“İndi başa düşürəm ki, o niyə məni seçdi”
“Səhifəni mənim üçün “blok” eləyiblər, şəkillərini jurnalist qız apardı, qaytarmadı, hərçənd demişdim, səndən mənə qalan yalnız onlardır. Ürəyimi ki, “blok” eləyə bilməyəcəksiniz, nə qədər sağam, xatirən yaşayır...”
Bu sözləri əməkdar artist Nəsibə Eldarova həyat yoldaşı mərhum rejissor Hüseynağa Atakişiyevin doğum günüylə əlaqədar sosial şəbəkədə yazıb. O feysbukda Hüseynağa Atakişiyevin adına açılan səhifə tərəfindən “blok” olunduğunu və onu narahat edən məqamları qeyd edib.
“Bütün maddi məsələlər mənim üçün heç nədir. Necə ki, yanımda olanda səndən istifadə etmirdim, eləcə də ölümündən istifadə etmirəm. İndi başa düşürəm ki, sən niyə məni seçdin.
Belə bir versiya var ki, ölüm yoxdur, ölənlər başqa paralel dünyada yaşamağa davam edirlər. Düşünürəm ki, mənə əziz insanlar sağdırlar və varlıqlarını davam etdirirlər. Bu, ürəyimi rahatladır, hətta orda olmasam belə...”
Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. Mirzağa Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor olur.
Sonra Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.
1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.
“Üzeyir ömrü” bәdii televiziya filmindә Hacıbəyovun obrazını yaradıb, 1995-ci ildә İstanbulda Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyub.
Hüseynağa Atakişiyevin rəsmi olaraq iki evliliyi olub. Aktrisa Gülşad Baxşıyeva ilə olan ilk evliliyindən iki oğlu, rəsmi evliliyə çevrilməyən aktrisa Şahzadə Babayeva ilə olan bərabərlikdən bir oğlu olub.
Atakişiyevin növbəti evliliyi aktrisa Nəsibə Eldarovayla olub. Bu evlilikdən rejissorun övladı olmayıb, o ömrünün son illərini Nəsibə xanımla kirayədə yaşayıb.
Əməkdar incəsənət xadimi 9 aprel 2006-cı ildə vəfat edib.
Pərvin