28 Oktyabr 15:24
960

Əməkdar artist Nigar Şabanova “Hər şey daxil” verilişində Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasında Leylini oynamaq üçün ondan 4000 manat rüşvət istənildiyini iddia edib. Hətta o, xalq artisti Gülyanaq Məmmədovanın da Leyli oynamaq üçün pul verdiyini vurğulayıb.

Məsələ ilə bağlı Opera və Balet Tetarın mətbuat xidməti Teleqraf.com-a açıqlama təqdim edib. Açıqlamada yayılan məlumatların əsassız olduğu bildirilib: “Bu gün Mənsum İbrahimov, Gülyanaq Məmmədova “Xəzər” televiziyasında “Hər şey daxil” verilişində qonaq oldular və bildirdilər ki, Opera və Balet Teatrının səhnəsində ancaq istedad önəmlidir.

Nigar Şabanovanın yaxşı səsi var, peşəkar vokalçıdır. Bir dəfə “Leyli və Məcnun” operasında oynayıb. Amma onun obrazı muğam ifaçıları tərəfindən bəyənilməyib. Leylini oxumaqla yanaşı həm də obrazı canlandırmaq lazımdır.

İkinci dəfə oynamaq üçün müraciət edəndə ona kommersiya əsasında tamaşada oynaya biləcəyi cavabı verilib. O zaman sənəd təqim edilir ki, kommersiya əsasında tamaşada oynaya bilər. Bizim teatrda elə tamaşalar var. Biletdən əldə edilən gəlir də ona çatır. Amma məbləğ 4000 manat deyil”.

Xalq artisti Gülyanaq Məmmədova da saytımıza açıqlamasında Nigar Şabanovanın sözlərini yalanlayıb: “Mən, Mələkxanım Əyyubova və bir neçə sənətkar Leyli obrazını öz istəyimizlə oynamışıq. Yalandan teatrın rəhbərliyinə böhtan ata bilmərəm.

1993-cü ildən Leyli obrazına təklif alırdım, amma 2014-cü ildə oynadım.

Məndən pul alınmayıb. Hətta oynadığım tamaşaya görə 400 manat qonarar almışam. Mənim Leylim çox bəyənildi. Həmin vaxt iki aydan sonra təkrar Leylini oynadım. Pul məsələsi mənə gülünc gəlir. Olmayan şeyi deyə bilmərəm. Nigarın özü bilər. Amma yalandan kiməsə böhtan ata bilmərəm”.


Müəllif: Rəqsanə Həsənova