Müğənni Eldar Qasımov Ukraynada “Komsomolskaya pravda” qəzetinə müsahibə verib
Sualları cavablandıran ifaçı “Eurovision 2013”də Ukraynanı təmsil edən Zlata Oqneviçlə necə tanış olmasından danışıb:
“Çoxdandır fərqli duet yazdırmağı planlaşdırırdım. Zlata ilə bir dəfə təyyarədə qarşılaşdıq. Kiyevdən Bakıya birlikdə uçduq. Əvvəlcədən onu tanıyırdım, “Eurovision”dakı çıxışını izləmişdim. Yolboyu hər şeydən danışdıq. Yanımda kompüterim var idi, Zlataya bir neçə, eləcə də “İce and Fire” (“Buz və alov”) mahnımı dinlətdim. Qərara gəldik ki, ondan yaxşı duet alınar. Onu çox bəyəndim. 5 dəqiqə içində başa düşdüm ki, bir-birimizə çox bənzəyirik. Qısa vaxt ərzində danışıqlar apardıq, indi duetimiz hazırdır, avqustun 9-da təqdim edəcəyik. Mahnını ilk dəfə Ukraynanın “Eurovision” uşaq müsabiqəsindəki təmsilçisinin seçiləcəyi gecədə səsləndirəcəyik. Sonra isə ümid edirəm ki, Ukrayna və Azərbaycana qastrol səfərlərinə çıxacağıq”.
Eldar “Fevralda Kiyevə yollandınız. Müharibənin qaynar vaxtı bura gəlməkdən qorxmadınız?” sualına isə belə cavab verib:
“Yox, çünki biz də 20 ildir müharibə şəraitində yaşayırıq. Mən şəhərdən kənarda qalırdım, iğtişaşlar isə mərkəzdə idi. Deyirdilər ki, sakitçilikdir. Amma təşkilatçılarla danışanda güclü atışma səsi eşidirdim. Hətta bizim qaldığımız yerə şəhərdə atılan güllələrin yanıq qoxusu gəlirdi. Bu dəfə isə dayana bilmədim, Maydanedə nələr olduğunu görmək istədim. İnsanlar mübarizə aparırlar, onları alqışlayıram. Biz də əsgərlərimizi itirdik, onlara görə pis oluram”.
/Axşam.az/