Müğənni Roza Zərgərli mərhum repçi Rüfət Əfəndiyev (Ryder) haqda təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, o bu haqda özünün İnstaqram hesabında yazıb.
Roza bu gün Rüfətin doğum günü olduğunu qeyd edib və onunla birlikdə çəkildiyi klipi paylaşıb: “Bilmirəm, 12 mart tarixində hansı dahi şəxslər doğulub, yaxud kimsə kiminləsə saziş bağlayıb, ya da müharibə başlayıb.
12 mart tarixində mənə görə Azərbaycanın müasir incəsənətinin itirdiyi, əfsus ki, aramızda olmayan istedadlı, təkrar olunmaz şəxs, “Klan A Plan” rep qrupunun mərhum üzvü Ryder (Rayder) təxəllüslü Rüfət Əfəndiyev Məcid oğlu dünyaya göz açıb. Həkim və kimyaçı ailəsində doğulmuş böyük savada malik ailənin kiçik övladı Rüfət gözəl bəstəkar, aranjeman və müğənni idi. Bu sahədə hamımızdan ağıllı idi. İncəsənətimizdəki bayağı “nanayları” təmizləmək üçün müasir janrlara üstünlük verirdi. Onunla biz fərqli “Klan A Plan” idik.
Bilirsiniz ki, 2000-ci illərin birinci 10 illiyində belə bir qrupumuz var idi. “Mir” telekanalında “Savaş” qrupunun studiyasında yığılardıq. Rüfət də qrupumuzun gücü idi.
2010-cu ilin oktyabrın 17-də heç nədən ürəyi dayandı. Heç nədən. Sanki Allah onu bu çirkin dünyaya yaraşdırmadı və 26 yaşında yanına aldı. Bu gün sağ olsaydın, 35 yaşını qeyd edirdik, dostum”.
Klipi təqdim edirik: