4 Oktyabr 2019 11:08
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk filminə çəkilən Pərvin Abıyeva qala gecəsində media nümayəndələrinin suallarını cavablandırıb.

- Pərvin xanım, film çəkilişləri necə keçdi?

- Mənim üçün çox çətin… Bir həftə döyüş səhnələrini məşq etdim. Eləcə də çəkiliş prosesində çiyin və bel hissəmdə zədə aldım. Bir ay elə yaşadım.

- Filmdə türkiyəli aktyor Əli Sunal da çəkilib. Maraqlıdır, türk aktyorlarının kaprizləri vardı?

- Ümumiyyətlə, ulduzlar kənardan özündənrazı, hamıya yuxarıdan aşağı baxan kimi görsənirlər, amma real həyatda elə deyil. Ən azından işləyirsən, ünsiyyət qurursan, görürsən ki, elə deyil. Çox sadədirlər.

- Türk aktyorları ilə işləmək necə idi?

- Çox rahat. Orada aktyor üçün hər şey yaxşıdır. Geyim, yemək dərdi yoxdur. Düzdür, buradakı çəkiliş meydançalarında da hər şey yüksək səviyyədədir.

- Filmdən nə qədər qonorar almısınız?

- Qonararım az deyil, amma bu haqda məlumat verməməyimi xahiş ediblər.

- Türklər sizi aktrisa kimi hansı özəlliyinizə görə filmə dəvət etdilər?

- Bu şirkətlə üç ilə yaxındır işləyirəm. Onlar əsasən insani keyfiyyətlərimə görə mənimlə əməkdaşlıq edirlər. Bununla yanaşı, çəkiliş prosesində onlara çətinlik yaratmıram və işimi çox bəyənirlər.

- Çəkilişlər zamanı hansı problemləri yaşadınız?

- Qəşəng bir təpik yedim... Döyüş səhnələrində həqiqi döyüşçü ilə məşqlər edirdim. Gözlənilmədən təpik gəldi. Əsgər ayaqqabıları geyinmişdilər. Onlar da çox ağır olurlar. Arada nəfəsim kəsildi və bir anlıq elə bildim öldüm. Amma ona baxmayaraq döyüşə davam elədim.

- Türkiyədə aktyorluq dərsləri alırdınız.

- Bəli, artıq dərslərim bitdi.

- Bir neçə gün öncə Türkiyədə ayağınızdan əməliyyat keçirdiniz. Hazırda səhhətiniz necədi?

- Ayağımda əzələ bərkiməsi oldu. O hissəyə maye düşdü, əhəmiyyət vermədim. Sonra mənə problem yaşatdı. Türkiyədə zəlzələ baş verəndə əməliyyatda idim. Sonradan dedilər ki, sən əməliyyat zamanı zəlzələ olub. Allaha şükür edirəm ki, həkimlər məni orada qoyub qaçmayıblar.

- "Hareket sekiz" filminin İstanbulda da qala gecəsi baş tutdu. Orada necə keçdi?

- Türkiyədə buradakı kimi deyil. Mediadan çox işçi olmur. Sadəcə aktyorlar gəldi.

- Geyimləriniz çox müzakirə oldu. Tənqidlərə münasinətiniz necədi?

- Çox normaldır. Artıq tənqidlərə də alışmışam. Mən səhnə adamıyam və ona görə də normal qarşılayıram.

- Türkiyədə istədiyiniz nailiyyətlərə çatdınız?

- Türkiyədən mənə serial təklifləri də var. Düzü, qəbul etmək istəmirəm. Seriala çəkilsən, şirkətlə müqavilə bağlamalısan. Bu da az müddət deyil. Minumum iki il müqavilə bağlamalı və orada yaşamalısan. Mən qorxuram. İki həftədən artıq uzaqda qala bilmirəm.

- Bir müddət əvvəl Elgiz Əkbər Türkiyədə “Yemin” serialına çəkilən aktrisa Yağmur Şahbazovanın canlandırdığı ev qulluqçusu obrazını tənqid etmişdi. Buna münasibətiniz necədir?

- Onun haqqında deyilən iradları qəbul eləmirəm. Türkiyənin ən yaxşı kanalında çəkilən serialda oynayır. Əksinə, ona dəstək olmaq, yol açmaq lazımdır. Onun haqqında xəbərləri oxuyanda mənə xoş gəlmirdi. Elgiz Əkbər onun rolunu şişirtmişdi. Elgizin aktrisa haqqında dediyi sözlərdən sonra seriala baxdım. Elə bir şey yoxdur.

Fotolar Ceyhunundur


Müəllif: Rəqsanə Həsənova