22 İyul 2014 11:41
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış bəstəkar Aygün Səmədzadə mahnıların söz və musiqisinin müəllifinin adını ictimaiyyətə təqdim etməyən müğənniləri məhkəmə ilə hədələyib.

O, öz "Facebook" səhifəsində konkret ad çəkmədən bəstələdiyi mahnılarda adını qeyd etməyən müğənnilərə sərt ismarıc göndərib:

"Müğənnilər, instrumental ifaçılar və sənətlərinin adını bilmədiyim digərləri... Müəlliflik hüquqlarımızı pozursuz! Mahnıları ifanızda, şəklinizi qoyub paylaşırsız, yalnız öz adınızı qeyd edirsiz. Camaat da dinləyib, sizə təriflər yazır, mahnılarda olan bütün üstünlükləri sizinlə bağlayır. Sanki, bu mahnıları bəstəkar-şair yazmayıb, sizin repertuarınıza hansısa toyuq yumurtlayıb... Zəhmət də olsa, nəhayət anlayın, bunu - icazəsiz hər hansısa müəllif əsərini ifa etmək və bu azmış kimi müəllifləri qeyd etmədən paylaşmaq təkcə tərbiyəsizlik deyil, hüquq pozuntusudur. Sizi bir-bir məhkəməyə verib böyük məbləğ qazanmaq ehtimalımız da varE Bəlkə də mahnı almaq istərkən qonorar ödəmək sizə çətin olduğundan, halal haqqımızı sizdən bu yolla almağımızı istəyirsiz?".

"Həmin insan 150 min TL təzminat ödəməlidir"

Bəstəkar Gövhər Həsənzadə qəzetimizə açıqlamasında bu məsələdə həmkarı Aygün Səmədzadəni dəstəklədiyini bildirib: "Aygün xanım çox düzgün qeyd edib. Yaradıcını danmaq olmaq. Aygün xanım bunu öz adına görə demir ki... Şükür Allaha, onun reklama ehtiyacı yoxdur. Bu, bizim sənətə olan laqeyd münasibətdir. Çıxırlar efirlərdə oxuyurlar adımızı qeyd etmirlər". Belə işlərdə çox sərt addımlar ata bilmədiyini deyən bəstəkar əcnəbi ölkələrdə icazəsiz oxunan mahnıları ilə bağlı qəti qərar qəbul edib:

"Mən hazırda icazəsiz mahnımı oxuyan əcnəbi müğənnilərin siyahısını tərtib edirəm. Məsələn, Tacikistanda fəaliyyət göstərən bir müğənni, eləcə də dağıstanlı Samirə adlı ifaçı mahnılarımdan birini məndən icazəsiz oxuyublar. İllər əvvəl rusiyalı tanınmış müğənni Valeriya da Almaz Ələsgərovanın repertuarında olan "Yazığım gəlir sənə" mahnımın tam versiyasını götürüb, tərcümə edib oxumuşdu. Bu çox əvvəl olduğuna görə yenidən onu gündəmə gətirməyəcəm. Amma son illərdə kim oxuyubsa, onlara qarşı çox sərt olacam. Bu mənada Müəllif Hüquqları Agentliyi mənə hər cür dəstək olacağını deyib. Əfsuslar olsun ki, Türkiyədə heç kim mahnımı qanunsuz oxumur. Mən Türkiyədə fəaliyyət göstərən MESAM qrupunun üzvüyəm və müqaviləyə əsasən onlar bu kimi məsələlərə çox diqqət yetirirlər. Əgər qanun pozuntusu olarsa, həmin insan 150 min TL təzminat ödəməli olur. Kim istəməz 150 min TL alsın? (gülür) Ona görə də orda kim oxuyubsa, adımı qeyd etməyə məcburdur. Həmçinin efirlərdə səslənən mahnılarıma görə, hesabıma pul köçürülür".

Nərmin


Müəllif: