7 Mart 2017 15:44
10 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Xədicə Sənanqızının Teleqraf.com-a müsahibəsini təqdim edirik:

-Daha çox əyləncəli verilişlərin aparıcısı kimi tanınırdınız. Hazırda isə “Sağlam yaşam” tibbi verilişinə aparıcılıq edirsiniz. Çətin deyil ki?

-Bu yaxınlarda televiziyada fəaliyyətimin 20 ili tamam olacaq. Qısa müddət müxbir işlədim, tez də aparıcı oldum. ANS-də işə başladım, "Space"də işləyəndə artıq aparıcı kimi tanınırdım. Orada gözəl layihələrim oldu. Hər bir “ulduz”un parlaq bir zamanı olur. "Space"də "Azəri Star", "Sən bir nəğməsən" verilişlərlə daha da tanındım.

Tibbi proqrama gəlincə, artıq püxtələşmiş aparıcıyam və düşünürəm ki, maraqlı layihələrə uyğun aparıcılar yetişməlidir.

- Qeyd etdiyiniz kimi hər bir məşhurun parlaq bir zamanı olur, ancaq müəyyən vaxtdan sonra bu şöhrət-şan azalmağa başlayır… Bu mərhələ sizin fəaliyyətinizdə necə keçdi?

- Mən heç zaman kölgədə qaldığımı düşünmürəm. Ən azı, günü bu gün də küçədə gəzəndə insanlar məni tanıyır, xoş söz deyir… Deməli, tanınıram. İnstaqram səhifəm açıqdır. Bu günə qədər haqqımda neqativ şərh oxumamışam. Bunun özü bir göstəricidir. Mənim həyat tərzim başqadır. O qədər də əylənən, gecə həyatı yaşayan deyiləm.

- 21 yaşınızda səhhətinizlə bağlı ciddi problem yaşadınız. Məhz buna görə tibbi verilişə üstünlük verdiniz?

-O hadisədən xeyli vaxt keçib. Zamanında düzgün diaqnoz qoyulmadığı və müalicə edilmədiyi üçün bir çox sınaqlardan keçdim. Yaşadıqlarımı kiminsə yaşamasını istəmərəm. Ona görə də xəstə insanlara yardım etməliyik. Tamaşaçılarımın təşəkkürlə “sayənizdə yaxşı həkimə müraciət etdik” deməsi məni çox sevindirir.

- Bir çox kanallarda işləmisiz. Əməkdaşlığa son qoyanda əvvəlki münasibətinizi saxlamısınızmı?

- Problemli insan deyiləm. Hər kəsin düşüncə tərzi və yanaşması fərqlidir. Bu da normal haldır. Qarşı tərəfi həmişə başa düşməyə çalışmışam.

- Müsahibənizin birində qeyd etmisiniz ki, göz yaşınızı silib, efirə çıxdığınız anlar olub. Belə problemləri çox yaşamısınız?

- Gözyaşları olmasaydı, bu günkü Xədicə İsmayılova olmazdım… Onu da deyim ki, bir müddət Türkiyədə yaşadım. Özüm haqqında məlumat verəndə dedilər, siz yəqin böyük heyətlə çalışırsınız. Dedim, xeyr. Aparıcı verilişinin həm müxbiri, həm redaktoru, ssenasti, həm də müəllifidir. Mənə inanmadılar.

- Hansısa verilişə aparıcılıq zamanı sözü unutmusunuzmu?

- Elə vəziyyətə düşməmişəm. Canlı verilişlərə aparıcılıq etdiyim üçün ekpromt danışıram.

- "Space" kanalından yenidən iş təklif gəlsə, dəyərləndirərsiniz? Kanalın rəhbəri Vaqif Mustafayevlə münasibətiniz necədir?

