31 Oktyabr 2019 11:37
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Murad Dadaşov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Murad bəy, artıq "Maşın" realiti-şounun növbəti buraxılışı bitdi. Yeni layihələr edəcəksiniz?

- "Maşın" şounun ən pik nöqtəsindəyik və bu şou ilə ayrılırıq. 2020-ci ildə yeni layihələrə başlayırıq. "MGP" şirkəti maraqlı layihələr təqdim edəcək. Azərbaycan səhnəsində yalnız "Maşın" şou ilə qalmaq istəmirəm.

- Yeni layihələrinizin formatı necə olacaq?

- Hazırda maraqlı realiti-şou düşünürük. Büdcəsi "Maşın" şoudan qat-qat bahalı olacaq. Ola bilsin ki, ilk verilişin iştirakçıları məşhurlar yox, sıravi vətəndaşlar olsun. Ondan sonra bir neçə layihəmiz olacaq. "Mərc” şou mənim ən sevdiyim layihə idi. Onu yenidən bərpa etmək istəyirəm. Üç aparıcı nəzərdə tutulub. Aparıcılardan biri artıq dəvəti qəbul edib.

- Verilişləriniz ATV kanalında yayımlanacaq?

- Yalnız ATV deyil, bütün kanallarda yayımlana bilər. Hətta “You Tube” kanalında da ola bilər. Yeni il öncəsi mətbuat konfransı keçirəcəm və yeni layihələrimi təqdim edəcəm.

- Aparıcılar yeni simalar olacaq, yoxsa tanınmış aparıcılarla işləyəcəksiz?

- Yeni simalar olacaq. Amma yeni simaları göydən endirə bilmərəm. Əlbəttə ki, tanıdığınız aparıcılar olacaq.

- Murad bəy, müğənni Rəqsanə İsmayılova "Maşın" şou haqda müəyyən iradlar səsləndirdi. Aparıcı Kəmalə Piriyevanın əlini maşından götürməsi və oyundan çıxarılmamasını iddia etdi. Onunla şou bitdikdən sonra danışdınızmı?

- Rəqsanə İsmayılovanı çox istəyirəm. O mənim əziz dostumdur. İlk növbədə anadır. Qızı Aysun İsmayılovanın şoudan getməsinə üzüldü. Amma mənim üçün dəyərli insandır. Bilmirəm, mənim övladım "Maşın" şouda iştirak etsəydi, özümü necə aparardım. Bəlkə mən də belə reaksiya verərdim.

- Veriliş haqqındakı iddialar sizə necə təsir edir?

- "Maşın" şounun 14 illik tarixi var. Orada çox insan iştirak edib. Saxtakar şou olsaydı, deyərdilər. Kimsə məni özündən çox istəyə bilməz. Əlbəttə ki, müğənnilər məndən çox özlərini sevirlər. Ora gələnlər də şou və öz qazancları üçün gəlirlər. “Maşın”da qayda pozuntusu ola bilməz. Hamı mənim üçün eynidir və əzizdir. Kiminsə qayda pozuntusuna göz yuma bilmərəm. Şoudan elə adamlar çıxdı ki, oyunda qalsaydı, partlayış olardı.

- Yeni layihələriniz də sms vasitəsi ilə olacaq?

- Əslində sms-i yığışdırmaq istəyirəm. Ondan heç kim qazanc əldə etmir. Hətta səslərin faizi də azdır. Amma ümumi səsvermə təklif edilsə, mən ona razıyam.

Yaxşı aparıcıyam, amma daha yaxşı prodüserəm. Kadr arxasında daha maraqlı işlər edərdim. Sadəcə, vaxta görə çatdıra bilmirəm. Məsələn, övlad inkişaf etməsə, həmin insanın valedeyinliyi şübhə altındadır. Mən hesab edirəm ki, layihə də elədir. Hər bir işimə çox həssas yanaşıram. Sadəcə komandamız yeni adam gəlməsini istəmir. Hətta deyirlər ki, onlar gəlsə, işdən çıxırıq. Deyirəm ki, o adamla deyil, mənimlə işləyirsiniz. Mən çəkiliş meydançasında aparıcıyam. Layihənin rəhbəri Toğrul Məmmədovdur. Baxmayaraq ki, şirkət sahibiyəm. Çəkiliş meydançasında onlar mənə nə deyirlər, onu edirəm. Çünki o anda layihəyə cavabdeh şəxslər onlardır. Düzdür, birlikdə məsləhətləşirik.

- Film çəkməyə nədən ara verdiniz?

- Kino sahəsinin gəlirli olmasına inanmıram. Mən sahibkaram. “Bayram axşamı” filminə qoyulan gəliri çıxara bildik, amma qazana bilmədik. Kino layihəmiz hələ ki, nəzərdə tutulmayıb. Amma sifariş etsələr, ola bilər.


Müəllif: Rəqsanə Həsənova