Həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kikboksinq millimizin baş məşqçisi Anar Süleymanov azadlığa buraxılıb.
Bu barədə Oxu.Az-a Süleymanovun özü məlumat verib.
O bildirib ki, fevralın 13-də Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb.
Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb:
“Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələlərdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq.
Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin.
Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.
İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm.
Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir”.
Daha sonra Süleymanov kikboksinq millisinin kapitanı Ramal Aslanovun onun haqqında səsləndirdiyi fikirlərə də toxunub:
“Həbsdə olduğum müddətdə Ramal haqqımda danışıb. Onu qeyd edim ki, mən budo döyüş növü üzrə üç dəfə dünya çempionu olmuşam, bir dəfə Dünya Kubokunu qazanmışam. Budo üzrə idman ustasıyam. Universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olmuşam.
Kikboksinqdə isə bir sıra peşəkar turnirlərin qalibiyəm. Yəni mən heç vaxt heç yerdə kikboksinq üzrə dünya çempionu olduğumu deməmişəm. O mənə kikboksçu kimi öz dəstəyini verməkdənsə, yıxılana balta vurmaqla keçdi o qız tərəfə. Halbuki onunla duz-çörək kəsmişdim.
Azərbaycan çempionatında ilk döyüşdən nokauta düşməyimə də aydınlıq gətirim. 2016-cı ildə 16 kq çəki salmışdım və ilk gün üç döyüşüm vardı. Birinci döyüşdə vaxtından əvvəl qalib gəldim, ikinci döyüşdə rəqibim rinqə çıxmadı. Üçüncüdə isə çəki saldığım üçün halım çox pis idi. İkinci raundda gözüm qaraldı, zərbələri görmürdüm. Amma heç bir nokdaunsuz döyüş dayandırıldı və mənə texniki məğlubiyyət verildi.
Ramal pis idmançı olmasa da, onun özünün də nokauta düşməyinin şahidi olmuşam. Məsələn, ötən il Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar beynəlxalq turnirdə Ramaldan da təcrübəsiz türk idmançı Mükrəmin Gülər ikinci raundda onu biabırçı şəkildə məğlub etdi. Ondan bir il öncə isə Çeçenistanda ayağını tutub döyüşü dayandırdı və bu da federasiyanın qınağına səbəb oldu. Biz döyüşəndə Ramal hələ kiçik uşaq idi. Yəni onun mənim haqqımda fikir bildirməyi hələ tezdir”.