23 Avqust 2017 20:12
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır xəstəlikdən əziyyət çəkdiyi deyilən, hətta bir ara ölüm xəbəri yayılan “Faytonçu” ləqəbli müğənni Nazim Pişyari əməliyyatla onun durumunu daha da pisləşdirmiş həkim Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

Müğənni Teleqraf.com-a bildirib ki, prokurorluq araşdırmaya başlayıb: “Bu işin sonu məhkəmədir. Naşı həkimlə məhkəmədə görüşəcəyik. O, mənə külli miqdarda maddi ziyan vurub. Lakin mənim əsas məqsədim başqalarının da başına bu oyunun gətirilməsinə imkan verməməkdir. Bu cür həkimlərin qarşısına sədd çəkmək lazımdır. Mən bu halla üzləşən birinci və sonuncu adam deyiləm. Bu insana həkimlik qadağan olunmalıdır. Belə həkim olar?

Görmüşük ki, həkimin xəstəyə xeyri dəyər. Amma o, mənə ziyan vurdu. Onu həkim adlandırmaq da düzgün deyil, 2 ay kurs keçib, cərrahlıq edir. Bütün qəbzlər əlimdədi. Düz 62 min dollar xərcim çıxıb. Bu qədər pulu həkim səhvinə görə xərcləmişəm. Mənə dəyən maddi ziyanı qaytarsın.

Bundan əlavə mənə dəyən mənəvi ziyan da ödənməlidir. İşimdən, səhnəmdən, qazancımdan olmuşam”.

Nazim Pişyari əvvəllər heç vaxt xəstələnmədiyini bildirib: “Heç vaxt xəstəlik keçirməmişəm. Sadəcə öd kisəmdə sancılar yaranırdı. Qərara aldım ki, öd kisəmi kəsdirim. Elman Əzimov adlı həkimin yanına gəldim. O da məni necə əməliyyat elədisə, içəridə məni qanaxma götürdü.

Fəsadlar yarandı, həkim mənim öd kisəmin yollarını tikdi. Əməliyyatdan sonra lap pis günə qaldım. Mənə az qala xərçəng olduğumu dedi. Türkiyəyə getdim. Orda da xeyrə dəyişiklik olmadı. İsraildə həkimlər tikişlərə baxdılar, təəccübləndilər.

Dedilər ki, sizi kim belə əməliyyat edib? Deformasiyaya uğramış öd kisəsini laparoskopiya ilə əməliyyat etmək olmaz. Bu, həkim səhvidir.

Nəisə, silsilə əməliyyatlardan sonra qayıtdım. Şükürlər olsun ki, indi yaxşıyam. Hazırda müalicəm bitib. Heç bir iynə-dərman qəbul etmirəm. Reabilitasiya dövrünü yaşayıram. O itirdiyim çəkiləri indi bərpa etməyə çalışıram”.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər