“Efirlərdə tez-tez görünmürəm. Yeni mahnı və layihə təqdim edəndə efirə çıxmağa çalışıram. Yaxşı verilişlər də azdır. Düzünü deyim ki, seçim edirəm. Qalmaqaldan qaçıram. Bir-iki dəfə adım qalmaqalda hallandı. Heç vaxt o yolla fanatlarımın haqqımda danışmasını istəməmişəm. Bu məsələri kamera arxasında həll etməyə çalışmışam”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
“Günay İbrahimli şiddət görübmü?” sualına müğənni belə cavab verib: “Elə böyük şiddət görməmişəm. Valideynlərim uşaq vaxtı məni danlayıblar. Amma əsl şiddət kişi-qadın münasibətindəki problemlərdir. Şiddət yaşasam gizlətmərəm. Çünki kompleksli insan deyiləm.
Qadınlara əl qaldırmaq yaxşı hal deyil. Məncə, problemi həll etməyin başqa yolları da var. Münasibətdəki problemləri isə birtəfəli dinləmək lazım deyil. Əlbəttə, hər iki tərəf özünə haqq qazandıracaq. Amma kişi qadına əl qaldırıbsa, mən bu şiddətə qarşıyam. Şiddətə yox demək lazımdır. Ağsaqqalar müzakirə etməlidir. Əgər alınmırsa, boşanmaq lazımdır”.
“Milli Məclis buraxıldı. Bir neçə müğənnilər deputatlığa namizədliklərini irəli sürməyə başladılar. Buna münasibətiniz necədir?” sualına cavabda müğənni deyib ki, kimlər namizədliyini irəli verir sə, xeyiri uğurlu olsun: “Mənim hələ belə fikrim yoxdur”.
Şəxsi həyatından danışan Günay İbrahimli ailə quracağını da deyib: “İnşallah, ailə həyatı quracam. Hələ ki vaxtı bilmirəm”.
Müğənni konsert verəcəyini də açıqlayıb: “Konsertə hazırlaşırıq. Hələlik məkanı dəqiqləşdirməmişik”.