“Klipdən öncə Meral Konratla heç bir tanışlığım olmayıb. Klipdən sonra bir ziyafət verildi və biz elə orda tanış olduq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Zülfiyyə Xanbabayeva türk aktrisa Meral Konratın müğənninin “Mənimsən” klipiylə bağlı irəli sürdüyü iddialara cavab verərkən deyib.
“Klipin rejissoru Ramiz Fətəliyev idi. O məndən soruşanda ki, belə bir ideyamız var, mən razılığımı bildirmişdim. Klipin üstündən on ildən çox vaxt keçir. İndi bunu danışmağın mənası varmı? Sualınız mənə deyil, klipin rejissorunadır. Mənim Meral Konratla klipdən öncə heç bir tanışlığım olmayıb. Hətta klipdən sonra bir ziyafət də verildi və biz elə orda tanış olduq”.
Konrat Report-a müsahibəsində illər əvvəl “Təhminə 2” filminin tanıtım çəkilişi üçün Bakıya gələndə aldadıldığını demişdi: “Fəxrəddin Manafov mənə zəng edib dedi “Təhminə-2”ni çəkirik. Elə həyəcanlandım izah edə bilmərəm. O dedi biz Bakıda filmin qısa tanıtımını lentə alacağıq, sən Türkiyəyə dönəcəksən. Sonra fimdəki geyimlərin hazırlanacaq və hər şey hazır olduqdan sonra artıq filmin çəkilişi üçün Bakıya gələcəksən. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə qarşılaşdım. Soruşdum ki, bu xanım da filmdə oynayacaq? Dedilər yox, bu xanım bizdə məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq. Zülfiyyə xanım da ilk dəfə bir filmin musiqisini hazırlamaqdan çox xoşbəxt və qürurlu olduğunu vurğuladı.
Bir azərbaycanlı dostum mənə zəng etdi və “Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb” söylədi. “Xeyr, mən klipə çəkilməmişəm” cavabını verdim. Girib internetdə izləyəndə şoka düşdüm. Mənimlə tanış etdikləri Zülfiyyə xanımın klipi idi və mən də o klipdə oynayırdım. Zəng etdim, heç birini tapa bilmədim. O sənətçi xanıma da, Fəxrəddinə də çox əsəbiləşdim. Çox sevdiyim insanın bunu mənə qarşı etməsi, həqiqətən çox təəssüfləndiricidir. Yəni, mənə belə də deyə bilərdilər: “Meral xanım, biz “Təhminə-2”ni çəkməli idik, amma olmadı, bunu klipə çeviririk. Yəni, xəbərin olsun”. Ancaq onu belə etmədilər. Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox-çox incidim.
Mən o sənətçi xanımdan da üzr gözləyirəm. Onun etdiyi də heç xoşagələn deyildi”.
Nərmin