KVN-nin keçmiş üzvü Bəhram Bağırzadə Rusiyanın Şoçi şəhərində keçirilən “KVN - 2017” festivalına Xankəndini “С хлебом и солью” (“Duzlu-çörəkli”) komandası ilə təmsil edən Qondarma Dağlıq Qarabağ Respublikasının komandası haqqında danışmaq istəməyib.
O, Teleqraf.com-a açıqlamasında bunun siyasi məsələ olduğunu deyib: “Bu suala Soso Pavliaşvilini ölkəyə gətirənlər cavab versinlər. Bu məsələyə münasibət bildirmək istəmirəm. Yazın ki, Bəhram Bağırzadə cavab vermir. Tahir İmanovdan soruşun. Siyasətçilərə, Xarici İşlər Nazirliyinə zəng edin. Onlar daha yaxşı cavab verərlər. Bir vətəndaş kimi belə siyasi suallara cavab vermirəm”.
Soçidə start götürən “KVN - 2017” festivalında Qondarma Dağlıq Qarabağ Respublikasını “С хлебом и солью” (“Duzlu-çörəkli”) komandası təmsil edir. Buna etiraz olaraq “Gündəlik Teleqraf” Media Qrupu Beynəlxalq KVN İttifaqına və onun sədri Aleksandr Maslyakova etiraz bəyanatı ünvanlayıb.