7 Oktyabr 2019 14:24
4 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov Teleqraf.com-a müsahibə verib.

- Bir neçə gün öncə Lüksemburqda "Qarabağ"-"Düdelanj" qarşılaşması baş tutdu. Futbolçularımız qalib gəldilər. Ümumiyyətlə, futbolla maraqlanırsınızmı?

- Bütün sahələrdə – siyasətdə, idmanda, mədəniyyətdə Azərbaycanın qələbə qazanmasına sevinirik. Futbolla mən də maraqlanıram. Futbolçularımızın qalib gəlməsinə çox şad oldum. Orada xoşagəlməz hal yaşandı. Futbolçularımıza təşəkkür edirəm ki, səbrli oldular. Komandanın kapitanı bizim azarkeşlərə müraciət etdi. Stadionda nəsə xoşagəlməz hadisə baş versəydi, komandamız problemlə üzləşə bilərdi. Fikrimcə, Lüksemburqun idman nazirinin bizim futbolçulardan üzr istəməsi yerinə düşdü və emosiyalar sakitləşdi.

- Dostluq etdiyiniz futbolçu varmı?

- Mahir Mədətovu(Emreli) uşaqlıqdan tanıyıram. Yaxşı futbolçudur. Fəxr edirəm ki, Azərbaycanda tanıdığım futbolçular arasında belə gənclərimiz var.

- Rəhim Rəhimli Muz TV kanalına rəhbər təyin edildikdən sonra bir çox müğənnilərdən klip çəkdirməsini xahiş edir. Siz necə, klip çəkdirməyi düşünürsünüzmü?

- Rəhim Rəhimli mənə də müraciət edib ki, gəl sizə klip çəkək. Buna görə qardaşıma, dostuma təşəkkür edirəm. Nəinki mənə, digər müğənnilərə də deyir ki, gəlin sizə təmənnasız klip çəkək, avadanlıq var.

Eləcə də İTV-nin rəhbəri Balaş Qasımov sağ olsun. Bütün müğənnilərə deyir ki, yeni layihələrinizi kanalda təqdim edə bilərsiniz. Mən çox istərdim ki, mahnılarıma kliplərim olsun. Amma hələ elə bir fikrim yoxdur.

- Yaxın günlərdə Röya Ayxan İnstaqramda sizin səsləndirdiyiniz şeiri paylaşdı. Musiqi ilə şeirin sintezini düşünürsünüzmü?

- Kimsə şeir təqdim eləsə, böyük məmnuniyyətlə mən də edərəm. Röya dostumdur və yaxın günlərdə ona mahnı təqdim elədim. Həmin mahnını 2015-ci ildə Sərdar Ortaç da ifa edib. İnşallah Röya xanım mahnını ifa edəcək və 10 günə Bakıda klip çəkilişlərinə başlayacaq.

Röya ilə bizim yazışmalarımız var. O ərəfədə şeirləri göndərmişdim. O da İnstaqramda "Əziz dostum, son xahişim var sənə, Ona deyin xoşbəxtəm!" şeirini paylaşdı. Şeirin müəllifi Günel Truedir. Türkiyədə yaşayır, alman dili müəlliməsidir. Onu salamlayıram.

- Müsahibənizdə demişdiz ki, telefonunuzda heç bir xanım həmkarınızın əlaqə nömrəsini qeyd etməmisiniz. Bu nə dərəcədə doğrudur?

- Mənim telefonumda yalnız Röya Ayxan, Aygün Kazımova, Gülüstan Əliyeva, Lalə Məmmədova, Gülay Zeynallı, Tünzalə Ağayeva, Bahar Lətifqızının nömrəsi var. Heç vaxt müğənnilərə zəng etmirəm. Onlar mənə zəng edəndə adlarını yaddaşa verirəm. Amma nömrə istəyim və sair, belə şeyi xoşlamıram. Nə zaman zəng etsələr, canla-başla dəstək olmağa hazıram. Mən onlara şeir və təzə mahnıları göndərə bilərəm.

- Röya Ayxanla Aygün Kazımova eyni binada yaşayırlar. Siz küsülü olduğunuz hansı həmkarınızla qonşu olmaq istərdiniz?

- İnsana hara rahatdırsa, orada yaşayır. Röya xanımın, inşallah, Bilgəhdə bağ evinin təmiri bitəcək. Bizi də qonaq dəvət edib, orada iştirak edəcəyik. Röya xanım neçə illərdir şəhərin mərkəzində yaşayır. Onlar qonşu olacaqlarsa, lap yaxşı.

- Artıq bir ildir qonşudurlar.

- Mən deməzdim ki, Röya xanım Aygün xanıma görə, yaxud Aygün xanım Röya xanıma görə o binaya köçüb. Ola bilsin, bina xoşlarına gəlib... Bəlkə böyük dostluq münasibətləri var?

- Yox, küsülüdürlər...

- Mən bunu bilmirdim. Amma çox istərdim ki, münasibətləri yaxşı olsun. Onların hər ikisini çox istəyirəm. Bizim binada Fidan və Xuraman Qasımova bacılarının da evi var.

- Ədalət müəllim, sizin hansısa həmkarınızla küsülü olduğunuz haqda mediada heç vaxt məlumat getməyib. Səbəb nədir?

- Hər kəs adamına görə davranır. Heç kimin xətrinə dəyməmişəm. Çoxu da mənə hörmət edir. Deməli, hörməti sözümüzlə, dəqiqliyimizlə, adımızla qazanmışıq.

- Daim İnstaqram səhifənizdə rütbəli şəxslərlə fotolar paylaşırsınız. Deyəsən, məmur dostlarınız çoxdur.

- Mənim üçün dostlarımın harada çalışması fərq eləmir. Məmur da ola bilərlər. Dostlarım sırasında məhəllə uşağı, sürücü və bağban da var. Bu, normal haldır. Əlbəttə ki, məmur dostlarım çoxdur. Mən fəxr edirəm ki, onlarla dostluq edirəm. Tutduqları vəzifəyə görə dost deyilik ki... Daim çalışmışam ki, heç kimə işim düşməsin. Bu günə qədər heç kimə şəxsi məsələ ilə bağlı ağız açmamışam.

- Hansısa məsələyə görə kiməsə müraciət etməmisiniz?

- Yalnız həmkarlarıma görə müraciət etmişəm. Dostlarım sırasında generallar, nazir müavinləri və prezident aparatında çalışan dostlarım var. Yenə deyirəm, heç kimlə vəzifəsinə görə dostluq etmirəm. Eləcə də bilsəm kimsə məni populyar müğənni olduğuma görə evinə dəvət edir, getmərəm. Heç vaxt həyat yoldaşımı oraya aparmaram. Əgər məni Ədalət Şükürov kimi evlərinə dəvət edirlərsə, fərqi yoxdur, kim harada işləyir, həyat yoldaşımla evinə gedirəm və deməli əsl dostluq budur.

- Ədalət müəllim, sizin həqiqətən Ayda torpağınız var? Bəzi insanlar inanmırlar.

- Bəli, Ayda torpağım var. Bir çox insanların Ayda torpağı var. Mənə torpağı Sankt-Peterburqdan dostlarım hədiyyə edib. Sənədləri də var.

- Sizi mediada açıqlamalarınıza əsasən mühafizəkar ailə başçısı kimi tanıyırıq.

- Bəli, hər bir kişi ailəsini qorumalıdır. Oraya heç kimin daxil olmaq ixtiyarı yoxdur. İncəsənət adamlarının hansısa suala cavab verməmək hüququ var. Ona görə də elə suallar var ki, cavab verə bilmərəm. Müğənni var, ailəsini göstərir. Bu onun şəxsi istəyidir, normal qarşılayıram. Adam da var, istəmir. Hər bir kişi öz ailəsini hər şeydən qorumalıdır. Bunu da çalışdığımız qədər edirik.

Əminəm ki, oğlum Emin də atasının yolu ilə gedəcək, ailəsini qoruyacaq. Çalışacaq ki, evdə olan şəxsi iş məxfi qalsın. Adım olmadan qızımın özü işə düzəlib. Sonra biliblər ki, Ədalət Şükürovun qızıdır. Qızım Xarici Dillər Universitetində təhsil alan zaman heç kim bilmədi ki, qızımdır. Həyat yoldaşım İqtisad Universitetində dərs deyir. Eləcə də heç kim bilmir ki, həyat yoldaşımdır. Emin üçüncü kursda oxuyanda onun oğlum olduğunu bildilər. Bu il Bakı Dövlət Universitetində magistraturaya daxil olub. Ona görə uşaqlarımla fəxr edirəm.

- Hazırda qızınız dövlət işində çalışır? Bir müddət öncə mağaza da açmışdı.

- Mağazası da var idi. Başqa bir şirkətdə də işləyirdi.

- Ümumiyyətlə, həyat yoldaşınızla hansısa məclisə gedirsiniz?

- Əlbəttə, yaxın adamların məclisinə gedirik. Amma bacardığım qədər çalışıram ki, kameraya düşməyək.

- Müsahibənizin birində qeyd etmisiniz ki, susan qadınlar müdrikdirlər. Bu söz bütün susan xanımlara aiddir?

- Ağıllı və müdrik olmaq başqa mənaları kəsb edir. Qadın ağıllı olmalıdır. Ağılını da kişinin yanında göstərməməlidir. Kişilər onu xoşlamır. Ona görə nəsə soruşsalar cavab versin, əks halda sakit qalsın. Amma özünü ağıllı göstərməyə çalışarsa, bu heç bir kişinin xoşuna gəlməyəcək.

- Varlı olmağın düsturu nədir, sizcə?

- Adamın iki evi, bir bağ evi və üç maşını varsa, o, varlıdır? Müğənni var beş avtomobili, beş evi var. Mənim nə mağazam var, nə də ofisim...

Fotolar Ceyhunundur


Müəllif: Rəqsanə Həsənova