Teleqraf.com Anar Aminin şeirlərini təqdim edir:
“Gədəbəy dəftəri”ndən - o illərin şeirləri (2002-2003)
“Çaldıran” döyüşü davam eləyir...
“Çaldıran” döyüşü davam eləyir,
Xətayi hələ də “Çaldıran”dadı.
Günah öləndə yox, öldürəndə yox,
Araya davanı saldırandadı.
Bir qəfil hücumdan dağılsa cinah,
Allah rəhmdardı, Allaha pənah!
Bəlkə də hər kəsdə gəzdiyin günah
Hər şeyə “Ol” deyib oldurandadı.
Günahlar başının üstündən səkib,
Savablar qəlbinə nələrsə əkib...
Ədalət zülümə qılıncın çəkib
Qalxanın havaya qaldırandadı.
O qılınc, bu qalxan, bu kaman, bu ox,
Min ildi qan axır nə az, nə də çox.
İstedad, dolunu daşdıranda yox,
İstedad, boşluğu doldurandadı!
Sevən müqəddəsdi
İnsan ölənəcən imtahan verir,
Ömür ayrılıqdan, gün ayrılıqdan.
İlahi sevgiyə qovuşmaq üçün
Adlayıb keçirik min ayrılıqdan.
Nələrə şahiddi o cığır, bu iz,
Sevən müqəddəsdi, sevilən əziz.
Vüsalın dadını dadmamışıq biz,
Niyə danışırsan sən ayrılıqdan?!
Sevinc istəyəni dərdə salıb ki...
Kədər vermədiyi kimsə qalıb ki?!
Gözümün odunu elə alıb ki,
Danışma, qorxuram mən, ayrılıqdan.
O qızdan ayrılanda
Gedib, bu dağlara bir də gələcəm,
Çisək, salamat qal, çən, salamat qal!
Ay dağlar gözəli, niyə susmusan?
Danış, salamat qal, din, salamat qal!
Qoy yanım kül olum, oda sal məni,
Ayrılıq dənizmiş, ada san məni...
Bax Alagöllərə, yada sal məni,
Palıdın başına dön, salamat qal!
Nələrə şahiddi o Palıd, bu Dam,
Fırlanan o Nalça, keçinən bu Şam?
Vaxtdı, getməliyəm, əmir quluyam,
Mənə kin bəsləmə, kin, salamat qal!
...Gecdi, getməliyəm, bilmirsən axı,
O yanda hədə var, bu yanda qorxu...
...Bahar bayramında gördüyün yuxu,
İnşallah, çin olar, çin, salamat qal!
Ayları ötürüb, günləri sayıb,
Sevgimi çadırdan çadıra yayıb,
Vüsala yetməyə bir şey qalmayıb,
Uzağda deyil o gün, salamat qal!
Ümidnən hicrana tab edən kəsin,
Eşqi xəlq eləyən eşidər səsin.
Sevinc üz-gözündən perik düşməsin,
Bir dərdin olmasın min, salamat qal!
Baş qoyub dizinin üstə, yatardım,
Dərdi unudardım, qəmi atardım.
...Bir əsgər borcunu verib qurtardım,
Mən çıxıb gedirəm, sən, salamat qal!
Bura gəlməmişdim qəlbinə dəyəm,
Gəlmişdim, mən sənə “gedirəm” deyəm.
Ağlama, elçimi göndərəcəyəm,
Gülümsə, gül, şən ol, şən, salamat qal!
Bax Alagöllərə, yada sal məni,
Palıdın başına dön, salamat qal!
İlk görüşün dadı
Çiçəkli yaylağı güllər balıncın,
İlıq nəfəsimlə uyudum səni.
Yat, otlar yorğanın, çəmən çarpayın,
Şeir deyə-deyə oyadım səni.
Çəməndə xəyalım, çiçəkdə gözüm,
Vüsala səbr yox, hicrana dözüm.
İlk görüş-yadımdan çıxmaz ilk sözüm,
“Yar ol mənə” dedim, yarıdım səni.
O gün sən comaya, mən posta getdim,
Azmışdın, hayladın, hayına yetdim.
Görüşə tələsdin, məzəmmət etdim,
Görüşə gecikdin, qınadım səni.
Neçə yol görüşdük bənddə, bərədə,
Hələ də bir ümid vardı hərədə.
Zəyəm sahilində, Çətindərədə,
Bəlkə də yüz dəfə sınadım səni.
Son görüş-ağlama, mətin ol, mətin,
Min dərdi, qəmi var bir məhəbbətin.
Sevmək asan imiş, ayrılmaq çətin,
Xatirələr qoymaz unudum səni.
Ömür xatirədi hər addımbaşı,
Ölüncə saxlaram verdiyin daşı.
Çiynimi isladır gözünün yaşı,
Bilmirəm, nə deyim, ovudum səni.
Nə deyim duyğudan, nə deyim hissdən,
Səhəngi saxsıdan, məcməyi misdən,
Aranda yaxşıdan, yaylağda pisdən,
Allah bilir, necə qorudum səni.
Getməz damağımdan ilk görüş dadı,
Demə həsrət imiş sevginin adı.
Qovuşub tanımaq qismət olmadı,
Bu gün ayrılanda tanıdım səni.
...Yəqin su içirsən içdiyim camda,
Odlu öpüşlərlə isinən damda.
Ayrılıq anında ağlamasam da,
Şeir yaza-yaza zarıdım səni.
Sevmək asan imiş, ayrılmaq çətin,
Xatirələr qoymur unudum səni...
On üç ildən sonra
Hər kəsi sevginin oduna salan
Baxışlar yaşayır xatirələrdə.
O günü adamın yadına salan
Tanışlar yaşayır xatirələrdə.
O adam qəlbinlə tanışmı görən?!
Vüsalmı, hicranmı qoluna girən?!
Bizə yol göstərən, məsləhət verən
Tay-tuşlar yaşayır xatirələrdə.
Hicranla yaşıddı o cığır, o iz,
Bu yolnan vüsala can atmayaq biz.
O güldən, çiçəkdən düzəltdiyimiz
Balışlar yaşayır xatirələrdə.
Baş qoyub sinəmə qəlbini açan,
Haçan görüşərik, bir də biz, haçan?!
Sapları üzülüb, ilməsi qaçan
Naxışlar yaşayır xatirələrdə.
“Yaz” dedin, yazdığım dastana yardın,
Təsəlli verərdin, nə yaxşı vardın,
Mən şeir deyərdim, sən əl çalardın,
Alqışlar yaşayır xatirələrdə.
Hər görüş mənə... bir şeir oxudan,
Əl çalıb... gözündən yaşlar axıdan...
Lapdan pırr eləyib bizi qorxudan
O quşlar yaşayır xatirələrdə.
Neyləyək, bəxt bizi pərt elədi, pərt,
Şərt kəsdi, ayrılıq adında bir şərt.
Engəsi mülayim, enişləri sərt
Yoxuşlar yaşayır xatirələrdə.
...Görüşə gəlməyə verməzdi aman,
Üz tutub göylərə deyərdi anan:-
Ay mənim qızımı yoldan çıxaran...
Qarğışlar yaşayır xatirələrdə.
Dünya bax belədi, o dərdli, bu şən,
Sevincdən çəkinib, kədərdən üşən.
Hər il gözümüzün altına düşən
Qırışlar yaşayır xatirələrdə.
Hanı göz qaytaran qoca Dağdağan?..
Qəlbində mən varam, qoynunda çağan.
Yayın ortasında qəfildən yağan
Yağışlar yaşayır xatirələrdə.
Yazda yaşıllaşıb... payızda solan,
Dolan, o Qovağın başına dolan...
Odlu öpüşlərdən uyub məst olan
Bihuşlar yaşayır xatirələrdə.
Səbrini Vələsə, ya Cökəyə cız...
Adını Palıda yazmışdım, ay qız.
Hər yağış yağanda sığındığımız
Koğuşlar yaşayır xatirələrdə.
Koğuşdan üz tutub Kahaya getdik,
Nələr istəyirdik, nələrə yetdik...
Harda düz etmədik, harda səhv etdik?!
Yanlışlar yaşayır xatirələrdə.
Ürək duyğulanır, ürək hisslənir,
Hərdən alovlanır, hərdən sislənir.
Yada düşsə belə pislər pislənir
Yaxşılar yaşayır xatirələrdə.
Kaş
Xeyir düşündüyüm, xeyir bildiyim
Heç xəyal etməzdim şər-qərar imiş.
Hər dəfə çəkinib nədənsə mənə
Aça bilmədiyin sirr, qərar imiş.
Gecdi, “olan olub, keçən keçib”, yar,
İndi “kaş” deməyin nə mənası var?!
Xoşbəxt olmaq üçün verdiyin qərar
Səni bədbəxt edən bir qərar imiş.
Nələrə şahiddi o döngə, bu tin,
Dalan boyda qəzəb, küçə boyda kin,
Gərək bədbəxt olub sonra biləydin
Xoşbəxtlik eşq üstə bərqərar imiş?!
Xoşbəxt olmaq üçün verdiyin qərar
Səni bədbəxt edən bir qərar imiş...
Gözlərimin yaddaşında yaşayan
Gözlərimin yaddaşında yaşayan
Gözlərimdən itməyin də var imiş.
Saçlarında əl izimi daşıyan
Yollarımda bitməyin də var imiş.
O istilik, bu soyuqluq nədi, nə?
Tuş gəlmişik ayrılığın bədinə.
Üz döndərib, dönük çıxıb vədinə,
Yar, xəyanət etməyin də var imiş.
Eşq yolunun döngəsində, tinində,
Yoxa çıxdı o səsin də, ünün də,
Nə biləydim günlərin bir günündə
Gəldiyintək getməyin də var imiş...
Üz döndərib, dönük çıxıb vədinə,
Yar, xəyanət etməyin də var imiş.
Tənha palıd
Yenə yarpaqladı o tənha palıd,
Gözlərim yollara dikili qalıb.
Bizim aramızda olub keçənlər
Palıd yarpağına bükülü qalıb.
...O qız nişanlanıb getsə ərə də,
O oğlan o qızı, gözlər... mərədə...
Zəyəm qıjıldayır Çətindərədə
Zodan şəlaləsi tökülü qalıb.
O Vələs sirdaşım, bu Cökə nəyim?..
Gedim o Koğuşa, Kahaya dəyim...
Bilmirəm, o Kəndə gəlim, gəlməyim,
Bu fikrim, xəyalım ikili qalıb!..
Nə yaxşı arada olub keçənlər
Palıd yarpağına bükülü qalıb...
Məcnundan Babəkəcən
Leyli tənhalığı, Məcnun təkliyi
Ulu Füzulinin qəzəlindədi.
Hicran əvvəlində, vüsal sonunda
Ayrılıq dünyanın əzəlindədi.
Ayrılıq nə demək, bilmir çoxusu,
Kim bilsə, gözünün qaçar yuxusu.
O yaşıl ağacın ölüm qorxusu
Bəlkə də payızın xəzəlindədi.
Hər tərəf xəzəldi, kömək elə sən,
O yolun, yolağın tapa bilim mən.
Şımaldan, cənubdan, şərqdən ya qərbdən
Almaq istədiyin həzz, əlindədi.
Şimalda bağçanı, cənubda bağnı...
Möhtəsim Billahın çartladı bağrı.
Min ildi Babəkin qolları bağlı,
Min ildi Afşinin Bəzz, əlindədi.
Afşin ağıllıdı, Babək dəlidi...
İki Türk üz-üzə... nə gülməlidi?!
Dağ yerin havaya qalxan əlidi,
Gözümüz göylərin gözəlindədi.
Dağ bulud eydirir, dərə sel əmir,
Torpaq nəfəs dərir, torpaq yel əmir...
Allah bəndəsini bədbəxt eləmir
Xoşbəxtlik hər kəsin öz əlindədi!..