2 Oktyabr 2019 11:19
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maral Tahirqızının ölüm xəbərini eşidib pis oldum, sonra baxdım ki ölməyib, yenə pis oldum. Ona görə yox ki, ölümünü gözləyirdim, yox, bilirdim ki, boş söhbətdir. Xəbər yayılanda Şeytan qıdıqladı ki, fikir eləmə, düzələr – Şeytan əməlidir, indi hardadısa, böyürdən çıxacaq.

Elə də oldu, olsun – ölməsin...

Bir ara Nazim də “ölmüşdü”. Xatirə, Səyyad, Qədir də “ölmüşdü”, Gülşən də - indi də Maral...

Hacı haqda ümumiyyətlə, danışmaq istəmirəm. Özü bilər, əlbəttə, başqalarının da yerinə mən bilmirəm, amma Allah haqqı Hacının özü bilər.

Bir neçə il əvvəl adi - Nazimin tez-tez “öldüyü” günlərdən biri idi. Ölkə yasa batmışdı - arxasınca rəhmət oxuyan kim, “mərhuma” dost-qahmar çıxan kim, dərddən içməyə adam axtaran kim – camaat az qala müsəlləyə çıxa. Aləmin bir-birinə dəydiyi vaxt bir də gördüm, “rəhmətlik” dayanıb redaksiyanın ortasında. Qorxumdan içimi çəkib dedim, ey dili-qafil, bu nə dərddi belə düşmüşsən, ya o sağdı, ya mən ölmüşəm - Allah sən saxla. Gördüm yox, o da sağdı, mən də.

Bu minvalla ölən öldü, qalan qaldı, Nazim də müsahibəsini verib çıxıb getdi.

Bir də ki, nə məsələdirsə, elə həmişə müğənnilər “ölür”, ya da “öldürülür”. Özlərini də elə aparırlar ki, guya bu xəbərlərin yayılmasından xəbərləri yoxdur. Bunu bilmirəm, amma onu bilirəm ki, ehtiyatda olan həmin mərhumların özləri Əzrayılın ağuşundan əvvəl dəfələrlə həmin saytların künc-bucağında ölüb-diriləcəyini ovuclarının içi kimi bilir.

Niyə belə olur, niyə “ölməyə” və ya “öldürülməyə” meyllidirlərsə, bunu da bilmirəm, amma bir şey dəqiqdir ki, şöhrət azarına tutulmaq dəhşətli bir xəstəlikdir. Adamın olan-qalanını da əlindən alır, nə hörmət qoyur adamda, nə də can. Bunun bir gün gözlənilmədən unudulmağı – yaddan çıxmağı var, hörmətdən düşməyi, bir qara qəpik yiyəsi olmamağı var. Hər cürə bəlası var bu şöhrət azarının. Yəqin onları bu həyatın qara daşlarına tez-tez çırpan da elə bu şöhrətin titrək zirvəsidir. Görürlər ki saya salan yoxdur, özlərini o zirvədən aşağı atırlar - “ölürlər”.

Göz qabağında olmağın yolu, ölümdən keçir...

“Ölməyi”, özlərini “öldürtməyi” peşəyə çeviriblər, adətkar olublar. Birinin uşağı gedib raketə-zada qurşanıb göyə qalxanda, bizimkilər Əzrayılın ayağına yapışıb gündə min dəfə göyə qalxıb-düşür - ölümə qurşanıblar. Əzrayıl da bunların əlindən yerə gələ bilmir, bəndə yanında da utanır, Allah yanında da urvatsız olub. Adam gündə nə qədər ölüb-ölüb yerə girər? Bunlar isə “ölüb-ölüb” yerə də girə bilmirlər.

Əzrayılı da çaşdırıblar, neçə dəfə qapıdan qaytarıblar. Nə edirlər, nə etmirlər, o boyda Əzrayılı yoldan çıxarıb yaxın buraxmırlar – çiling-ağac oynayırlar Əzrayılla.

Desəm ki, bu problem təkcə bizdə var, yenə dərd yarı olardı. Tarkan da imkan olduqca “ölür”, Cenifer Lopez də ara-sıra dünyanın o tərəfinə boylanır. Alla Puqaçovanın nə qədər “öldüyünü” isə özü də bilmir – neçə dəfə Allahın özünü də çaşdırıb.

Nə bilim qəribdədir bu məşhurlar, bir əllərində halva, bir əllərində də xurma dolaşırlar bütün günü ortalıqda. Belə bir qəribə haldı da, adamın ağlına nə desən gəlir.

Pis çıxmasın, kimsənin ölməyini-zadını istəmirəm, mən yaratmamışam ki, mən də öldürəm və ya ölümünü arzulayam. Mənə nə pislikləri keçib? Heç nə. Bu boyda dünyadır - onlara da yer var, Əzrayıla da, ölümə də, Allaha da, Marala da. Amma nə bilim, adam gərək bir dəfə ölə.


Müəllif: Mənsur Rəğbətoğlu