölkələrdə prestij hesab olunursa, Azərbaycanda möhnətdi, çətin bir işdir. Ölkəmizdə həyatı elmi işlə bağlı olan bir insanın çox böyük problemləri var. Son bir neçə ildə vəziyyət bir balaca düzəlib. Akademiyada olan müsbət dəyişikliklər artıq bizi də ruhlandırır və elmə daha ciddi münasibətlə yanaşırıq.

Bəxtiyar Məmmədli


Müəllif: