“Bütün kanallar və radiolar mənə qadağa qoyub. Səbəbini soruşanda isə pul istəyirlər”.
Bu sözləri Axşam.az-a açıqlamasında meyxanaçı Samirə Yusifqızı deyib.
O bildirib ki, əgər bu cür davam etsə, ölkədən gedəcək: “Əgər mən bu xalqın müğənnisiyəmsə, dövlətə xidmət edirəmsə, niyə kanallara çıxmaq üçün pul ödəməliyəm? Mənim ali təhsilim var, ölkədə yeganə xanım meyxanaçıyam. Veriliş rəhbərlərinə zəng edirəm, deyirlər, meyxanaçıları çağırmırıq. Sonra baxıram başqa meyxanaçılar proqramda oturub. Deyirəm, meyxanaçı kimi çağırmırsınızsa, müğənni kimi dəvət edin. Onda da pul istəyirlər. Bir kanal isə mənə qadağa qoyub, heç səbəbini də bilmirəm. Bu günə kimi heç kimin xətrinə dəyməmişəm, incitməmişəm, kobudluğumu görən olmayıb. Bu qadağa hardan çıxıb?
Mən nə qədər xeyriyyə işləri görmüşəm, xeyriyyə cəmiyyətlərindən birinin direktoru olmuşam. Dəfələrlə cəbhə bölgəsində əsgərlərimizə yardım edib, konsertlər vermişəm. Bu işlərimin qiyməti efirdə pullu olmaqdır?”.
S.Yusifqızı problem aradan qaldırılmasa ölkəni tərk edəcəyini söyləyib: “Bizim gəlir yerimiz toylardır. Efirə çıxıb, ordan toy tuturuq. İnsanlar bizi verilişdə görüb, məclisinə dəvət edir. İndiki halda da toy olmur. Nə qazanaq? Əgər bu haqsızlıq aradan qaldırılmasa, onda qərarımı verəcəm, burdan çıxıb gedəcəm. Bunla bağlı isə heç kimə yox, birbaşa ölkə başçısına müraciət edəcəm”.