1 Dekabr 2019 09:47
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Elektra Events Hallda türkiyəli müğənnilər Ersay Üner və Fəridə Hilalın iştirakı ilə baş tutan konsertdə səhnəyə çıxıb.

Teleqraf.com xəbər verir ki, Xalq artisti Röya Ayxan konsertdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb:

- Sizi Xalq artisti fəxri adına layiq görülməyiniz münasibəti ilə təbrik edirik.

- Xalq artisti fəxri adına layiq görüldükdən sonra sizi görməmişdim. Hamıya təşəkkür edirəm. Fəxri ad aldıqdan sonra yerim möhkəmləndi, məsuliyyətim daha da artdı. Məsələn, bir çox şeylərdən qorxurdum, amma indi onları həyata keçirmək üçün stimul yarandı. İnşallah gələn il yeni layihələrimiz olacaq.

- Bu il fəxri ada layiq görüləcəyinizi gözləyirdinizmi?

- Xeyr, gözləmirdim.

- "Altın Kelebek" mükafatlandırma mərasimi ilə bağlı nə deyə bilərsiniz?

- "Altın kelebek" ödülü hər il ölkəmizdə olacaq. Mənə nə zaman müraciət edilirsə, heç vaxt "yox" demirəm. Kim Türkiyəyə getsə, vaxtım olarsa onunla birlikdə gedərəm. Hətta mükafatı təqdim etməyi çox istəyərdim.

- Yenidən sizin qalib gəlməyinizi istəyirlər...
- Bəli, məni də çox istəyirlər. Mən Sevda Yəhyayevanı dəstəkləyirəm. Oksana Rəsulovanı və Pərvin Abıyevanı da dəstəkləyirəm. Hər biri mənim üçün əzizdirlər. Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanovun iştirakından xəbərim yox idi. Kim Türkiyəyə getsə, onunla getmək istəyərəm. Kaş ki buna vaxtım olsun. Həmişə mükafat alanda getməməliyəm, mükafatı alanın da yanında olmalıyam.

- Röya xanım, sizin fəxri ad almağınızı bəzi həmkarlarınız birmənalı qarşılamadı.

- Adını belə eşitmədim. Onlar onsuz da qorxurlar. Üzbəüz gələndə qucaqlayırlar, öpürlər. Ay mənim əzizim, canım-ciyərim və s. deyib təbrik edirlər. Mən buna Allahın hədiyyəsi kimi baxıram. Bəlkə onlar gözlədiklərinə görə baş vermir. İnsan bir şeyi çox gözləyəndə olmur. Məsələn, Ədalət Şükürovla oturmuşduq. Gecə ilə qərara gəldim ki, onun mahnısını tək oxuyum.

- Sosial şəbəkədə Baloğlan Əşrəfovun da mahnısını paylaşmışdınız.

- Mən onu çox sevirəm. Bizim valideynlərimiz Baloğlan Əşrəfovu, Niyaməddin Musayevi çox seviblər. Anam Niyaməddin Musayevə görə adımı Röya qoyub. Baloğlan Əşrəfovun sənətini çox sevdiyim üçün "Ay uçan quşlar" mahnısını başqa tərzdə ifa etmişik. Onu 2020-ci ildə təqdim edəcəyik.

- Konsert olacağını dediniz.

- Mən konsert verməyi çox istəyirəm. Amma bunun üçün çox böyük vəsait lazımdır. Hazırda oğlum və evimlə məşğulam. Neçə ildir ki, evim tikilir. Altı ay işləyirik, altı ay iş yoxdur. Bir az dayanır, bir az gedir. Bilirsiniz ki, böyük ailəm var.

- Qardaşınız İsmayıl bəylə duet gözlənilirmi?

- Bilmirəm, onun dünyası başqadır. Əsgərlikdə bura gəldi. Kişiyə dəstək lazımdır. Öz oğlumdan bilirəm. Oğlun varsa, ona təhsil verəcəksən. Qadın o qədər güclüdür ki, öz yolunu seçib bir yana çıxır. Mən özüm sürünə-sürünə xahiş edirdim ki, mənə toy verin. Amma onun üçün mən varam. Dedim ki, iki il sənin şirkətinə pul verəcəyəm. İki ildən sonra anam zəng edib, heç nə istəməyəcək, qardaşım. Mən onun sevinc göz yaşlarını görəcəm. On ildən sonra sizi dünyaya gətirib. Bütün anaların da gözünün şahı oğlanları olur. Anama deyirəm ki, o oğlun, o da sən. Mən onu qaldırıram. O da işləsin sənə baxsın. 30 ildir ki, mən baxıram, bir az da o baxsın. Hazırda Türkiyədə tanıdığım insanlar İsmayıl üçün çalışırlar.

- Millət vəkilləri deyirlər ki, müğənnilər 15 minə toya gedirlər, amma 30 manat vergi ödəyirlər. Buna münasibətiniz necədir?

- Bizim vergimiz 30 manat deyil, reklamlara da çəkilirik. Köçürmə bank vasitəsi ilə olduğu üçün hamı nə qədər qazandığımızı bilir. Hörmətli millət vəkillərimizə demək istəyərdim ki, gündə dörd toya gedirəmsə, onun ancaq ikisi işə, makiyajıma, geyimə, birlikdə çalışdığım insanlara gedir. Nə qədər vergi təyin edilibsə, onu ödəyirik. Əgər bir problem varsa, onu aşkarlasınlar, az ödəyiriksə, çox verək.

- Deyilənə görə əks təqdirdə ev, maşını alına bilər...

- Mən elə şeylərə inanmıram. Biz artıq elə bir dövrdə yaşayırıq ki, hər şeydən xəbərdarıq.

- Türkiyə şou-biznesinə qatılmağı təxirə saldınız. 2020-ci ildə bu yenidən gözlənilirmi?

- Türkiyə şou-biznesinə qatılmağı təxirə salmamışam. Onsuz da orada da o işi görsəm mənə cavabı ölkəm verir. Çünki mən sizin müğənninizəm. Məni orada efirdə gedir, burada daha çox bahalaşıram. Bu da lazımdır. Mən özümü Türkiyənin mediasında tanıtdırmaq istəyirdim, bunu da etdim.

- Röya xanım, xalq artisti Afaq Bəşirqızının sosial şəbəklərdə millət vəkili olması üçün kampaniyalar başlayıb. Buna münasibətiniz necədir?

- Mən çox istəyirəm ki, Afaq Bəşirqızı bizim millət vəkilimiz olsun. Çünki bizim sözümüzü çatdıracaq adamın olması lazımdır.

- Həmkarlarınızın da millət vəkilliyinə namizdəliyi gündəmdədir. Faiq Ağayev də namizədiyini irəli sürəcək.

- Millət vəkilliyinə namizəd olsunlar.

- Siz də gələcəkdə millət vəkili olmaq fikriniz varmı?

- Xeyr, millət vəkili olmaq istəmərəm. Mən yerimdən məmnunam. Kim istəyir, millət vəkili olsun.


Müəllif: Rəqsanə Həsənova