- Vaqif müəllimlə münasibətim əladır. Sadəcə bir müddət Moskvada, Türkiyədə çalışdım. İstəsəydim xaricdə də işləyə bilərdim, amma orada vətəndaşlıq almaq çətindir. Həm də mənim burada ailəm var idi. Onları qoyub gedə bilməzdim. Ailəmə, torpağıma bağlıyam.

- Maraqlıdır, siz hansı kanalı hansı aparıcıya görə tanıyırsınız?

- Axşam saat 6-ya qədər kanalları izləyə bilmirəm. O saatdan sonra isə xəbərləri izləyirəm. ARB kanalının verilişləri çox xoşuma gəlir. Bu gün ünsiyyət xarakterli verilişlər azdır. Axı, bizim ziyalılarımız çoxdur. Əslində, bütün aparıcıları sevirəm. Kamilə Babayevanın şıltaqlığı, şirinliyi çox xoşuma gəlir. Onu ekranda tək aparıcı kimi də görmək istəyirəm.

- İllər öncə ağır xəstəliklə mübarizə aparmısınız. Hazırda o günlərinizi necə xatırlayırsınız?

- Bəli, 21 yaşımda səhhətimdə ciddi problemlər yaşadım. Amma insanların yaddaşında elə qalmaq istəmirəm. Təhlükəli xəstəlik idi, ancaq zamanında düzgün diaqnoz qoyulduğu üçün sağaldım.

- Bu xəstəliklərdən əziyyət çəkən insanların sayı çoxalıb. Marqlıdır, sizə xəstəliklə mübarizədə nə stimul verirdi?

- Heç bir stimul almırdım. Heç o vəziyyətdə də deyildim. Yəqin ki, bu, Allahın sınağı idi. Xəstəliyi həyatımın ən gözəl çağlarında yaşadım. Əvvəllər bu haqda danışa bilmirdim, həyəcanlanırdım.

Bir neçə gün öncə keçmiş iş yoldaşlarımla görüşmüşəm. Onlar dedilər ki, xəstəlikdən sonra Xədicənin həyata sevgisi çoxaldı. Allah mənə o qədər enerji verdi ki, hətta gecələr də yatmaq istəmirdim. Yatdığım zamana heyifim gəlirdi. Amma valideynlərim dünyasını dəyişdikdən sonra da çox böyük stress keçirdim. İşə gedib-gəlirdim, amma nələr çəkdiyimi yalnız divarlar bilir... 10 gün içində anamı itirdim. Anam üçün əlimdən gələni etdim. Vicdani hisslər baxımından rahatam. İçimdə bir nisgilim, "kaş ki" dediyim yoxdur. Nə yaxşı ki, gözəl ailəm olub. Atam müəllim, anam tibb işçisi idi.

- Deyəsən, qapalı insansınız?

- Xeyr, qapalı deyiləm. Əvvəllər insanlar problemlərini mənə danışırdılar. Axırda hiss etdim ki, də çökə bilərəm. Çünki bu qədər sirri, problemi daşımaq asan deyildi. Əgər kimsə mənə sirr etibar edirsə, onu qoruyan insanam. Buna görə düşünürəm ki, niyə öz problemlərimlə kimisə yükləyim? Həm də artıq əvvəlki Xədicə deyiləm. Son illər həyat mənə çox şey öyrətdi. Neqativlərdən uzaq olmağa başladım. Hər birimizin problemi var, sadəcə kimdə az, kimdəsə çox...

Bizim işimiz çox çətindir. Həyatımın ən önəmli varlıqları, valideynlərimi itirdikdən üç gün sonra efirə çıxdım. Çünki sənin faciə və probleminin olması heç kimi maraqlandırmır. Hətta bəzi izləyicilər deyirdi ki, bunun vecinə deyil. Halbuki insanın yaşadıqlarını yalnız özü bilir.

