2 Dekabr 2019 14:00
2 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Teleqraf.com-un suallarını cavablandırıb.

- Saç rənginizi dəyişmisiniz. Qara saçlı Brilliant xanımı indiyə kimi sarı saç ilə görürdük.

- “Gözəllik dünyanı xilas edəcək” verilişində saç rəngimi tez-tez dəyişirdim. Amma bu dəfə saçımı qara rəng elətdirdim. Mənim nə sarı saç, nə də qara saç xoşuma gəlir. Özümü heç vaxt bəyənməmişəm. Bu mənim xasiyyətimdir.

- Brilliant xanım, Türkiyədə tanıtım işləriniz necə gedir? Orada "Para Para" klipini təqdim etmişdiniz.

- Piar çox gözəl gedir. Mahnım bütün radiolarda səslənir. Türkiyədə 80-ə yaxın radioda qonaq oldum, məni çox gözəl qarşıladılar. Tamaşaçılar mahnım haqqında çox gözəl fikirlər bildirdilər.

- Türkiyə şou-biznesinə qatılmaq üçün yüksək maddi vəsait tələb olunur. Bunu necə tənzimləyirsiniz?

- Bu dəfə pul xərcləmədim. Çünki Türkiyədə Kamal Aslanla müqavilə bağlamışam. Klipi də onun şirkəti çəkdi. Bütün xərcləri həll etdilər.

- Bir müddət əvvəl bağ evinizi satışa çıxarmışdınız. Sata bildinizmi?

- Hələ ki satılmayıb. Kömək edin sataq (gülür).

- Yaxın günlərdə xalq artisti Məleykə Əsədova da villasını satmaq üçün “makler”ə müraciət edib.

- Mənim bağ evim Məleykə xanımın bağ evi kimi deyil.

- Brilliant xanım, populyarsınız. Neçə ildir sənətdəsiniz. Hansısa sahəyə yatırım etmisinizmi?

- Yatırımlarımı ömür boyu paltarıma, makiyajıma, mahnılarıma xərcləmişəm. Özünüz gördünüz ki, 18 mini Türkiyədə verdim. Qazandığım pulumu sənətimə və ailəmə xərcləmişəm. Söhbət oğlum və həyat yoldaşımdan getmir, bacılarım, uşaqları, ailələri və başqaları da bura daxildir.

- Bir müddət əvvəl oğlunuzun şou-biznesdə olan xanımla evlənməsini istəmədiyiniz qeyd etdiniz...

- Xeyr, mən elə fikir bildirməmişəm, mən şou-biznesdə deyiləm. Mən Şövkət Ələkbərovanın səhnədə olduğu sənətə gəlmişəm. Şou-bizneslə sənəti səhv salmaq düzgün deyil. Özüm də sənətdəyəm. Oğlum sənətdə olan bir qızı bəyənsə, niyə də olmasın, rəssam, skripkaçı, müğənni… Amma sənət sahibi olsun. Yalandan boş-boğaz olmasın.

- Brilliant xanım, oğlunuz üçün iş tapma bilmədiyinizi də qeyd etmişdiniz...

- Oğlum özü iş tapıb. Amma mən başqa yerə müraciət elədim. Çünki onun işi təhsil aldığı səviyyəyə uyğun deyil. Gördüm ki, səsimi çatdıra bilmirəm, susdum. Ona Türkiyədə iş təklif etdilər, getmədi. Deyir ki, mən milyon da qazansam Türkiyədə qalmaq istəmirəm. O, Azərbaycanda qalmaq istəyir. Amma mən orada qalmasını istəyirdim. Çünki Türkiyədə daha yaxşı işdə işləyəcək.


Müəllif: Rəqsanə Həsənova