Türkiyəli məşhur komediya aktyoru Cem Yılmazın xalq artisti Mir Yusif haqqında “Bir həftə burada qalsam Miri Yusif kimi xalq artisti olaram” deməsi ölkəmizdə səs-küyə səbəb olub.
Bu məsələyə münasibət bildirən Miri Yusifin prodüseri Emin Əfəndi Teleqraf.com-a açıqlamasında Cem Yılmazın fikirlərini zarafat kimi qəbul etdiklərini deyib: “Cem Yılmaz bir-iki il öncə Miri Yusifin mahnılarını paylaşmıdı. Mir Yusifi konsertinə iki həftə öncə şəxsən özü dəvət etmişdi. Cem Yılmaz səhnə adamıdır və zarafat edib. Əslində bu onun məlumatlı olduğunu göstərir.
O insan səhnədə Sezen Aksu, Kadir İnanır, Acun Ilıcalı ilə də zarafat edib. Onlar inciyiblər? Xeyr. Zarafatı zarafat kimi qəbul edirik.
Mir Yusif ilə Cem Yılmaz konsertdən sonra görüşdülər. Hətta Cem Yılmaz sözlərinə görə səhnədən üzrxalıq etdi ki, camaat fikrimi düzgün anlamayıb”.
Cem Yılmaz səhnədən Miri Yusif haqqında səsləndirdiyi sözlərə münasibət bildirib: “Mənə sual verdilər. Dedim ki, “Bir həftə Bakıda qalsam xalq artisti olaram”. Məni dünəndən döyürlər (gülür). Qonaqlarımı salamlayıram. Miri Yusifi və İradə İbrahimovanı çox sevirəm. Sağ olun, var olun”.
Qeyd edək ki, Cem Yılmaz Bakı Konqres Mərkəzində iki günlük konsert proqramı ilə çıxış edib. O, konsertdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən “Bir həftə burada qalsam Miri Yusif kimi xalq artisti olaram” deyib.