24 Oktyabr 2019 13:30
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur komediya aktyoru Fərda Xudaverdiyev (Amin) Teleqraf.com-a müsahibə verib.

- Fərda bəy, “Xəzər" telekanalında yayımlanan "Comedyxana” verilişi ilə hər şənbə günü tamaşaçıların qarşısına çıxacaqsınız...

- Bəli, bu həftə ikinci verilişimizi təqdim edəcəyik. İki gündür sözün əsl mənasında yatmaq nədir bilmirik. Həftəlik proqramların serialdan fərqi ondadır ki, hər şey 40 dəqiqədə səhnədə baş verir. Mətnin impovizasiyası və s.

- Çəkilişlər zamanı səhnədə unutduğunuz nəsə olur?

- Əslində unutduğum yox, əlavələrim olur. Təqdim etdiyimiz zarafatın qarşılığını tamaşaçı alqışı ilə alanda daha yaxşı oynayırıq. "Comedyxana”nın çəkilişləri Gənc Tamaşaçılar Teatrının 250 nəfərlik zalında baş verir. Zalı dolması çox sevindirici haldır. İnşallah, yüksələn xətt üzrə davam edərik. Bir zamanlar tamaşalara baxanda o qədər insan olurdu ki, pillələrdə otururduq. İnanıram ki, o zaman yenidən gələcək.

- Bəs, “stendap” şoularınızı olacaq?

- İnşallah, dekabrın 28-də Heydər Əliyev adına Sarayada konsertimiz olacaq.

- Məşhur şoumen Cem Yılmaz Bakıda “Diamond Elite Platinum Plus” “stendap” şousu ilə Bakı Konqres mərkəzində konsert proqramı ilə çıxış edəcək. Onun konsertinə gedəcəksiniz?

- Xoş gəlir, səfa gətirir. Dəvət etməsələr, getməyəcəm.

- Bilet də alıb getməyəcəksiniz?

- Xeyr. “Yutub”da yerləşdirildikdən sonra konserti izləyərəm. Cem Yılmazı Bakıya gətirən insanlara demək istəyirəm ki, Allah cibinizi bol eləsin.

- Konsertin biletlərinin qiyməti çox yüksəkdir...

- Cem Yılmaz üçün o pulu verməyə dəyər. Əslində ona bu dəyəri verən jurnalistlər və tamaşaçılardır. Onun sənətini lazımınca dəyərləndiriblər ki, o da bu qiymətlə səhnəyə çıxır. Cem Yılmazı ölkəmizə gətirənlər mən olmasam belə “stendap” janrında çıxış edən iki-üç nəfəri konsertə dəvət etsələr yaxşı olar.

Görsünlər ki, bizdə də bu janrın nümayəndələri var. Səhnəyə dəvət etməyə ehtiyac yoxdur. Sadəcə ön sırada oturub izləsinlər.

- Cem Yılmazı dəvət edən şirkətlə əlaqə saxlaya bilərsiniz. Siz Azərbaycanın Cem Yılmazı hesab edilirsiniz.

- Kimə demək olar ki, məni niyə çağırmırsan? Biz ora dəvət olunmalıyıq. 25 ildir ki, səhnədəyəm. Monoloqumuz, “stendap”larımız var. Bunu kənardan görməlidirlər. Necə ki, tamaşaçılar görürlər, dəyər verirlər.

- Fərda bəy, sənətdə çox fədakar və zəhmətkeş insansınız. Hərdən pessimist çıxışlarınız olur. Bir müddət əvvəl səhnədən getmək qərarı vermişdiniz. Bu nə ilə bağlıdır?

- Bu elə o fədakarlıqdan, duyğusallıqdan irəli gəlir. Müəyyən hadisələr baş verdi ki, o cür hallar yaşadım. Amma şükür Allaha, hazırda hər şey yaxşıdır. Həftəlik proqram aparıram, Heydər Əliyeva adına Sarayda “stendap” şoumuz olacaq. Tamaşaçılarımdan yığdığım enerji ilə daha da yaxşı olacam.

- Kimin dəstəyi sizi bu vəziyyətdən çıxmağa kömək etdi?

- Psixiloq Elnur dəstək oldu. Onunla bu gün də ailəvi dostluq münasibətimiz var.

- Bəlkə yorğunluq hiss edəndə istirahətinizə vaxt ayırasınız...

- Bəli, özünə zaman ayırmaq lazımdır.

- Yaxın günlərdə “Niyə” filmi təqdim ediləcək. Başqa filmlərdən sizə təklif varmı?

- Bəli, komediya janrında çəkilən “Niyə” filminin noyabrın 21-də qala gecəsi baş tutacaq və kinoteatrlarda nümayiş olunacaq. Başqa iki filmimiz də var. Hazırda onların üzərində iş gedir.

- Fərda bəy, şəxsi həyatınızda da problem yaşadınız. Hazırda vəziyyət necədi?

- Şəxsi həyatım haqqında danışmaq istəmirəm.


Müəllif: Rəqsanə Həsənova