Xəbər verdiyimiz ki, xalq artisti Canəli Əkbərov Muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflər buna etiraz bildirib. Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb. C.Əkbərov onların ünvanına sərt fikirlər deyib.
Xalq artisti Səkinə İsmayılova Axşam.az-a açıqlamasında C.Əkbərova cavab verib.
O bildirib ki, xanəndənin sözləri həqiqəti əks etdirmir:
"Canəli müəllim nə deyirsə, nağıl kimi bir şeydir. İçindən nə gəlirsə onu deyir, səviyyəsi nəyi göstərirsə onu danışır. Münsiflər də, xalqımız da kim necədirsə, onu yaxşı tanıyır. Biz xalqın gözündə böyümüşük.
Müsabiqəni biz yaratmamışıq. Bunu "Heydər Əliyev Fondu" keçirir və orada da kimin olub-olmamasını biz təyin etmirik. 6 müsabiqə keçirmişik, heç birində də olmayıb. Bu da hər şeyin cavabıdır".
S.İsmayılova C.Əkbərovun sənətini pisləmədiklərini söyləyib:
"Böyük sənətkarımızdır, dəyərli xanəndədir. Biz onun sənətindən söz açmamışıq, sadəcə bir münsif kimi fikrimizi bildirmişik. Ola bilsin ki, əsəbləri yerində deyil. İnsanlar yaşa dolduqca fikirləri, düşüncəsi dəyişir. Yəqin buna görə, belə danışır. Nəsə deyibsə də eybi yox, yaşına hörmət edib onun haqqında heç nə demirəm".
Qeyd edək ki, C.Əlbərov S.İsmayılovanın ünvanına "Səkinəni Leyliyə hazırlayan, işə qəbul edən mən olmuşam. Buna baxın... 14 nəvə və 14 nəticə sahibiyəm, görün Canəli Əkbərov haqqında kimlər nə deyir?" sözlərini söyləyib.