Üzünü birinci dəfə gördüyüm, haqqında bir kəlimə belə eşitmədiyim müğənni bir gün görsəm ki, deyir, “məni xalqın sevgisi yaşadır” - ona dərhal inanıram. Əminəm ki, onu xalqın sevgisi yaşadır. Bu elə-belə və insan eqosuna əsaslanan əminlik yox, dəqiqləşdirilmiş və dəfələrlə sınaqdan keçiriləndən sonra gəlinən yekun nəticədir ki, onları xalqın sevgisi yaşadır.
Məsələnin məşum sirri də elə burada gizlənib – xalqın adından danışmağı bacaranların əminliyində...
Səsləri və istedadları ilə diqqət çəkməyi bacarmayan bu kimi müğənnilərin hamısı özlərinə maraq oyatmaq üçün nə gəldi edir. Biri bunu öz nəsil-şəcərəsini, əzizlərini ona qurban etmək vədini verərək, qarşısında diz çökənlərin önündə lütlüyü ilə hökmranlıq edərək, digəri Amerikanı Avropanın paytaxtı kimi görən islaholunmaz başsızlığı ilə edir.
Qalanların da özlərini gözə soxmaq üçün belə taktları var.
Həqiqət çılpaqlığıyla ortadadırsa, bəs niyə səsləriylə özlərinə maraq oyada bilməyən, qeyri-peşəkarlığın şizofrenə çevirdiyi bu müğənniləri dinləyirik? Yəqin ki, hamıdan yüksək səslə çığırmağı bacardıqlarına görə - sükunət dövründə həmişə birinci danışana qulaq asırlar. Belələri də sənətin şələ-şüləsini yığışdırıb bir köşəyə çəkildiyi dövrdə məharətlə qışqırmağı, sükutu pozmağı yaxşı bacarır.
Bəli, onlar oxumur, bu dəqiqdir, hansı səsi çıxardıqlarını özləri də bilmir, onların hansı səsi çıxardığını yumşaldılmış ifadəylə izah etmək isə az qala mümkünsüzdür.
Məsələn, Şəbnəm Tovuzlu...
Şəbnəm Tovuzlu, yəni, Damla, Afət Telmanqızı, Miri Yusif, Üzeyir Mehdizadə, Nuri Sərinləndirici, Talıb Tale və s...
Hesab etmək olar ki, onlara karlar qulaq asır. Məsələn, müğənnilərin sosial şəbəkədəki fəaliyyətlərinə yazılan şərhlərin hamısı demək olar erotik mahiyyət kəsb edir və ya erotik məzmundadır, nəinki bunlar sənət müstəvisində olan qiymətləndirmələrdir.
Burada söhbət təkcə Şəbnəm Tovuzludan getmir, Şəbnəm burada sadəcə bir simvoldur və ya öz növünü təmsil edənlərin ümumiləşdirilmiş obrazı.
Əlbəttə, biz musiqi duyumundan məhrum xalq deyilik. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev kimi (illərlə təkrarlanan şablon siyahı) musiqi dahilərini öz aramızda yetişdirib üzə çıxaran xalq olmuşuq. İndi Şəbnəmin iniltisi meydan sulayırsa, burada bizi kar olmağa məcbur edən amillərin – daha çox məişət müstəvisində olan qayğıların müstəsna rolu var.
Bəli, biz musiqi duyumundan məhrum olmasaq da, hələlik Şəbnəm Tovuzlunun mövcudluğu bunu inkar edir. Buna görə biz hələ də,bir əsr əvvəl və ya nə vaxtsa yaşayıb-yaratmış bəstəkarlardan danışırıq. Şəbnəm yaranmış boşluqda yerbəyer olduqdan sonra musiqinin yenilənməsi haqda danışmaq az qala çətinləşib. Şəbnəm Tovuzlunun mövcudluğu musiqi haqda danışmağı bizə qadağan edir. Başqa sözlə, belələrinin mövcudluğu musiqi ətrafında gedən müzakirələrə erotik don geyindirib öz mahiyyətindən uzaqlaşdırır. Hələlik baş verənlər sənət müstəvisində deyil.
Niyə belə olduğu ilə yanaşı, musiqi sənətinin mahiyyət və əhəmiyyəti də bizə məlum deyil. Bundan narazı və narahat olmayan yeganə insan isə yenə Şəbnəmin özüdür. Təsadüfi deyil ki, artıq ona olan heyranlıq pərəstiş səviyyəsinə qalxıb. İnsan təbiəti ona pərəstiş edənləri özündən narazı salmağı qadağan edir. Yəni, niyə etiraz etməlidir?
Şəbnəm də məmnunluqla və xalqın sevgisini qazanmış fədakar sənətçi libasında kimsəni cin atına minməyə qoymur. İndi hərəmizə bir cin atı lazımdır ki, Şəbnəmi də bu atın quyruğuna bağlayıb səsinin bizə çatmadığı uzaqlara aparaq. Əks halda öz qələbə marışını oxuyub ona pərəstiş edən bu kütlə qarşısında zəfər bayrağını qaldırıb qışqıracaq:
“Amerika Avropanın paytaxtıdır”.
Belələri o qədər təhlükəli və qorxunc tiplərdir ki, öz əleyhinə olan hər şeyi asanlıqla xeyirlərini çevirə bilirlər. Ən adi tənqidlərin öhdəsindən belə hədələrlə gəlirlər. Əks hücumlardan o qədər asan yaxa qurtaracaqlarından əmindirlər ki, zəif təşkil edilmiş bu hücumları qatil instinkti – donuq təbəssümlə qarşılayırlar.
Halbuki Şəbnəm səhnəyə çıxanda bu qəribə mövcudluğun oxuması bizi güldürür, guya nə baş verdiyini anlamışıq və bu, əsl sənət deyil. Yəni onu gülməklə ələ salan bizlər həm də Şəbnəmin ən qızğın müdafiəçisiyik. Buna görə də onun dişi-dırnağı ilə qurduğu karyerasının gözlənilməz bir sonluqla başa çatması kimi bir qorxunc ehtimalı yoxdur. Çünki bilir ki, xalqın arasındadır və bu xalqın sevgisi onu yaşadır.
Gözləməyə dəyməz, o heç vaxt sənətin əsl mahiyyəti və əhəmiyyətini etiraf etməyəcək. Buna ehtiyacı yoxdur. Şəbnəmin sənətə yaxın-uzaqdan dəxli olmayan məşğuliyyəti, ona şöhrətin parlaq zirvəsində qalmaq üçün lazımdır. Habelə onun tarixdə qalmaq və ölümsüzlük kimi bir dərdi də yoxdur, heç buna can atmır. Çünki ona desən, çoxmilyonlu Antarktida xalqı səni sevir, o dəqiqə kameraya əl edib deyəcək ki, tezliklə çoxmilyonlu Antarktida xalqına konsert vermək üçün Antarktidaya gedəcək. Yəni, tarix onu maraqlandırmır, elə bilir ki, bu məsələni çoxdan həll edib.
Bəli, bu islaholunmaz “başsız atlı” bizim qara taleyimiz yox, öz seçimimizin mümkün nəticəsidir.