9 Fevral 2017 11:18
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com opera sənətçisi İlahə Əfəndiyeva ilə müsahibəni təqdim edir:

- Gülşən İbadova sizdən hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyir. Yəni aranızdakı problem belə ciddidir?

- Vicdanımla deyirəm ki, Allah və insanlar qarşısında təmizəm. Şahidlərim də var. Əgər piar eləmək istəyirsə, səhv yoldadır. Mən illərdir sənətdəyəm. İndiyə qədər belə söz-söhbətdə adım hallanmayıb. İndi elə vəziyyətdəyəm ki, bu mövzuyla bağlı danışmaq istəmirəm. Məni heç nə maraqlandırmır, analıq məzuniyyətinə çıxmışam, bir ayda sonra ana olacam. 15 ilə yaxındır Opera və Balet Teatrındayam, heç kimlə problem yaşamamışam. Hansısa hadisə baş verən zaman sakitləşdirməyə çalışmışam.

- İlahə xanım, vaxtilə yaxın rəfiqə olmusunuz, münasibətləriniz nə vaxtdan kəskinləşməyə başladı, Gülşən İbadova sizə narazılıqlarını deyirdimi?

- Barışasınız deyəndə münasibətimizdə hər hansı problem olmayıb. O, məni nədəsə günahlandırmaq istəyir. Zəng eləyib, məsələni öyrənmək istəmişəm, məhkəməyə verib. Araşdırsın, səbəbini tapsın. Onunla heç bir işim yoxdur. Allah yolunu açıq eləsin. Əgər bununla reklam olunmaq istəyirsə, mən elə şeylərdən uzağam.

- O deyir ki, mən Opera və Balet Teatrına gedəndən sonra İlahənin mənə münasibəti dəyişdi.

- Mən Gülşənlə illərdir idi tanış idim. Allah şeytana lənət eləsin. Bilmirəm... Ona mənim tərəfimdən heç bir pislik edilməyib. Onunla işim yoxdur. Solist kimi teatrda görməmişəm. Mənimlə onun nə əlaqəsi? Yalan deyə bilmərəm ki, o teatrda işləyib və həmkar olmuşuq. Teatrda mənim sözlərimi hər kəs təsdiqləyə bilər. Bəlkə, kimsə ona nəsə deyib, bilmirəm. Mən onunla illər boyu yaxşı münasibətdə olmuşam.

- Bəs sonra münasibətləriniz niyə soyuqlaşdı? Hər halda, səbəbsiz yerə...

- Yenə deyirəm, heç nədən xəbərim yoxdur. Sadəcə, gördüm ki, məsələdə mənim də adım hallanır. Ona görə zəng etdim. Ona qarşı heç zaman təxribat eləməmişəm. Buna görə and da içə bilərəm. Bu vəziyyətdə yalan danışa bilmərəm. Hazırda həyatımın ən vacib anını yaşayıram. O xanımın belə etməsini başa düşə bilmirəm. Bəlkə, kimsə onu qəsdən bu yola vadar edir. Ancaq arzu edirəm ki, həyatda öz yerini tuta bilsin, araşdırmalarını düzgün etsin, yolu açıq olsun.

- Sonuncu telefon danışığınızda rəfiqənizi təhqir etdiyiniz də iddia olunur...

- Biz illər boyu əlaqə saxlamışıq. O zaman ailəli deyildim. Saatlarla mənimlə, anamla danışırdı. Qastrollarda olanda həmişə mesaj yazırdı. Mən ona ərk edərək zəng edib, problemi araşdırmaq istəmişəm. Onu təhqir kimi anlayırsa, nə deyim? İllər boyunca aramızda söz-söhbətlər də olub. Sadəcə, demişəm ki, niyə adımı çəkmisən, bu məsələyə nə aidiyyatım var?

Məsləhət görürəm ki, xanımdır və öz xanımlığını saxlasın, düzgün yolda olsun, düzgün araşdırsın. Əgər onun səsini kimsə bəyənməyibsə, düzgün araşdırsın. Mən öz həyatımı yaşayıram. Heç kimə də pisliyim olmayıb. Hər zaman neytral insan olmuşam. Bunu məni tanıyanlar bilir. Öz həyatımla məşğulam. Özüm də bu sənətə çox çətinliklərlə gəlmişəm. Həyatım başdan-ayağa əzablı keçib. Ona görə də hər nailiyyətimin qədrini bilirəm. Peyğəmbərə sual verirlər ki, o insan sizə pislik edib, niyə yaxşılıq edirsiniz? Cavab verir ki, o, pisliyindən əl çəkmirsə, mən niyə yaxşılığımdan əl çəkməliyəm? Əgər o, məni polisə verirsə, Allah yolunu açıq eləsin.

Gənc xanımdır, ona qadın xoşbəxtliyi arzu edirəm. Ailə qursun, övladı olsun, həyata ayrı gözlə baxsın. Xanıma yaraşmayan işlərlə məşğul olmasın.

- Barışıq üçün addım atmağı düşünürsünüzmü?

- Mənim nə günahım var? Mən onunla savaşmamışam ki, barışam...

Rəqsanə


Müəllif: