26 Yanvar 2017 15:43
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Gecə qonağı - 2” filmini təqdim etməyə hazırlaşan tanınmış rejissor Kənan M.M-lə müsahibəni təqdim edir:

- Kənan bəy, “Gecə qonağı - 2” filminin çəkilişləri bitdi. Süjet xətti “Gecə qonağı - 1”in davamıdır?

- “Gecə qonağı - 1” “Youtub”da izlənmə rekordu qırandan sonra “Gecə qonağı - 2”ni çəkmək qərarına gəldim. Tamaşaçılar da filmin davamının çəkilməsini istəyirdilər. Amma ad eyni olsa da ssenari tamamilə fərqlidir. İkinci film başqa hekayədən bəhs edir. Süjetin davam etməsini istəmədim. Onda serial olacaqdı. Filmi oktyabrda təqdim edəcəyik. Hazırda montaj işləri gedir. “Gecə qonağı - 2”də Pərvin Abıyeva və mən oynayıram. Yəni yarardıcı heyət eyni, hekayə fərqlidir.

- İlk dəfə “Gecə qonağı - 1”də Fərda Xudaverdiyevi dramatik rola çəkdiniz. Bəs onun ikinci filmə çəkilməməsinin səbəbi nədir?

- Bəli, Fərda “Gecə qonağı - 2” filminə çəkilməyib. Fərda çəkilsəydi, “Gecə qonağı -1” filminin davamı olardı.

- Bu Fərda ilə münasibətinizə təsir etdi?

- Xeyr, Fərda ilə münasibətim əladır. Fərdanın fanatıyam, “Selfinaz”ı dəstəkləyirəm. O, sənətkardır. Amma təəssüflər olsun ki, bizdə dünyasını dəyişənlərə sənətkar deyirlər. Əgər o insan sənətkar olmasa, çoxları özlərini Fərdaya bənzətməzlər. Deməli, Fərda faktı var. Fərdanı da Cem Yılmaz kimi qəbul edirəm.

- Yəni Fərda Xudaverdiyevin tənqid edilməsini qəbul etmirsiniz...

- Tənqidi qəbul edirəm, çünki özüm də tənqid edilmişəm. Tənqid olmasa, deməli, maraqsızdır. Dəyərsiz, diqqət çəkməyən iş tənqidə məruz qalmaz.

- Fərdanın Cem Yılmazı yamsılaması barədə ittihamlar səsləndirildi. Sizin fikriniz də maraqlıdır…

- Görəsən, türk mediası yazardı ki, Cem Yılmaz Fərdanı yamsılayır? Axı Fərdanın sözləri, hərəkətləri Cem Yılmazın deyil. Bu tamaşaçı eqoistliyindən irəli gəlir. Amma məncə, zamanla düzələcək.

- “Gecə qonağı - 1”-dəki daha hansı aktyorları ikinci filmdə görməyəcəyik?

- Filmdə hadisələr üç nəfərin: mənim, Fərdanın və Pərvinin üzərində cərəyan edirdi. Bu filmdə Fərda ilə yanaşı Kəmalə Piriyeva da yoxdur.

- Bu filmin uğur qazanacağına inanırsınızmı?

- İndiyə qədər çəkdiyimiz filmlərin baş tacı olacaq. Əvvəl “Qayıdış” filmi haqqında belə düşünürdüm və fikrimdə də yanılmadım. Amma bu film əvvəl çəkdiyim üç filmdən yaxşıdır. Çünki ssenarinin üzərində uzun müddət işlədim, müşahidə apardım. Amma bu işi də sırf tamaşaçının nə istədiyini nəzərə alıb çəkməmişəm. Çünki tamaşaçının istədiyini çəksəm, gərək heç nə çəkməyəm, yaradıcılığımdan uzaq olum. Tamaşaçı şit-şit zarafatlar, söyüşlər və s. istəyir. Bu isə mənim xarakterimə uyğun deyil. Hər bir filmdə rejissorun özündən bir parça var.

- Bəs tamaşaçını nə ilə cəlb edəcəksiniz?

- Filmə Kənan kimi düşünənlər baxsın – yetər. Düzdür, mənim kimi düşünənlər, görənlər azdır: Rövşən İsax, Elxan Cəfərov… Özüm də daxil olmaqla deyirəm ki, biz tamaşaçını düzəltməsək, onlar düzəlməyəcək. Tamaşaçı jarqon komediyalara baxır. Bu isə Azərbaycan kinosunu uçuruma aparır. Bu filmlərlə ölkəmizi kənarda təmsil edə bilmərik.

- Tez-tez tənqidlərə məruz qalırsınız. Tənqidləri obyektiv qəbul edirsiniz?

