6 Dekabr 2019 11:04
279

"Bu Şəhərdə" komandası “CinemaPlus”da "Şabaş" adlı filmini təqdim edib.

Filmin ssenari müəllifi Müşfiq Abbasov Teleqraf.com-a açıqlamasında film haqqında bu sözləri deyib: “Çəkilişlər yayda baş tutdu. Altı ay ərzində ərsəyə gəldi. Ümid edirik ki, tamaşaçıların xoşuna gələcək və insanlar ailələri ilə gəlib rahat şəkildə izləyəcəklər. Bu filmdə neqativ heç nə yoxdur. Digər komediya filmlərindən fərqi ondadır ki, sırf ailəvi filmdir.

Burada çəkilən aktyorların hamısı peşəkardır. Filmin büdcəsi 200 minə başa gəldi. Bu normaldır. Azərbaycanda 400-500 min büdcəsi olan filmlər var”.

Filmdə baş rolları əməkdar artislər Coşqun Rəhimov və Rəfael İsgəndərov canlandırıb.

Coşqun Rəhimov film başlamazdan öncə “Hər işdə gərək məsuliyyəti dərk edəsən. Xoş gəlmisiniz və əsas odur ki, hara gedirsinizsə, xoş ayrılasınız. Necə ki, bizim filmdə xoş ayrılacaqsınız” deyib.

Rəfael İsgəndərov da filmin qalasında iştirak edən qonaqlara təşəkkür edib.

Qeyd edək ki, ekran əsərində əməkdar artistlər Allahverdi Yolçuyev, Naidə Orucova və bir çox tanınmışlar iştirak ediblər.

Foto: Pərviz Həşimi


Müəllif: Rəqsanə Həsənova