Müğənni Niyam Səlami Fidan Süleymanova ilə yeni layihəyə imza atıb.
Teleqraf.com-a eksklüziv açıqlama verən Niyam Fidanla birgə oxuduğu duetin adının “Mən xəstə, sən də xəstə” olduğunu bildirib:
“Mahnının aranjemanı Rəşad Masallıya məxsusdur. Mahnının musiqisinin müəllifi elə Fidan xanım özüdür. Bu bizim ilk işimiz deyil. Daha öncə “Qonağam yaşadığım şəhərdə” mahnımın da bəstəkarı o olub. Bir neçə günə mahnını təqdim etməyi planlaşdırırıq”.
İfaçı sentyabr ayında Rüfət Axundovla da başqa bir layihəyə başlayacağını söyləyib:
”Rüfətlə layihəmi Fərid Ağaya həvalə etmişik. Təsəvvür edin, mahnının sözləri hələ tam hazır deyil. Amma möhtəşəm bir yenilik edəcəyik. Xarici musiqidir. Bu mahnı hazır olduqdan sonra rəqqasə Rəna Ağamuradovanın iştirakı ilə açıq-saçıq səhnəli klip çəkməyi planlaşdırırıq. Mahnı bunu tələb edir. Çox kreativ klip düşünmüşük. Kim nə istəyir desin, bu ideyamı mütləq ekranlaşdıracağam”.
Söhbət əsnasında Niyam Səlami əvvəllər dulusçu olduğunu açıqlayıb: “Mən əvvəllər dulusçu olmuşam. Bu sənətlə pul qazanmışam. Klipdə də bu bacarığımı hamı görəcək. Dulusçuluq asan peşə deyil. Palçıqla rəqsi elə ustalıqla işləyəcəyik ki, gəl görəsən. Onu bilirəm ki, tamaşaçılar hələ belə bir şey görməyiblər”.