“Kurtlar vadisi”nin “Maskalı adam”ı və uzun müddət Polad Ələmdarın kaskadyoru olan azərbaycanlı Babək Həsənzadə sosial şəbəkədə Rövşən Lənkəranskidən yazıb.
Teleqraf.com xəbər verir ki, Rövşənin cənazə namazında yaxından iştirak edən və hazırda Türkiyədə yaşayan lənkəranlı Babək Həsənzadənin o günlə bağlı yazdıqlarını ixtisarla təqdim edir:
“Dünən İstanbulda baş verənləri ətraflı bilmək istəyənlər üçün yazıram. Səhər xəbəri eşidəndə düşündüm ki, yenə də xəbər saytları oxunma sayını artırmaq üçün belə başlıq yazıblar: “Rövşən Lənkəranski öldürüldü”.
Lənkəranla əlaqə yaratmağa çalışdım, yaxın bir insandan xəbərin böyük ehtimalla doğru ola biləcəyini eşidəndə məndən asılı olmayaraq tüklərim biz-biz oldu, uzandığım yerdən dik atıldım. Həyəcanlı bir şəkildə evdən çıxdım. Yolda gedə-gedə buradakı həmyerlilərimizə xəbər salıb Türkiyə xəbərlərindən hazırda hansı xəstəxanada olduğunu öyrənib, birbaşa ora getdim.
Xəstəxana rəhbərliyinə Rövşənin yaxın qohumu və qonşusu olduğumu bildirərək dəqiq məlumat almaq istəyirdim, çünki Lənkəranda hamı bizdən doğru xəbər gözləyirdi.
Mənə bildirdilər ki, öncə polis əməkdaşlarıyla görüşməli olacam. Heç kimə nə həkimlər, nə də polis tərəfindən məlumat verildi. Xəstəxanaya olunan saysız zənglərə görə telefonlar 2-3 saatlığına bloklanmışdı. Xarici görünüşüm bir az müasir tərzli olduğu üçün mənim normal bir vətəndaş və yaxın qohumu olduğuma inandılar. Uzun və çox çətin bir prosesdən sonra dedilər ki, sadəcə xəstə yaxını kimi sizə məlumat veriləcək.
Həkimlər məlumat verəndə ki, ciddi bir durum və həyati risk daşıyacaq bir şey yoxdur, o andakı sevincimi sizə sözlə başa sala bilmirəm. Dedilər bir az sonra içəri girib xəstəni görə bilərsiniz. Tez Lənkərana xəbər saldım ki, yalan xəbərlərə inanmasınlar, çox şükür, hər şey yaxşıdır.
Artıq yanına girə bilərsiniz dedilər və mənə xüsusi xalat, ağızlıq verdilər. İçəri girəndə isə gördüm ki, həkimlər tanımadıqları üçün Rövşənlə onun yanında olan yaxınını qarışdırıblar. Əslində, içəridə yatan hadisə zamanı Rövşənimizin yanında olan yaxınlardan biridir. Ondan necə olduğunu soruşduqda halsız və qısıq bir səslə, rusca “Kak brat?” deyə soruşdu. Soyuqqanlılığımı itirməməyə çalışdım və tez cavab verdim ki, narahat olma, o da yaxşıdır, amma başqa xəstəxanadadır.
Ordan çıxıb həkimlərə içəridə yatanın Rövşən olmadığını, bizə yanlış məlumat verildiyini dedim. Orda çalışan bir azərbaycanlı həkim bizə dedi ki, Rövşəni başqa xəstəxanaya köçürüblər və yüksək ehtimalla artıq keçinib. O an dizlərimin bağı çözüldü. İçimə qəribə bir ürpərti girdi. Amma hələ də ümidli idim ki, bəlkə yalnış məlumatdır. Çünki o gün Lənkərana şad xəbər vermək istəyirdim. Az öncə danışıb, şad xəbər verdiyim insanlara axı necə başa sala bilərdim ki, qarışıqlıq olub. Hələ qapının ağzında məndən şad xəbər gözləyən o insanları demirəm…
Ordakı azərbaycanlı həkimin köməkliyi ilə bir neçə insanla əlaqə qurduq və nəhayət məlumat ala bildik ki, artıq cəsəd ekspertizadadır. Birbaşa hamımız Yenibosnadakı Tibb Mərkəzinə yollandıq. Vəziyyət artıq daha da aydın idi. Bir-iki saat sonra cənazəylə bərabər ordan ayrılıb Zeynəbiyyə məscidinə getdik. Orada yuyulma və kəfənlənmə proseduru həyata keçiriləndən sonra cənazə namazı qılındı və doğma vətəninə yola saldıq igidimizi…
Uşaqlığımızdan bəri göstərdiyi şücaətləri, gücsüzlərə, kasıblara əl tutması, haqqın tərəfində olması, cəsurluğu dilimizdə dastan olan igidimizin gözümün önündə yuyulub kəfənə bükülməsi və cənazə namazında şəxsən iştirak edəcəyim heç ağlımın ucundan belə keçməzdi.
Hələ illərlə sənin hekayələrin danışılacaq, Lənkəran uşaqları yenə də sənin şücaətlərini dildən-dilə, ağızdan-ağıza yaymaqla səni qəlblərində daima yaşadacaqlar”.
Nərmin