Xalq artisti İlhamə Quliyeva İtaliyadan ev alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Müğənni əməkdaşımızla söhbətində bunun şayiə olduğunu söyləyib:
“İtaliyaya istirahətə getmişdim, ev almağa yox. Gedib dincəldim, qarderobumu yenilədim, qayıtdım. Getməzdən əvvəl Xarici İşlər Nazirliyinin əməkdaşı İtaliyadakı səfirliyimizə mənim gələcəyimi xəbər vermişdi. Çox gözəl qarşılandım, otelə yerləşdirildim. Yaxşı hörmət gördüm”.
İ.Quliyeva avqustun 17-də olacaq ad günü ilə bağlı planlarını təxirə saldığını deyib:
“Analarımız gözü yaşlıdır, şəhidlərimizin 40-ı hələ çıxmayıb. Mən necə vur çatlasın edə bilərəm? Ad günü keçirməyəcəm. Hətta “Space” telekanalının rəhbəri Vaqif Mustafayev mənimlə bağlı böyük veriliş hazırlamışdı. Ondan xahiş etdim ki, həmin çal-çağırlı proqramı dayandırsınlar. Təmtəraqlı məclis keçirməyi özümə rəva bilmirəm. Ali baş komandanımız müharibə ilə bağlı düzgün qərar verəcək. Bu problemlər müsbət yöndə həll olunacaq. Buna inanıram. Ondan sonra mən qələbəni vur çatlasınla qeyd edəcəm. Ad günümdə bağımda olacam. Yaxın rəfiqələrimlə birlikdə kiçik bir qadın məclisi keçirməyi düşünürəm”.
/Axşam.az/