Sizə 2000-ci illərdən danışıram...
Elə bil estradanın canına bir od düşdü, canlanma baş verdi səhnəmizdə. Sən demə, Ay və Gün doğulubmuş.
Elə bir dövr idi ki, həqiqətən bütün zülmətləri işıqlandırdı gəlişi. Elə gəlməyiylə də ard-arda dinləyici kütləsini ələ almağı bacaran mahnıları, klipləri və cəsarətli jestləri... Artıq insanların dilində Aygünün adı hallanır, onun hərəkətləri müzakirə mövzusu olur və həyatı hər kəsi maraqlandırırdı. Hətta yadımdadır ki, Aygünün, həyatında gəlmişindən-keçmişinə olan kişilərin sensasyon sayının açıqlaması insanlarda qərəz doğurmuşdu, amma zaman keçdikcə öyrəşdilər. Xalq öz Aygününü olduğu kimi qəbul etməyə başladı.
Mövzuya Aygün haqda xoşməramlı fikirlə bağlamağımın mütləq bir səbəbi var. Məlum 18+ klip haqda fikirlərimi bildirmək istəyirəm. İzlədiyim gündən düşünürəm ki, görəsən yazını necə başlayım ki, Allaha və oxuculara xoş getsin? Elə hey öz-özümə düşünüb durdum:
- Axı Aygün xanım bu kliplə nə demək istəyir?
Doğrudur, insanların Aygünə olan bələdliyindən və “+18” işarəsinə olan aclığından klipin izlənmə sayı rekord həddədir, amma bu, heç də həmin klipin əsrarəngiz və ya elə izləyicilərin təbiriycə desək, “partlatmış” sayılmır. Klipin süjet xəttini təşkil edən fahişə obrazı, Aygün xanımın ifasında illər öncə çəkdirdiyi “Şəklimi çək” klipində daha maraqlı alınmışdı. Kifayət qədər maraqlı, kifayət qədər anlaşılan. İnsanlara klipdə əxlaqsız obrazı oynadığını göstərməkçün qoca kişinin, gənc oğlanların yatağına girməyə, yolda dayanıb maşınları saxlatmağa, açıq-açıq qiymət və ya məkan danışmağa hacət qalmamışdı. Belə desək, hər zaman yenilikləriylə dinləyicilərini sevindirməyə çalışan sənətçi xanımın növbəti uğuru idi “Şəklimi çək”. Bəs sonra nə oldu? Adının Namiqlə birgə hallanmağa başlandığı andaca hər şey krizis nöqtəsinə dirəndi. Artıq sənətlə deyil, cütlük halında gündəmi zəbt etməyə başlamışdılar, amma məlum... belə gündəmin bir gün sonu olacaqdı. Cütlük əvvəl-axır parçalanacaqdı. Bəs Aygün xanımın fəth etdiyi sənət zirvəsinin aqibəti necə olacaqdı? Kim ağlayacaqdı ölməkdə olan bu sənəti? Namiqlə ifa etdiyi duetləriylə zorladığı sənətinin bakirəliyini yenidən necə qazanacaqdı? Görünür Aygün xanım da bunu gec-tez dərk etməyə başlamışdı: başının Namiqə qarışdığı bir zamanda əldən gedən uğurlu gündəmi yenidən tutmağa çalışırdı. Ard-arda yeniliklərə imza atmağa çalışan Aygün Kazımova, görünür o qatarı geri qaytara bilmirdi. Təbii ki, danmaq, görməzdən gəlmək doğru olmaz, həqiqətən incəsənət və şou-biznes naminə çox böyük fədakarlıqlar etmişdi o. Məsələn, Azərbaycan səhnəsində ilk plastik əməliyyat edənlərdən, ilk soyunanlardan idi, bütün bunlar da onun sənətinin fövqündə duran çox cəsarətli addımları idi. Türkün sözü, “ya sonra”...?
Qayıdaq haqqında ən çox danışılan həmin “S.U.S.” klipinə. Fanatları tərəfindən xoş, sıradan bir izləyici tərəfindən isə qeyri-xoş qarşılanan həmin klipin pərdə arxası deyil, elə məhz pərdə önü həqiqətənmi gərək idi? Bir məsələ də var: məsələn mahnı gözəl olsaydı, klipə, klip gözəl olsaydı, mahnıya göz yummaq olardı. Heç biri gözəl deyilsə? Məgər bu mahnı həqiqi bəstəkarlara və söz müəlliflərinə qarşı ədalətsizlik olmadımı? O müəlliflər ki, Aygünün gündəmə gəlməsində və gündəmdə qalmasında müstəsna xidmətləri olub. Görəsən klipi izləyəndə Vaqif Gərayzadənin, Cavanşir Quliyevin, Eldar Mansurovun düşüncələri nə olub?
“Mən Aydan gəlmişəm”, “Gecələr keçir”, “Tənha qadın”, “Matros”, “Bizim qızlar”, “Məktub”, “Səndən nigaranam”, “Son söz” və bir çox saymaqla saya gəlməz mahnılar... Bu mahnıların cərgəsinə yaraşırdımı?
Məni düşünməyə məcbur edən ən çox da “xalq artisti” adı oldu. Bu adı almaqçün zəhmət çəkən sənətçiyə bu klip həqiqətənmi lazım idi? Dünya şou-biznesində də var bu kimi kliplər, hətta bundan betəri də var və yayınlanma saatında heç bir məhdudiyyəti yoxdur, fəqət onların nə şouları, nə də həmin şoudan gələn biznes gəlirləri bizimkiylə müqayisəyə gəlmir. Rihanna, Şakira, Beyons striptiz klip çəkdirəndə mütləq bir çıxarıları olur. Maraqlıdır, görəsən bizim xalq artistimizin çıxarısı nə oldu?
Məni düzgün anlayın. Təbii ki, bu, Aygün sənətində nə ilkdir, nə son. Onun “Sənsizliyim” klipi də, elə həmin ərəfələrdə “Sarı” qəzetlərdə yayılan açıq-saçıq fotoları da sənətinə möhürünü vurmuşdu. Təbii ki, Aygündən sonra heç kəsdə alınmadı, alına da bilməzdi, çünki bu bir ilk idi, o ilk ki, imzanı Aygün atmışdı. Deməyim bu ki, məlum klip tabuları qırmaq xarakteri daşıyırsa, Aygün xanım o tabuları illər öncə zatən qırmışdı. Bu səbəbdən klip haqda yalnız bu sözləri deyə bilərəm: gündəmdən düşmək qorxusu yaşayan xalq artistinin gündəm xatirinə çəkdirdiyi həvəskar çəkilişdən başqa bir şey deyil. Mahnı sıfır, klip sıfır. Təəssüf ki, Aygün xanımın illərdir çəkdiyi zəhmətinin, həqiqi sənətinin fonuna girə bilmədi.