Adətən, pis vəziyyətə düşəndə kitab oxuyuram. Mənə kitablar pozitiv yükləyir. Bu gün rəfiqəm bizə gəlmişdi, gördüm, əhvalı yaxşı deyil. Kitab verdim ki, oxusun. Həyatdır və hər birimizin problemi var. Bizim də qəmli və sevincli günlərimiz olur. Bəzən sevinc və kədərdən gecə yuxumuz ərşə çəkilir, yata bilmirik. Amma mən xoşbəxtəm və hər axşam yatanda Allahıma şükür etməyi bacarıram. Kiminsə haqqını yemirəm.

-Gözlərinizdə sanki kədər var. Bu nə ilə bağlıdır?

- Gözümün quruluşu belədir, kədərli insan deyiləm. Ailəmə hədsiz bağlıyam. Adam uşaq vaxtı düşünür ki, müəllimlər yemək yemirlər. Mən də düşünürdüm ki, valideynlərimi heç vaxt itirməyəcəm. Onları itirində çətinə düşdüm.

- Yaşadıqlarınıza rəğmən güclü xanımsınız?

- Bəli, çox güclüyəm. Yaşadığım sınaqları və xəstəlik tarixçəmi bilən insanlar inanmaz ki, bu insan bu gün həyatdadır. Bunun özü də bir xoşbəxtlikdir. Deməli, o güc məndə var.

- Xarici görünüş baxımdan dəyişməmisiniz. Amma özünüzü çox ağır və ciddi aparırsınız.

- Bu, həyat təcrübəsindən asılıdır. Mənim tanıyanlar bilir ki, şıltaqlığım da var.

- Məncə çərçivələriniz çoxdur...

-Çərçivələrim var. Əslində mənə nöqsanlarımı, səhvlərimi kənardan deməyə ehtiyac yoxdur. Çünki yaxşı və pisimi analiz edə bilirəm.

- İnsanlara tez inanırsınız?

- Hə. Elə insan var ki, qarşısındakının hərəkətindən necə olduğunu müəyyən edir. Amma mən insandan yalanı, pisliyi görməsəm, haqqında pis düşünmürəm.

- Hansı tip insanların ətrafınızda olmasını istəmirsiniz?

- Neqativ və yalançı insanların.... İnsanlarla məsafə saxlamağı sevirəm. Bu yaşdan sonra özümə dost qazanmaq da istəmərəm. Sevda Ələkbərzadə, Kamilə Babayeva ilə uzun illərin dostlarıyıq. Tez-tez görüşməyə bilərik, amma ürəyimiz birdir.

- İkinci nikahı düşünürsünüz?

- Əlbəttə, düşünürəm. İnsanın təcrübəsi çoxaldıqca və həyata baxışı dəyişdikcə tələbləri də artır. Böyüklərimiz də hər zaman deyir ki, zamanında evlənmək, uşaq sahibi olmaq lazımdır. Çox uşaq sevən insanam. Qardaşımın övladlarıyla nəfəs alıram. İndi baxıram ki, artıq uşaq səsi, şıltaqlığı məni tez yorur. Amma uşaqlarla vaxt keçirməyin zövqü başqadır.

- Yəni uşağa görə ailə qurmaq istəyirsiniz...

- Xeyr, indi sadəcə tələblərim çoxdur. Həyatın hər üzünü görmüşəm. Hazırda evimin həm kişisi, həm də qadınıyam. Əvvəl valideynlərim var idi. Qardaşlarım da var. Allah canlarını sağ eləsin.

- Qardaşlarınızdan ayrı yaşayırsınız?

- Bəli, ayrı yaşayıram.

- Evlənəcəyiniz insandan tələblərinizin çox olduğunu qeyd etdiniz. Məsələn?..

- İlk öncə tənbəl yox, cəsur, mərd olmalıdır.

- Hazırda sevirsiniz?

- Xeyr.

- Niyə?

- Niyəsi olur?.. (Gülür).

- Özünüzdən kiçik bəylə evlənərsiniz?

- Evlənəcəyim bəy 5 yaş kiçik ola bilər, amma düşüncəsi mənə uyğun gəlməlidir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər