28 Noyabr 2016 16:03
1 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında keçirilən üç günlük konsertinə media nümayəndələrinin buraxılmaması böyük ajiotaja səbəb olub.

Teleqraf.com xəbər verir ki, müğənni noyabrın 25-26-27-də Heydər Əliyev Sarayında baş tutan konsertinə bəzi media təmsilçilərinin keçməsinə icazə verməyib. Bu isə ifaçı ilə media qurumları və jurnalistlərin münasibətini gərginləşdirib. Röya Ayxanın prodüseri Vüsal bəzi jurnalistlərə dəvətnamə verildiyini, amma çəkilişə qadağa qoyulduğunu deyib.

Röya Ayxan isə sosial şəbəkədə bu sözləri yazıb: “Konsertə yazarları buraxmayanlara "çox sağ ol" deyirəm. Yaxşı ki, Heydər Əliyev Sarayı belə qayda çıxarıb. Qoy, gedib hesablarını sarayla aparsınlar”.

Heydər Əliyev Sarayından mətbuat nümayəndələrinə hər hansı məhdudiyyət qoyulmadığı bildirilib.

Teleqraf.com jurnalistlərin peşə fəaliyyətinə dəxli olduğunu nəzərə alaraq məsələ ilə bağlı sorğu keçirib.

Sorğunu təqdim edirik:

Xalq artisti Flora Kərimova: “Röyanın hərəkətinə münasibətim birmənalı deyil. Ancaq Röya da məsələni qəlizləşdirməsin. Hansı müğənni olur-olsun, konsertinə kimlərisə buraxmaq istəmirsə, bununla razılaşmaq lazımdır. İfaçının əhvalından asıldıır... Jurnalistlər ondan küsməməlidirlər. Görünür, o, konsertdə rahat olmaq, arxayın oxumaq istəyib. Bəlkə hansısa jurnalistə güvənmir? Güclə “mən sənin konsertinə baxmalıyam, icazə verməsən, acıq çıxacam” kimi halları qəbul eləmirəm. Müğənnilərə fərqli yanaşmaq lazımdır”.

Prodüser Tarix Əliyev (Tolik): “ Mən 7 il Röyayla işləmişəm. Heydər Əliyev sarayında, “Şəfa” stadionunda onun konsertlərini təşkil etmişəm. Röya həmişə urnalistlərə layiqli yer verib. Hər şeyi Royanın üstünə atmayaq. Ola bilər, təşkilatçıların səhlənkarlığıdır.

Belə bir ənənənin əsasını Röya qoymayıb. Zeynəb Xanlarova jurnalistlərə dəvətnamə göndərirdi? Yaxud Azərbaycana dünya ulduzları gəlir, onlar media təmsilçilərinə dəvətnamə göndərirlər? Röya da dəvətnamə verməyib, bəlkə bu, kiməsə haqsızlıq kimi görünür. Ola bilsin, Röya sonra açıqlama verəcək.

Juranlsitlərin Röya Ayxanı boykot edəcəkləri fikri, məncə, uğursuzdur. Boykot etsinlər və desinlər ki, biz daha Röyadan yazmayacağıq. Sonra nə olacaq? Röya da deyəcək, mənim sayta ehtiyacım yoxdur, çünki 800 min nəfərlik instaqram səhifəm var”.

Jurnalist İsa Şükürov: “Hər bir müğənni statusundan asılı olmayaraq media nümayəndələrinin konsertində görmək istəmirsə, bu, onun şəxsi işidir. Amma mətbuat katibinə, menecerinə tapşırmalıdır ki, media nümayədələrinə konsertə buraxılmayacağını əvvəlcədən xəbər etsin. Bir neçə müğənni bu taktikadan istifadə edib. Röya nə birincidir, nə də axırıncı. Beynəlxalq təcrübədə ən azı 15 dəqiqəlik çəkilişə icazə verirlər.

Mən Röyanı günahkar görmürəm. Bu, işçilərinin səhlənkarlığı olub. “Qara piar” kimə lazımdır? Təşkilatçılar işi düzgün qursaydılar, Röya saytlarda tənqid hədəfinə çevrilməzdi”.

Aparıcı Rövşanə Bektaşi sosial şəbəkədə Röyanın hərəkətini birmənalı qarşılamayıb: “Röya konsertində musiqiyə ruhunu, canını verir. Zalda əyləşənlərlə səmimi ünsiyyətini də çox bəyəndim. Xeyli güldük... Amma bəyənmədiyim bir şey var. İndı oxudum ki, xəbər portallarının jurnalistləri konsertə buraxılmayıb. Əcəba niyə? Reklam olunanda, müsahibə istəyəndə, danışmaq, söz demək istəyəndə jurnalist yaxşıdır, konsertdə şəkil çəkmək istəyəndə pis?

Bizim jurnalistlərə bu da azdır, yaxşı edirlər. Kefləri istəyəndə sizi sayırlar, istəməyəndə qapıdan buraxmırlar. Deyirlər siz kimsiniz? Səsim, istedadım var, siz olmasanız da ulduzam ki, ulduzam. İndi qapı dalında qalın!”

Müğənni Nura Suri: “Heç bir məsələdə başqa müğənnilərlə bağlı şərh vermirəm”.

Xalq artisti Faiq Ağayev: “Bu, mənim konsertim olmadığına görə fikir bildirmək istəmirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər