23 Noyabr 2016 15:47
2 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səhnə gözəllik tələb edir”. Azərbaycan şou-biznesində də bu deyimi əsas götürərək saçını rəngləyən, qaşını aldıran kişi müğənniləri az deyil.

Teleqraf.com saçına rəng qoyduğu deyilən kişi məşhurlara müraciət edib. Saçına rəng qoyan məşhurların bir qismi bunu təsdiq etsə də, inkar edənlər də olub.

Səslənən fikirləri təqdim edirik:

Manaf Ağayev: “Qocalmaqdan qorxmuram. Üzünü dartdıran, qaşını aldıran məşhurlar öz adından danışa bilər. Mən kənddə böyümüşəm. O kimi hallar mənlik deyil. Əməliyyatlara da pis baxmıram. Birinin burnu əyridirsə, əməliyyat etdirsin. Şou-biznesdə qaşını aldıranlar varsa, özləri bilər. Mən heç kimə deyə bilmərəm ki, niyə belə eləmisən?”.

Nadir Bayramlı: “Sənətçilər səhnəyə görə məcburən saçına rəng qoydurur. Saçımı çoxdan rənglədirəm. Buna məcbur idim. Saçım gənclik illərindən ağarmağa başlayıb”.

Bilal Əliyev: “Sənəti olan adamın saç rənglətməsinə, əməliyyat etdirməsinə ehtiyac qalmır. 58 yaşım var, saçıma təz-təzə ağ düşüb. Amma rəng qoydurmağı düşünmürəm”.

Cavanşir Məmmədov:: “Saç əkdirmişəm, bunu gizlətmirəm, saç əkdirmək sırf kişiyə məxsusdur, qadınlar parik qoyurlar. Buna da ürək lazımdır. İnsanın başında 4-5 min deşik açırlar. Müğənnilər var qulağına sırğa taxır, qaşını alır, silikon qoydurur. Mən bunların heç birini eləməmişəm, sadəcə, saç əkdirmişəm”.

Nadir Qafarzadə: “Yaşlandığımı görsəm, plastik əməliyyatlar etdirəcəm. Mən yaxşı görünməliyəm, efirə çıxıram. Bir vaxtlar qoca müğənnilər vardı, cavan kişi müğənnilərə irad tuturdular ki, filankəs plastik əməliyyat etdi, saçına rəng qoydu. İndi 70 yaşı var, amma saçları qapqaradır. Ona deyən yoxdur ki, 70 yaşında qara saç səndə haradandır? Heç vaxt “heç vaxt” deməməlisən. Biz rəng də qoya bilərik, əməliyyat da etdirərik. Bu, qəbul ediləsi məsələdir. Biz dövlət işində çalışmırıq, prokuror, polis deyilik, səhnə adamıyıq”.

Canəli Əkbərov: “Saçına kim rəng qoydurub, gedin ondan soruşun. Mənə aiddiyatı yoxdur. İnanmırsınız, gəlin saçıma baxın”.

Bundan başqa, Faiq Ağayev, Yalçın Rzazadə kimi müğənnilər həmişə saçlarını rənglədiblər. İstanbulda saç əkdirən müğənni Elariz Məmmədoğlunun isə əməliyyatı uğurlu alınmayıb.

Prodüser Tarix (Tolik) Əliyev isə saqqalına rəng qoydurduğunu açıqlayıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər