Əməkdar artist Səlim Abbasov son günlər sosial şəbəkə istifadəçilərini tənqid edən həmkarlarından danışıb.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında sosial şəbəkədə haqqında tənqidi rəy yazanları bloka atdığını etiraf edib:
"Sosial şəbəkədə mənə də hərdən yazırlar ki, bu necə skripka çalmaqdır? Yaxud da oxumağımı bəyənmirlər. Əgər ifam xoşuna gəlmirsə, niyə sosial şəbəkədə yazırsan? Tənqidi fikirlərini yazdıqdan sonra da cavab yazılmasını istəmirlər. Bəyənmirsən bəyənmə. Axı səndən necə ifaçı olduğumu soruşmadım. Yaxşı yaxud da pis ifaçıyam. Məni hansı ixtiyarla tənqid edirsən? Həmin insanları o dəqiqə bloka atıram. Müğənnilər də düz edirlər. Bir neçə müğənniyə söyüş yazmışdılar. Onlar da həmin insanları tapmışdılar. Düşünürəm ki, düzgün etmişdilər. Axı, sən hansı ixtiyarla atama-anama söyürsən?".
İfaçı əməkdaşımızın "Nadir Qafarzadə onu tənqid edənləri kölə adlandırmışdı" sualını da cavablandırıb: "O özünü saxlaya bilməyib və deyib. Nadir bizim dostumuzdur. Görün, onu hansı dərəcəyə çatdırıblar ki, o sözləri deyib. Nadir də özünə görə sevilən müğənnidir. Sənin o müğənnidən xoşun gəlmirsə, niyə yazırsan?
Məsələn, mən pul ilə sosial şəbəkədə dostlarımın sayını artırmıram, bir çoxları elə edir. Mənim sosial şəbəkədə 30 min dostum var. Statuslarımı ən azı 25 min nəfər görür. Bizim də millətin bəzi nümayəndələri var ki, biri söyüş yazan kimi digəri də yazır.
Yəni ki, loru dil ilə desək "tırka"ya tez gedirlər. Mənim də səhifəmə tənqidi fikirlər yazanda bloka atıram. Kobud şəkildə şöyüş yazmıram. Çünki onun səviyyəsinə düşmək istəmirəm. Əslində müğənnilər düz edirlər. Hansısa insandan xoşun gəlmirsə, nifrətini ürəyində saxla".
Səlim Abbasov yeni mahnılar üzərində işlədiyi də deyib: "Yeni mahnılar üzərində çalışıram. Yaxın günlərdə "Sürət" adlı klipimi təqdim etdim. Klipdə süjet xətti yox idi, amma maraqlı görüntülər var idi. Mənə sual verirlər ki, sürətli maşın sürməyi nəzərdə tutursan? Deyirəm ki, yox. Bu mahnını həyatda çevik olan insanlara həsr etmişəm. Daha çox idmançılarımızı nəzərdə tutub yazmışam. Özüm də cəld insanam. Hazırda hamı Türkiyəyə və yaxud da başqa ölkələrə gedir. Mən istirahət etməmişəm. Yunanıstanda dostum var, deyir ki, nə vaxt gəlirsiniz? İstirahət edən dostlarımıza yaxşı mənada paxıllıq edirəm. Ailə üzvlərimizə söz vermişəm ki, bəlkə sabah sizi rayona apardım. Çünki dediyim kimi yeni mahnılar üzərində işləyirəm".
Rəqsanə