Evində çəkdiyi bir video ilə həyatı dəyişən gənc müğənni Çinarə Məlikzadə, meneceri, rejissor Ər-Torğul Kamalovla bərabər Teleqraf.com-un qonağı olub.
Onunla müsahibəni təqdim edirik:
-Çinarə xanım, bu yaxınlarda İlhamə Quliyevanın mahnısını ifa etdiniz. Ümumiyyətlə, İlhamə xanımla tanış idinimiz?
-Xeyr, İlhamə xanımla tanışlığım olmayıb. Amma onu yaxından tanımaq istərdim. Bu mahnını oxumaq təklifi 106.3 radiosundan gəldi, sevə-sevə qəbul etdim. Amma düzünü deyim ki, mahnını əvvəllər eşitməmişdim. İlhamə xanımın bütün mahnıları qəşəngdir. Bu isə onun məşhur olmayan mahnısı idi.
-Öz seçiminiz olsaydı, hansı mahnısını seçərdiniz?
-İnanın, onun hansı mahnısına qulaq asıramsa, onu da ifa etmək istəyirəm. O baxımdan seçim etmək olmur. İlhamə xanım unudulmaz mahnıları ilə bizə sərvət qoyub gedib, biz də gərək onları yaşadaq.
-Məşhurluğunuz Rafet El Romanla duet oxuyandan sonra daha da artdı. Bununla razısınızmı?
-Mən hələ də məşhurluq ab-havasında deyiləm. Bəzən fikirləşirəm ki, gözüm yuxarıda olduğuna görə belə hiss edirəm. Amma yenə də şükürlər olsun, telefona çəkilmiş video ilə uğur əldə etmək böyük şansdır.
-Bəs harada olmaq, hansı səviyyəyə qalxmaq istəyirsiniz?
-Azərbaycanı başqa ölkələrdə təmsil etmək, ölkəmizlə yanaşı oralarda da tanınmaq istəyirəm.
-Konsertdən sonra Rafet El Roman sizə işbirliyi təklif etdimi?
-Rafet El Roman sevdiyim müğənnidir. Onunla məni Nahid Eminoğlu tanış etdi, buna görə ona təşəkkür edirəm. Konsertdən öncə Rafetin musiqiçiləri ilə görüşmüşdük, elə həmin görüşdə ifamı videoya çəkib, ona göstəriblər. Deyilənə görə, çox bəyənib. Amma mən son ana qədər inanmırdım ki, o, məni səhnəyə dəvət edər. Həmin an inanılmaz həyəcan keçirirdim.
Rafet mənimlə bağlı fikirlərini konsertdə səsləndirdi. Yəni bizim səhnəarxası heç bir danışığımız olmayıb. Şəxsi təklifi olmayıb.
-Türkiyəyə gedib, orada fəaliyyət göstərmək istərdinizmi?
-Rafetlə məmnuniyyətlə, duet yazdırardım. Türkiyə məsələsinə gəlincə, “O səs Türkiyə” yarışmasına qatılandan sonra uzun müddət orda yaşamışam, işləmişəm.
Türkiyədə çox yaxşı ifaçılar var. Onların içərisindən seçilib, üzə çıxmaq çətin məsələdir. Ona görə istəyirəm ki, əvvəlcə öz vətənimdə tanınım, sevilim, öz yerimi tutum. Daha sonra başqa ölkələrdə fəaliyyət göstərmək barədə düşünmək olar...
-“O səs Türkiyə”də də çıxış etmisiniz. Amma bir o qədər ajiotaja səbəb olmamışdı. Səbəbi nə idi?
-Səhnədə çox həyəcanlı idim. Mahnı da mənə uğur gətirmədi. İndi də bəzi verilişlərə gedəndə mənə deyirlər özünü “O səs Türkiyə”dəki kimi təsəvvür elə, orda oxuduğun mahnını oxu. Deyirəm axı o mahnı mənə uğur gətirməyib. Bir sözlə, mahnını nə qədər sevsəm də mənə uğur gətirmədiyinə görə ondan qaçıram. Görünür, mənim parlamaq zamanım o gün deyildi.
-İndi qəribə bir tendensiya yaranıb, Azərbaycanda tanınmaq istəyənlər əvvəlcə “O səs Türkiyə” səhnəsinə çıxırlar. Sizin də məqsədiniz bu idi?
-Veriliş yeni yarananda maraq çox idi. Hamı o səhnəyə çıxacaq azərbaycanlı ifaçı ilə maraqlanırdı. Orda çıxış edib, məşhurluq qazanmaq olurdu. Amma artıq Azərbaycandan həddən artıq çox ifaçı o verilişə qatılır. Ona görə də verilişin ilk buraxılışlarında çıxış edənlər daha çox tanındılar.
-O səhnədə çıxış edən bəzi ifaçılar həmin yarışmada azərbaycanlılara qarşı haqsızlıq olduğunu iddia edirlər. Siz bu haqsızlıqlarla qarşılaşmısınızmı?
-Türklərin bizə qarşı çox yaxşı münasibəti var. Elə olmasaydı, Elnur birinci olmazdı. Amma hər dəfə azərbaycanlı birinci ola bilməz. Bu, bir dəfə olubsa özü böyük işdir. Mən bilirdim ki, əvvəl-axır yarışmadan uzaqlaşacam və bu, normal haldır. Bir də onların çox maraqlı xüsusiyyətləri var: insanı yarışmadan elə uzaqlaşdırırlar ki, heç incimirsən də... Sanki pambıqla adamın başını kəsirlər.
Hadisə bəyəndiyim, amma çox sevdiyim müğənni olmayıb. O yarışmada onu çox istədim, çox səmimi insandır. Jüri üvzlərini qınamaq olmur, çünki yarışmada kimisə çıxarmağa məcburdurlar. Düzünü deyim, mən o yarışmadakı ifamı bəyənməmişəm.
-Mahnını onlar təklif etmişdilər?
-Biz oxumaq istədiyimiz mahnıları yazıb onlara veririk, onlar da seçim edirlər. Mahnı ürəyimcə deyildi, çox bəm idi, ona görə mahnını istədiyim kimi oxuya bilmədim.
-Niyə məhz Türkiyədə qalmağa qərar verdiniz?
-Onların sənət ab-havası xoşuma gəldi. Hərənin öz işi var və hamı da öz işinə məsuliyyətlə yanaşır. Çox mehriban, istiqanlıdırlar. “O səs Türkiyə”dən uzaqlaşmağıma çox heyfslənmədim, çünki çox yaxşı dostlar qazandım.
Yarışmadan sonra türk dostum orda qalmağı təklif etdi. Qaldım, restoranlarda musiqilər ifa edirdim. Əslində, bura gəlmək fikrim yox idi. Sadəcə, qısa vaxt ərzində qohumlarımızdan birinin toyuna gəlmişdim.
-Videorolikin sosial şəbəkədə yerləşdirilməsi geniş miqyasda düşünülmüş addım idi?
-Bu, öz ideyam idi, Türkiyədə olanda yaranmışdı. Türkiyədə gitarist dostumla qısa videolar hazırlayıb, sosial şəbəkədə yerləşdirmək istəyirdik. Amma hər dəfə bir problemlə üzləşirdik. Bakıya gələndə Hacıbəy Heydərliylə görüşdüm, video çəkmək istədiyimi dedim, o da dedi çək, göndər. Videonu evdə çəkdim, göndərdim, o da paylaşdı.
-İfa zamanı elədiyiniz mimikalar o qədər də birmənalı qarşılanmadı...
-Bilirəm. Hamı məni bəyənmək məcburiyyətində deyil. Ona görə hamının fikrinə hörmətlə yanaşıram. “Gedək üzü küləyə” mahnısı çox sevdiyim mahnı idi. Ümumiyyətlə, Şövkət xanımın mahnılarını sevirəm.
-Məşhurlaşandan sonra toy qiymətlərinizi artırdınızmı?
-Mən qiymət danışa bilmirəm. Qiymət məsələləri ilə Ər-Toğrul məşğul olur. Ər- Toğrul Kamalov mənim “patok” yoldaşım olub, səkkiz ildir ki, bir-birimizi tanıyırıq, ailəvi dostuq. Eyni zamanda, “Gedək üzü küləyə” klipimin rejissoru, həmçinin menecerimdir.
Hər bir addımı məsləhətləşərək atırıq. Toy, doğum günü məclislərindən qazandığımı yığıb mahnı və aranjemanlara xərcləyirəm. Bəzən olur, geyimə belə pul ayıra bilmirəm.
-Bizdə sponsor sözünü yaxşı başa düşmürlər.
-Normal şəkildə sponsor olsa, bunun nə ziyanı var.
-Sponsora şərtləriniz nə olar?
Ər-Toğrul Kamalov: Dünya təcrübəsində sponsor müğənni ilə müqavilə bağlayır. Albom buraxmaq, klip çəkdirmək, konsert təşkili, eləcə də, reklam məsələləri ilə bağlı müğənniyə maliyyə ayırır. Və gələn gəlir iki tərəf arasında bölünür.
Amerikada müğənni toya gedib pul qazanmır. Bir də var, bildiyimiz sponsor. O sponsor deyir sənin bütün konsertlərini təşkil edirəm, disklərini buraxıram. Soruşursan ki, qarşılığında nə istəyirsən. Deyir mənimlə axşamlar çay evlərində çay içəcəyik, söhbət edəcəyik, dostlarımın yanına gedib-gələcəyik və s. Sən də baxırsan ona, deyirsən Allah razı olsun, birdəfəlik çıxıb gedirsən. Ona görə sponsor tapmırsan.
Bir təklif gəlmişdi, danışdıq, sadəcə, bəzi məsələlərdə razılığa gələ bilmədiyimizə görə işimiz alınmadı. Həmin adam instaqramda nömrələrini yazmışdı. Mən zəng elədim, danışdım, məlum oldu ki, xanım Bakıda yeni bir şirkət açıb. Bəzi şərtlərlə bağlı uyğunlaşa bilmədiyimə görə işbirliyimiz alınmadı. Bu tipli sponsorluğa həmişə açığıq.
-Şou-biznesdə çox yenisiniz. Özünüzə qarşı qruplaşma, qərəz hiss edirsinizmi?
-Şou-biznesdə demək olar ki, heç kimlə əlaqəm, yaxınlığım yoxdur. Ona görə onları hələ yaxşı tanımıram. Özümə qarşı qruplaşmanı, qərəzi hiss etməmişəm. Mən öz aləmimdə olan adamam.
Ər-Toğrul Kamalov: Yersiz qalmaqal çirkab sayılır. O çirkaba niyə bulaşaq?
-Amma reallıq budur ki, tanınmaq üçün ya soyunmalısan, ya qalmaqal etməlisən...
Ər-Toğrul Kamalov: Çinarə xanım sübut etdi ki, tanınmaq üçün nə soyunmaq, nə də qalmaqal etmək lazım deyil.
-Müsahibə alanda jurnalistlər dedilər ki, kiməsə nəsə de, qalmaqal elə... Razılaşmadım. Dedilər sən bu gedişlə qabağa gedə bilməyəcəksən. (gülür)
-Gələk, qalmaqallı klipinizə...
-Rejissorun özü də burdadır. Nə istəyirsinizsə, deyə bilərsiniz.
-Toğrul bəy, bu qədər tənqidlərdən sonra klipi çəkdiyinizə görə peşman oldunuzmu?
-Qətiyyən peşmanlığım yoxdur. İlk növbədə onu deyim ki, mən klip rejissoru deyiləm. Bu vaxta qədər teatr, kino sahəsində işləmişəm, “Azdrama”da tamaşa hazırlamışam. Klip rejissorluğu isə başqa bir sahədir. Klipin əsas məqsədi – müğənninin ifasını təqdim etməkdir. Bu məntiqlə yola çıxdım və çəkdim. Eyni zamanda, klip rejissoru kimi iddiam da yox idi. Digər tərəfdən Çinarə 8 illik dostumdur, onun məndən istədiyi klipin mənə uğursuzluq gətirdiyini bildiyim halda belə yenə çəkərdim.
-Toğrula başqa müğənnilər tərəfindən də klip çəkmək təklif olunub.
Ər-Toğrul Kamalov: Bundan sonra da bu tipli kliplər çəkməyi davam etdirəcəyik. Çünki bu cür klipi heç kim çəkdirmir. Risk eləmirlər. Nə mən bir rejissor kimi, nə də Çinarə bir müğənni kimi standartları sevmirik. Çinarənin səsi olduğuna görə onu heç nə ilə bəzəməyə ehtiyac yoxdur. Mahnılarına fikir versəniz görəcəksiniz ki, çox sadə aranjemanı var. Çünki səsini ört-basdır eləmək istəmirik. Bu aranjemançıların işini rahatlaşdırır, amma digər tərəfdən onlarla bütün günü qırğın-davadayıq.
-Niyə?
-Fərqli yozum istəyirik. Bir çoxları da deyir ki, belə etmək olmaz. İlhamə xanımın mahnısı Çinarə xanımın ifasında nəqarət hissəsi ilə başlayır.
Bir aranjemançı var idi, əlimizdən bezdi, axırda dedi ki, mən “Rec” düyməsini basıram, qalanı nə istəyirsinizsə edin.
-Alim Qasımovdan sonra “Xatirədir” mahnısını ifa etdiniz, çox bəyənildi. Sizi telekanalların birində Alim Qasımova həsr olunan verilişdə də sizi görəcəyimizi düşünürdük.
-Amma elə bir təklif gəlmədi.
-Bəs Alim müəllim ifanızı eşidibmi?
Ər-Toğrul Kamalov: Güman ki, məlumatı var. Biz mahnının yenidən aranjeman olunması ilə bağlı Baba Vəziroğludan icazə istədik, böyük məmnuniyyətlə razılaşdı.
-Repertuarınızda daha çox retro mahnılara üstünlük verirsiniz. Dəyişiklik edəcəksinizmi?
-Bəstəkarlar mənə çox mahnıları hədiyyə edirlər. Onlara çox təşəkkür edirəm. Hələ ki, pul verib mahnı almamışam. Amma sizə deyim mən köhnə mahnılarımızı daha çox bəyənirəm.
-Çox saf və səmimisiniz.
-Çox adam deyir dəyişəcəksən. İnsanıq, hər şey ola bilər. Gözləmədiyim insanlardan elə şeylər gördüm ki, artıq böyük danışmaq istəmirəm. Amma ümid edirəm dəyişmərəm.
Bilirsiniz, mən neçə illərdir ki, eyni insanam. Dəyişən ətrafımdakılar olur, bir-bir çıxıb gedirlər, mən yenə eyni adam olaraq qalıram.
-İddialı birisiniz? Məsələn, mən birinci olum, ilkə imza atım...
-İddialıyam. Hamı istəyər ki, ilkə imza atsın. Amma “Mən bir nömrəyəm, birinciyəm” sözlərini sevmirəm. Çünki hər kəsin öz yeri var, öz auditoriyası var. Mən başımı salıb, öz işimlə məşğul oluram, qiyməti isə xalq verir. Heç kim heç kimin yerini tutmur.
-Şou-biznesdə Röya və Aygün Kazımova qruplaşması var. Seçim etmək lazım gəlsə, hansı ilə duet oxuyardınız?
-İkisi də uşaq yaşlarımdan sevdiyim müğənnilər olub. İkisi ilə duet oxumuşam. Aygün Kazımovanın kasetlərini yığırdım, bir dəfə konsertinə getdim, orda insanlar öz istəklərini bir kağız parçasına yazıb, səbətə atırdılar. Mən yazdım ki, mikrofonu mənə verə bilərsinizmi? Səbətdən mənim kağızım çıxdı, elə orada birgə oxuduq.
Röya bir gün radioda çıxışı zamanı dedi ki, mahnımı kim yaxşı oxusa konsertimə bilet hədiyyə edəcəm. Verilişə zəng etdim, “Səninəm” mahnısını oxudum. Ardınca da “Söylə” mahnısını birlikdə oxuduq.
Amma bu danışdığım hadisələri indi heç biri xatırlamaz. Çünki o vaxtlar çox balaca idim.
-Çinarə xanım, arıqlamağı necə, düşünürsünüzmü?
-Mütləq, hətta idmana yazılmışam.
-Bəs ailə qurmağı?
-Yox. Gərək elə bir insan olsun ki, məni olduğum kimi qəbul etsin. Bu da çox çətindir.
-Çox kaprizlisiniz?
-Kaprizlərim var. Bir də ki, sənətlə ailəni birgə yeritmək çox çətindir. İnsan nəyə vaxt ayıracağını düşünə bilmir.
Özüm Mədəniyyət və İnsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Müəllimim də Yaşar Nuri olub. Seriallardan o qədər təkliflər alıram ki... Amma dəyərləndirə bilmirəm. Çünki bu, mənim müğənnilik fəaliyyətimə vaxt etibarı ilə mane ola bilər. O ki, qaldı ailəyə... Bu işlər qismət işləridir, bilməz olmaz (gülür).
-Sevdiyiniz adam “Ya sənət, ya ailə” desə nə edərsiniz?
-Ailəni seçərdim. Mənə görə ailə daha vacibdir.
-Çinarə xanım dedi ki, kaprizləri var. Bunun nələrdən ibarət olduğunu onunla işləyən adam bilər.
Ər-Toğrul Kamalov: Ən xoş vəziyyətdə belə qəflətən halı dəyişə bilir. Mən də bundan narahat oluram. Soruşanda da qışqırır. Bir, iki saat gözləyirəm, halı düzələndən sonra yenidən soruşuram. Bəzən olur həmin gün halını düzəlmir. Onda iş planında dəyişiklik edirik.
-Onda Toğrula deyirəm heç nə soruşma, bir azdan keçəcək. Çox dəyişkən xarakterim var. Bəzən olur heç nə danışmıram, oxumaq belə istəmirəm, bəzən də olur məni susdura bilmirlər. İçimdən necə gəlir, elə davranıram.
Ər-Toğrul Kamalov: Bəzən danışdığımız tədbirlərə gedəndə belə oxumaq istəmir. Üstünə düşmürəm. Gedib tədbir təşkilatçıları ilə danışıb, məsələni yoluna qoyuram. Bir də maşında həmişə aptekçamız var. Neçə ildir oxumasına baxmayaraq hər səhnəyə çıxmamışdan öncə böyük həyəcan, stress yaşayır.
Biz də sonda Çinarə xanımın kefinin yaxşı olmasından istifadə edib, ondan “Xatirədir” mahnısından bir parça oxumasını xahiş etdik. Sağ olsun, bizi qırmadı...
Nərmin Muradova
Rəqsanə Həsənova
Foto/Video: Elçin MURAD