- Mən bilmədiyim tərbiyəsiz şeyləri efirlərimizdən öyrənirəm. Kanallarda söyüşü də tərcümə edirlər. Filmdə elə hadisələri tərcümə edirlər ki, mən baxmağa utanıram. Təkrar edirəm: mənim çəkdiyim filmlərdə tərbiyəsiz heç nə yoxdur. Əgər filmin kadrındakı qəhrəman fahişədirsə, o, professor kimi yox, fahişə kimi danışmalıdır ki, elə qadınlar özlərini kənardan görsünlər. Tənqidləri qəbul etmirəm, kənardan deyilən sözlərə əhəmiyyət vermirəm. Kim nə istəyir desin. Vaxt ayırıb haqqımda danışırlarsa, deməli, mən bir addım onlardan öndəyəm.

- “Gecə qonağı - 1”-də açıq-saçıq səhnələrə görə tənqidlərə məruz qaldınız. “Gecə qonağı - 2”də bunları nəzərə aldınız?

- Mən çəkəndə milli mentalitet yada düşür. Amma heç bir filmimdə “Təhminə”, “Tütək səsi” filmlərindəki, “Aşkı memnu” serialındakı qədər açıq səhnə yoxdur. Əgər sən fahişəni göstərirsənsə, olduğu kimi təqdim etməlisən ki, insanlar görsünlər. Mənim aləmimdə belə bir ifadə var: “Tərbiyəni tərbiyəsizə baxıb öyrənirəm”. Biri mənə deyir siz istəyərsiniz övladlarınız filminizə baxsın? Deyirəm film efirə gedəndə – gecə saat 1-də övladlarım yatmış olurlar. Sənin övladın gecə niyə oyaqdır ki? Elə insanlara fikir versəydim, başqa işlə məşğul olardım.

- İlham Qasımovun işlərini necə dəyərləndirirsiniz?

- Komediya, janr, aktyor oyunu, süjet xətti baxımından“Oğlan evi” filmi xoşuma gəlib. Amma izlənmə sayına görə “Üç badam, bir qoz” rekord səviyyə göstərdi.

- Bəs “Bozbash pictures”?

- Mən elə zarafatlara gülə bilmirəm. Gülməyə məcburam?

- Yox, əlbəttə…

- İlham Qasımov məntiqi, düşündürücü gülüşdən istifadə edib. Əslində, orada insanların faciəsi göstərilir. Ən çox güldüyüm film “Üç badam, bir qoz”dur. Çox az büdcə ilə çəkilməsinə baxmayaraq uşaqlar çox istedadlıdırlar. Onlar indiyə qədər televiziyaya belə çıxmayıblar. Amma ortaya yaxşı iş qoydular. Mən də zamanla çox köməksiz vəziyyətdə qalmışam. Onların nə hiss etdiklərini ancaq mən başa düşürəm. İnsan bu həyatda çox şeyə nail ola bilər. Amma tamaşaçı sevgisinə güclə sahib ola bilməz. Sən insanlara güclə demirsən ki, get filmə bax. Onların filmlərinə bilet tapılmır. Uşaqların auraları çox yaxşıdır. Bu da kino sahəsində önəmli cəhətlərdən biridir. Amma çəkilən komediya filmlərinin kralı “Oğlan evi”dir.

- “Oğlan evi - 1”, yoxsa “Oğlan evi - 2”?

- Mənim “Oğlan evi - 1” xoşuma gəlir.

- Filmdə rejissor olmaqla yanaşı, aktyor kimi də çəkilirsiniz. Bu, hansı zərurətdən doğur? Düşünürsünüz ki, aktyorlar obrazı sizin kimi canlandıra bilməyəcəklər?..

- Mən rejissor olmadan öncə aktyor kimi fəaliyyət göstərmişəm. Bu titulu mənə Rövşən İsax, Elxan Cəfərov, Eldar Quliyev verib. Bu böyük rejissorların sözündən sonra özümü aktyor kimi sınamağa başladım. İkincisi də ən yaxşı aktyorlar rejissorlardır. Rejissor aktyora kömək edə bilməsə, ondan heç nə istəyə bilməz.

- Filminizdə Pərvin xanımla səmimi münasibətləriniz diqqət çəkir. Hətta həyatda da dostluğunuz davam edir. Həyat yoldaşınız Aygün xanım sizi qısqanır?

- Ən nifrət etdiyim sualı verdiniz. Mən “Kamaz” sürücüsü deyiləm, rejissoram. Evlənmədən öncə də həyatım belə idi və belə də olacaq. İkincisi də Pərvin xanım mənim evimə gələn sənətçilərdəndir. Görəsən, Kıvanç Tatlıtuğa, Jan-Klod Van Damma jurnalistlər bu sualları verirlər?

- Kənan bəy, sizi tədbirlərdə Aygün xanımla birlikdə görmürük. “Gecə qonağı - 2”-nin qalasında görə biləcəyikmi?

- Aygün xanım “Qayıdış” filminin qala gecəsinə gəlmişdi. “Gecə qonağı - 2”-nin də qala gecəsinə, inşallah, birlikdə gedərik.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər